Nə qəribə adam – Əbülfəz Elçibəy!

Azadlığı doğan adamın doğum günü

Bu gün Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

Ramiz Rövşən

Səni sevdiklərin daş-qalaq eylər

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları,
Öpüb əzizlərsən sən o daşları,
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çılçıraq eylər.

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Bilirsən Tanrı da öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan tanrı sənə,
Bir ev tikib saray eylər.

Rüstəm Behrudi

Qəribə adam

Bu qəribə adamdı
Oxşarı yox heç kimə;
əli, saçı,gözləri,
dil açıb danışanda
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdı.

Nə qəribə adamdı
deyirəm, yer fırlanır.
Pıçıldayır astadan:
yurd yerində binəmiz
yox olub çadır-çadır.
Yəqin mənim göz yaşım
axıb yeri fırladır.

Nə qəribə adamdı
deyirəm, külək əsir,
yaxın dur bu ocağa,
gəl qoruyaq bu odu.
Pıçıldayır astadan:
bu əsən külək deyil,
yurd boyunca dolaşan
Xətainin ruhudu.
Bu adam nə qəribə,
nə qəribə adamdı.

Nə qəribə adamdı;
dərdinə bax, Ay Allah,
niyə, niyə babası
Astiyaq min il əvvəl
vaxtında öldürməyib
xəyanətkar Harpağı?
Dərdinə bax, Ay Allah,
hansı uzaq dağdasa
susuzluqdan saralıb
cır armudun yarpağı…
Nə qəribə adamdı

dərdinə bax, Ay Allah!
Nə qəribə adamdı,
dedim,-sənin bəd günün,
dedi,-o gün ki, özüm,
özümə tələ quran
– gülsüz qoyan gülüstan,
Sivas, Şuşa, Çaldıran;-
birmi, üçmü, ya beşmi?
Dedim:- qardaş, neyləyək,
bizimki bunsuz keçmir.
Dedim:- sənin oxşarın:
– bir ləçəkdim nə vaxtsa
solmayan bir çiçəkdə.
Dedim:- ən gözəl günün?
Dedi ki, gələcəkdə.
Bu adam nə qəribə,
nə qəribə adamdı.

Dedim:- arzun, istəyin?!
Bir ah çəkdi dərindən:
– təzə-təzə doğulan
qurd ağızlı körpələr
görən nə vaxt bu yurdu
tanrı kimi görk elər?!
Bu adam nə qəribə,
nə qəribə adamdı!

Nə qəribə adamdı-
bu adamın sevinci,
bu adamın dərdi də
tamam özgə biçimdə.
Bu qəribə adamdı
mənə elə gəlir ki,
bu adam ölən günü
özü qazıb qəbrini
basdıracaq özünü
ürəyinin içində!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button