Nəyə görə mübarizə aparıram?

Ramin DEKO

ramin.deko@gmail.com

Jurnalist prosesi qələmə almalıdır, onu yaratmalı deyil!

“Sən nəyə görə mübarizə aparırsan?” və yaxud “siz gəlib nə edəcəksiniz?” – bu iki sualı mən jurnalistikanın nə olduğunu, mətbuatda az-çox tənqidi məqalələr yazandan sonra hər gün olmasa da, ən azı iki-üç gündən bir eşidirəm. Düzü, çox əsəbiləşirəm bu sualları eşidəndə. Nə qədər verilən hər iki suala eyni cavabı vermək olar? Deyirlər, toplananların yerini dəyişəndə cəm dəyişmir. Mən də verilən suallara eyni cavabı verirəm, hamı eyni cavabı eşidir. Lakin qane olmurlar. Üstündən bir az keçir. Soyuq başla onlara dediklərimi sintez edəndə görürəm ki, cavablarım bəlkə də qaneedici deyil. Lazımı insanlara lazımı, yəni istədikləri cavabı vermirəm. Bir tərəfdən də fikirləşmirəm ki, nədən məndən istədikləri cavabı almayan insanlar təkrar-təkrar bu sualları verirlər? Bax, bu, çox maraqlıdır…

HƏ, mən niyə mübarizə aparıram? İndi lazımı insanların verdiyi sualı özüm üçün müəyyənləşdirim. Baxmayaraq ki, onlara lazım olan cavabı yenə də verməyəcəm. Ancaq…

Mən MÜBARİZƏni ona görə aparıram ki, suyunu içdiyim, çörəyini yediyim ölkədə demokratiya, sərbəst toplaşmaq, Azad Söz, İnsan haqları ən ümdə məsələ olsun! MÜBARİZƏm bunun üçündür. Başqa heç nə! Düzdür, anlayıram ki, çoxunuz bunu pafos kimi qəbul edəcəksiniz. Lakin həqiqət budur. Bir də həqiqət budur ki, mənim apardığım MÜBARİZƏ öz sənətim üçündür. Yəni bir jurnalist olaraq çox rahat yazmaq, çox rahat sözümü ifadə etmək, çox rahat hadisə yerində iştirak etmək istəyirəm. Bəli, mənim MÜBARİZƏmin ikinci adı da budur. Özüm üçün! MÜBARİZƏ aparıram ki, “çox rahat”ları əldə edə bilim.

Bir reportyor kimi rahat yaza, rahat sözümü deyə bilmirəm. Heç rahat ÇƏKMƏK imkanım da olmur. Yazını yaza, sözünü rahat deyə bilməmək sonda çəkməməyə gətirib çıxarır.

Mən jurnalistəm! Peşəm və vəzifə borcum məni prosesi qələmə almağı, işıqlandırmağı əvvəl tövsiyə, sonra əmr edir! Həm də təkcə mənə yox, bütün qələm əhlinə. Ancaq peşəmin və vəzifəmin dediklərini yerinə yetirə bilmirəm. Çünki MÜBARİZƏ aparıram. Mən prosesi qələmə almaq əvəzinə, prosesi yaratmaq istəyirəm. Çox gözəl bilirəm ki, jurnalist olmaq iddiasında olan insan kimi səhv yoldayam, ancaq nə edim?! Məcburam prosesi qələmə almazdan öncə, onu yaradım. Hüquqlarını onlara çatdır, işlərini necə görmələrini başa sal, haralara müraciət etmələrini de, əvəzlərinə plakat yaz, piket təşkil et və ən nəhayət, dillərindən çıxmayan sözü belə yaz ki, kara gəlsin. Bunları onlar etməlidir, ancaq…

Proses olmalıdır ki, sən onu qələmə alasan. Olmayan şeyi məcbursan ki, yaradasan, sonra qələmə alasan.

Sadə məntiq belə deyir ki, avtoritar rejimlərdə insanlar haqlarını tələb edəndə də səksəkədə olurlar. “Evimi əlimdən alıblar, səsimi çıxardaram kimlərinsə xoşuna gəlməz”, “eybi yox, haqqım pozulub, birtəhər yola verərəm” kimi yalnız özlərinə bəlli olan məntiqdən çıxış edirlər. Bax, buna görə haqq səsini qaldırmaq üçün məcbur olursan ki, öncə prosesi yaradasan. Bax, MÜBARİZƏni buna görə aparıram. Ki, öz haqlarını bilsinlər. Sərbəst şəkildə etirazlarını, sözlərini deyə bilsinlər. Mən də jurnalist olmaq iddiasına düşdüyüm bir reportyor kimi rahat, özü də çox rahat şəkildə prosesi qələmə alım. Yox, mən o fikirdə deyiləm ki, hər şeyi rahat əldə etmək lazımdır. Jurnalist çoxları üçün əlçatmaz olanı, heç kəsin xam-xəyalına gəlmədiyi şeyləri tapıb ortalığa çıxarmalıdır. Ancaq bunu üçün o proses yaratmalı deyil, prosesi qələmə almalıdır. Çünki xırda prosesi yaradanda belə başqa işlərlə, əsl jurnalistikayla məşğul ola bilmirsən. MÜBARİZƏm həm də bunun üçündür. Ölkədə normnal atmosfer möcud olsun. Mən də arzuladığım peşəmlə məşğul olum.

İndi də gəlim ikinci suala – Siz gəlib nə edəcəksiniz? Biz gəlib fövqəl bir şey etməyəcəyik! Hamının haqqını tanıyacağıq. Hamı da artıq özü üçün mübarizə aparacaq. Çəkməçi çəkməsi uğrunda, süpürgəçi də süpərgəsi üçün! Alimin də işi peşəsi ixtirasını axtarmaq olacaq. Mənimki də yazmaq.

O CƏMİYYƏTlərdə xaos olur ki, bir nəfər hamının yerinə mübarizə aparır, ya da heç kəs özü üçün dinib-danışmır. Çəkməçi süpürgəçi üçün (və ya əksinə) mübarizə aparanda çəkmə heç vaxt davamlı ola bilməz. O cümlədən, süpürgəçinin işi-peşəsi çəkməçini qorumaq olanda həmin cəmiyyət zir-zibil içində olur. Bax indiki kimi…

Çəkməçi çəkməsini, süpürgəçi süpürgəsini axtarmalıdır. Jurnalist də o axtarış prosesini qələmə almalıdır. MÜBARİZƏm yalnız bunun üçündür! Demokratiya, sərbəst toplaşmaq, Azad Söz, İnsan haqları ən ümdə məsələ olmalıdır ki, öz peşəmlə məşğul ola bilim. Yəni mən onları ona görə bu qədər istəyirəm ki, ÖZÜMÜN marağım var. Axı, nə qədər proses yaratmaq olar?!

MÜBARİZƏni bunun üçün aparıram – ilk öncə sizin, daha sonra özüm üçün…

Mən də tənha qalanda özümə HESABAT vermək istəyirəm. Nə vaxta qədər küncə sıxılıb yalnız boş xəyallar qurub, sonra da bir “eh” deyib çarpayıya baş qoyacam? İstəyirəm ki, bir jurnalist kimi nə işlər gördüyümü xatırlayıb xoş xatirələrə dalım…

MÜBARİZƏ buna görə mənə bu qədər əzizdir, əzizim!!!

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. O CƏMİYYƏTlərdə xaos olur ki, bir nəfər hamının yerinə mübarizə aparır, ya da heç kəs özü üçün dinib-danışmır. Çəkməçi süpürgəçi üçün (və ya əksinə) mübarizə aparanda çəkmə heç vaxt davamlı ola bilməz. O cümlədən, süpürgəçinin işi-peşəsi çəkməçini qorumaq olanda həmin cəmiyyət zir-zibil içində olur. Bax indiki kimi…”
    bu hisse cox xosuma geldi menim yaxshi yazdiqiniza gore tessekkurler

  2. o qeder de razi deyilem sizinle dushunurem ki siz basqa cure yaza bilerdiniz axi niye anlamirsiniz ki bizim millete demokratiya yad bir seydirş bele sheyelere vaxt ayirtib zehmetinizi ve eziyyetinizi bada vermeyin. sadece size meslehet verdim. qerar tebii ki sizindir!!!!!!!!!!!!!!!!!!!!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button