Nədən yapışdıq?

Babalıq

“Kiş” demədik fərəsinə, yumurtadan yapışdıq

Ötdü səhər beləsinə, günortadan yapışıq.

Bəlkə bir iş anlarıq gün bacadan dönüncə,

Qırxı çıxar mərhumun molla qatır minincə,

Qalxdı soğan çervona it tayadan enincə,

Tünbətünə küfr edib, üç-beş ağız atışdıq,

“Kiş” demədik fərəsinə, yumurtadan yapışdıq,

Ötdü səhər beləsinə, günortadan yapışdıq.

Yumurta yusyumrudu, handa desən, hellənir,

Gah olur on beş quruş, gah otuza millənir,

Batdın, a Məmmədnəsir, evdə həsir yellənir,

Sən də kasıb, mən də lüt, dur bəri gəl, tapışdıq,

“Kiş” demədik fərəsinə, yumurtadan yapışdıq,

Ötdü səhər beləsinə, günortadan yapışdıq.

Yetkililər dalbadal xalqa ümid verdilər,

Üzdə söz oynatdılar, dalda nələr gördülər?!

AzTV-də bayrama bərk şou göstərdilər,

Bitdi o ki çal-çağır, tezcə durub yatışdıq,

“Kiş” demədik fərəsinə, yumurtadan yapışdıq,

Ötdü səhər beləsinə, günortadan yapışdıq.

Bəlkə də rəhbər özü bilmir işin məğzini,

Bilsə məmurcuqların bəlkə qırar ağzını,

Bir güman etdim canım, kim tanımır quzğunu?

Sən – vələmir, mən – darı, silkələnib qatışdıq,

“Kiş” demədik fərəsinə, yumurtadan yapışdıq,

Ötdü səhər beləsinə, günortadan yapışdıq.

Bir bu qədər leysana çox da dayanmaz boyaq,

Ay Babalıq, az danış, gəl sözə əngəl qoyaq,

İş belə dövr eləsə, biz də ərəblərsayaq,

Bir də görərsən, oho, cırmaq atıb qapışdıq,

Yumurtadan tutmadıq, daş-qayadan yapışdıq!..

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button