Nə oldu, bəs Ilham Əliyev deyirdi Azərbaycan Misir deyil?

02.03.2012

Elnur Astanbəyli

Dünən hamının diqqəti Qubaya yönəlmişdi. Mənimsə fikrim hələ də Münhendə qalmışdı. Bilirsiniz, təzəlikcə orada keçirilən bir tədbirə qatılan Ilham Əliyev “Azərbaycan Misir deyil” bəyanatı səsləndirmişdi. Biz möhtərəmin bu sözlərinə gərəkən cavabı verdik. Amma bu bəyanata ən doğru, ən layiqli, ən gərəkən cavab dünənki Quba üsyanı idi. Bu ölkədə bıçağın sümüyə dirəndiyinin…
Səbr kasasının daşmağa başladığının…
“Analoqu olmayan inkişaf”, “regionun lider dövləti”, “1 milyon iş yeri” kimi yalanların yerimədiyinin…
Narazılıqların tavana dırmaşdığının…
Insanların bunca məmur heyvərəliyinə, çirkin idarəetməyə, bunca soyğunçuluqlara, talançılıqlara, zülmə dözüm limitinin qalmadığının isbatı idi. Daha Misir olmağın qaşı-gözü olmur ki? “Misir” elə belə olur də, başqa necə olur ki? Başında palıd ağacımı olur “Misir”in? Axı anlamaq o qədər çətindirmi ki, çağdaş dünyada harda harınlıq var, heyvərəlik var, talançılıq var, haqsızlıq var, ədalətsizlik var, zülm var, işgəncə var, ora Misirdir. Bu gün də Misir deyilsə, sabah, birigün Misirdir ora. Azərbaycan da həmçinin. Başqa variant yoxdur. Əminəm ki, heç olmasa, dünən Qubada baş verənlərdən sonra Ilham Əliyev oturub düşünəcək və Azərbaycanı hansı yerlərə gətirdiyinin, ölkəni necə bir zülm bataqlığına gömdüyünün fərqinə varacaq. Başa düşdünüzmü, Qəzzafi niyə o cür öldürüldü?
Qubanın icra başçısının imarətinin yandırılması kadrlarını izləyirəm. Düşündürücü mənzərə idi. O andakı qəzəblə, öfkə ilə insanlar icra başçısının özünü də yandıra bilərdilər. Qəzzafi öldürüləndə bizdə nə qədər adam humanizm libasına bürünmüşdü, Liviya diktatorunun o şəkildə cəzalandırılmasına göz yaşı tökürdülər. Dünən bu geydirmə humanistlər, saxta insanpərvərlər başa düşdülərmi görəsən, xalq alçalmaqdan, aşağılanmaqdan, sümürülməkdən, zülmdən cana doyanda necə amansızlaşır, necə qarşısıalınmaz olur? Başa düşdülərmi, bir icra başçısına qarşı belə davrananlar illərlə xalqlarını əzən, onun haqlarını, hisslərini, ehtiyaclarını görməzdən gələn, onu öz köləsi, qulu kimi görən diktatorlara qarşı başqa necə davranmalıdırlar?
Quba üsyanı niyə siyasi məsələdir?
Dünən ən çox müzakirə olunan məsələlərdən biri də bu idi: Quba hadisələrini siyasiləşdirmək olarmı?
Əlbəttə, olmaz. Çünki Qubada yaşananlar əslində siyasi hadisədir. Bir hadisə ki, siyasi nəticələr doğurur, onu necə lokallaşdırmaq mümkündür?
O məntiqlə Tunisdə göysatanın özünü yandırması da siyasi hadisə sayılmamalı idi. Amma sonucu necə oldu? Siyasi irticanın sonu ilə nəticələnən proses siyasi hadisə adlandırılmayıb da nə adlandırılmalıdır?
Qubada da həmçinin – orada ən azı Ilham Əliyevin təyin etdiyi adamı vəzifədən qovublarsa, bu siyasi hadisə deyil, bəs nədir? Bu bir.
Ikincisi, Qubada etirazların ardı gəlməyə, dünən baş verənlər elə dünəndə də qalmış ola bilər. Ancaq bu dəqiqdir: Quba üsyanı hakimiyyətin də, cəmiyyətin də siyasi əhval-ruhiyyəsini dəyişəcək. Hakimiyyət tamamilə əmin olacaq ki, xalqla zarafat etmək olmaz, o ən gözlənilməz situasiyada rejimin boğazına çökə, onu Qəzzafi, Mübarək rejimlərinin arxasınca göndərə bilər.
Cəmiyyət isə özünə daha çox inanmağa başlayacaq. Başa düşəcək ki, bu gün içindəki qorxunu, xofu yenib küçələrə çıxır və bir icra başçısını istefaya göndərə bilirsə, sabah eyni taleyi ölkə başçısına da yaşada bilər. Yetər ki, bunu istəsin, bunun üçün gərəkən cəsarəti, əzmi, birliyi göstərsin.
Qubadan Taksimdəki mitinqə mesaj
Qubada baş verənlər Qənirəkimilərin Taksimdəki Xocalı mitinqi haqqında yazdıqlarımızın da nə qədər doğru, yerində olduğunu gözlər önünə sərdi.
Nə yazmışdıq? Yazmışdıq ki, Taksimə yığışıb dünyadan Xocalıya ədalət tələb edirsiniz, bəs özünüz niyə ədalətsizsiniz? Bəs özünüz niyə Azərbaycana ədalət tanımırsınız?
Dünənki üsyandan bir daha həmin məntiqi nəticə ortaya çıxdı: Qubaya ədalətsiz icra başçısı təyin edib Xocalıya ədalət istəmək saxtakarlıqdır. Səmimiyyətsizlikdir. Şoudur. Ona görə də heç bir effekt verə bilməz.
Bunlar Quba üsyanından sonra isti-isti ağlımdan keçənlərdir. Həm də hamısı deyil.
Sabah davam edəcəyik.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button