Nərgiz Absalamovanın həbs müddəti artırılıb

AbzasMedia nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biri – Nərgiz Absalamova haqqında həbs-qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir. Bu barədə fevralın 24-də Xətai rayon Məhkəməsində istintaq orqanının (Daxili İşlər Nazirliyinin) təqdimatına baxıldığı qeyd edilir.

Bu məlumatı Azadlıq Radiosuna jurnalistin yaxınları verib. Onların deməsinə görə, məhkəmədə müstəntiq təqdimatı müdafiə edib, deyib ki, hələlik, istintaq yekunlaşmayıb, bu cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalıdır.

Verilən məlumata görə, N.Absalamovanın özü və vəkili təqdimata etiraz edib. N.Absalamova heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə cəzalandırıldığını söyləyib.

Vəkili isə deyib ki, N.Absalamovanı həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. N.Absalamovanın həbsindən öncə də istintaqdan yayınmadığını, müstəntiqin çağırışlarına getdiyini yada salan vəkil bildirib ki, ümumiyyətlə, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Ancaq müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim təqdimatı təmin edib. N.Absalamovanın istintaq dövründə həbsdə saxlanma müddətinin daha 3 ay artırıldığı bildirilib.

Hələlik, müdafiə tərəfinin tənqidlərinə ayrıca məhkəmədən münasibət almaq mümkün olmayıb.

N.Absalamova dekabrın 1-dən həbsdədir. O, qaçaqmalçılıqda ittiham edilir, amma ittihamı qurama sayır.

“AbzasMedia işi” üzrə həbslər ötən ilin noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər. Bu işlə bağlı digər tutulanların da həbs müddəti artırılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button