Nə olur-olsun, bircə yürüş olmasın!

 Hazırda müxalifətdə olan insanlar yolunda canlarını qoyduqları və qurduqları müstəqilliyi qeyd etmək istəyirlər. Əlbəttə ki, yürüş-mitinqlə. Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu da göndəriblər. Bir neçə yer təklif edirlər yürüş-mitinq üçün. Ancaq…

Məmurlar bu bayram yürüşündən necə əndişəyə düşüblərsə, tez-tələsik, «yürüş nəyə lazımdır» kimi həyəcanlı cavablar verməyə başlayıblar. «Bir salonda toplaşsınlar, bayramı qeyd etsinlər, müzakirə aparsınlar. Müstəqilliyin 20 illiyini küçədə niyə keçirirlər, niyə yürüş edirlər?» Mübariz Qurbanlı adlı YAP-çı deyir bunları.

Adamı qınamıram. Haradan bilsin axı? Müstəqilliyin necə qazanılmasından xəbəri varmı ki?!

Azərbaycanın dövlət müstəqilliyinə gedən yol meydanlardan, küçə yürüşlərindən, mitinqlərindən keçib. Bu gün müxalifətdə olan insanlar, hazırda zəlil gününə qoyulan milyonlar azadlıq və müstəqillik naminə Sovet totalitarizminin baş kəsdiyi, dünyaya meydan oxuduğu bir zamanda canlarından və qanlarından keçib küçələrə, meydanlara çıxmışdılar. Günlərlə meydanlarda yatdılar, qanlarını qaşığa tutdular, amma azadlığa aparan yoldan bir anlıq da olsun, çəkilmədilər. Və arzularına çatdılar.

İndi bu xalqın halal haqqıdır ki, Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Aktının 20-ci ildönümünü meydanlarda yürüşlərlə, mitinqlərlə qeyd etsin. Amma hazıra nazir olanlar, bu xalqın azadlığından istifadə edib hakimiyyəti ələ keçirənlər və bu xalqın azadlığını əlindən alanlar onlara imkan verərlərmi?

43 istiqlalçı deputatdan cəmi 19-u həyatdadır. Onların ictimai-siyasi mövqelərinə baxın və onda Azərbaycan hakimiyyətinin müstəqilliyə verdiyi dəyəri bilərsiniz. Təkcə İstiqlalçı deputatlardan biri olan Arif Hacılının Müstəqilliyin 20-ci ildönümündə yalnız azadlıq istədiyinə görə türməyə soxulması və 2 il 6 ay həbs cəzasına layiq görülməsi hakimiyyətin müstəqilliyyə verdiyi dəyərin göstəricisidir.

Müstəqillik əleyhinə səs verən insanlar hamısı Əliyevlər iqtidarında görəvləndirildilər, yüksək vəzifələr aldılar. Kim müstəqilliyin əleyhinə səs vermişdisə, hamısı müstəqilliyin barını daddı.

İndi – müstəqilliyi qazanan insanlar 20 illik yubileyi keçirmək istəyəndə «qanun» əsas gətirilir, İcra Hakimiyyətindən icazə alınması şərt olaraq irəli sürülür, yoxsa, «təbii ki, bunun qarşısı alınacaq» söylənilir.

Mitinq və yürüş üçün hər hansı icra strukturundan icazə alınması ilə bağlı heç bir qanun yoxdur. Sadəcə, aksiyanın yeri və vaxtı əvvəlcədən meriyaya bildirilir ki, insanların təhlükəsizliyi təmin edilsin, hüquq-mühafizə orqanları harada və nə vaxt təhlükəsizliyə cavabdeh olduqlarını bilsinlər. «Razılıq alınması» ilə bağlı qanunda hər hansı maddə nəzərdə tutulmayıb axı!

Guya bunu Mübariz Qurbanlı və ya digər YAP-çılar bunu bilmirlərmi? Açıqlamalarının onlar haqda savadsız, düşüncəsiz, riyakar və yalançı təsəvvürü yaratdığından xəbərləri yoxdurmu?

Bilirlər. Ancaq bilə-bilə də yalan danışırlar, siyasi riyakarlıq edirlər.

Zatən onların mövcudluqları da hamısı yalan üstündədir – intisadi inkişafdan tutmuş balanslaşdırılmış xarici siyasətə qədər. Artıq bütün dünya üstlərinə gəlir: Avropa Birliyi, Avropa Şurası, Qərb, beynəlxalq təşkilatlar ölkədəki korrupsiyanı, rüşvətxorluğu, siyasi repressiyaları pisləyir, ard-arda bəyanatlar verirlər.

Mübarizqurbanlılar isə tutuquşu kimi bir söz əzbərləyiblər: «ikili standart»!

Daha «ikili standart» yalanları da yerimir, bunun da kölgəsində gizlənə bilmirlər. Elə dünən AŞ PA «Dağlıq Qarabağ»da keçirilən bələdiyyə seçkilərini çox sərt şəkildə pisləyən bəyanat verdi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha yekdilliklə təkrarladı, erməniləri bu desktruktiv hərəkətdən əl çəkməyə çağırdı.

«İkili standart» vardısa, AŞ PA belə yazılı bəyanat qəbul edərdimi?

Yalan danışmaqdan bezmədinizmi?

Artıq hamı yalandan iyrənir, vallah!

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button