Nəqliyyat Nazirliyində inqilab Söhbəti…

Başqa nazirliklərdən və dövlət idarələrindən fərqli olaraq bura qəbula gələnləri yalnız bir peşə birləşdirir – sürücülük. Ona görə yox ki, bura Nəqliyyat Nazirliyidir. Məhz ona görə ki, həmin sürücülərə bu nazirlik sitəm edir. Hər halda özləri belə söyləyirlər.

 İnsan necə dəyişərmiş…

 Taksi sürücüsü olduğunu söyləyən orta yaşlı bir kişi şikayətçilərin içində demək olar ki, ən çox gileylənəni idi. Adam dayanmadan danışırdı.

–         Bu qədər də insafsızlıq olar? Pulu bizə ver deyirlər, veririk. Dövlətə köçür deyirlər köçürürük. Qardaş, bəs indi nə istəyirlər? Harada görünüb ki, nəqliyyat müfəttişi yol polisinin etdiyini etsin? A kişi, yol polisləri bunların yanında şükürlü olublar. Mən bilmirəm, bu cür adamları haradan tapıblar, kim tapıb yığıb bura?

–         Elə bil buranın suyunda nə isə var – deyə həmkarının sözlərini təsdiqləyən başqa bir sürücü yanında əyləşən ağsaqqala xitabən:

–         Sizin də vaxtınızda belə şeylər olurdu?

–         Elə indi də mənim vaxtımdır, olmasaydı gəlməzdim ki? – deyə söhbətə zarafat qataraq hazırcavablıq edən ixtiyar:

–         Görəsən, bunlar Heydər Əliyevdən sonra niyə belə oldular? – deyə sanki öz-özünə sual verirmiş kimi əllərini yellədi.

–         Yoxsa əvvəllər cibimizə pul qoyurdular? – deyə hamıdan çox danışan sürücü yenə də etiraz etdi.

–         Demirəm ki, pul qoyurdular, amma adam da döymürdülər, yolkəsənlik də etmirdilər.

–         Ağsaqqal, bunlar da onun davamçılarıdır də – deyə diqqətlə qulaq kəsildiyim söhbətə müdaxilə etdim.

–         Atan rəhmət. Bəyəm bunlar özbaşına oturublar burada – yenə də həmin taksi sürücüsü idi.

–         Mən insanın birdən-birə bu qədər dəyişdiyini ağlıma belə gətirməzdim. Bizdən iki-üç tin yuxarıda yaşayan yetimin biri gəlib burada nə vasitəiləsə işə düzəlib. Mən onu bir mərifətli adam kimi tanıyırdım. Təxminən bir həftə bundan əvvəl yoldaşlarla maşınların yanında durub müştəri gözləyirdik. O da özündən başqa iki nəfərlə birlikdə departamentin maşınından düşdülər. Sənədlərimizi istədilər. O birilərin deyə bilmərəm, mənim mərifətli oğlan kimi tanıdığım bu adam bir oyun çıxardı ki… Dəhşətə gəlmişdim – cavan oğlanın yana-yana söylədiyinə həmin, daha çox narazılıq edən taksi sürücüsü:

–         Heydər Əliyev yoxdur axı, elə deyil ağsaqqal – deyərək ətrafdakılara göz vurub ixtiyar sürücüyə sataşdı.

–         Sən mənim sözümü qəribliyə salma, bacıoğlu. Mən demirəm ki, Əliyev mənim başıma tac qoyub, yox. Amma o kişinin nəyi var idisə də, bir hədə-qorxusu, zabitəsi var idi. Bunu (dövlət başçısını nəzərdə tutur – XuralTAC) deyəsən heç eşidən yoxdur. Elə qəsdindən-zaddan (mehmanxana – XuralTAC) tikirlər, yoldan, körpüdən çəkirlər, deyirlər lentini kəs sonra da get evə.

Qoca sürücünün sözünə hamı güldü.

  Qalasan günümüzə

 Hamının eyni anda gülüşməsinə içəridən gənc bir oğlan çıxdı. Oturanları bir-bir süzüb:

–         Deyəsən, kefiniz əladır? Sonra da deyirsiniz ki, departament bizi işləməyə qoymur.

–         Lap sevincimizin həddi hüdudu yoxdur – deyə daha çox deyingən sürücü replika atır.

–         Şikayətin nədir? – həmən ciddiləşən oğlan deyəsən replikadan xoşlanmır.

–         Departament işləməyə imkan vermir. Dünən də nömrəmi dartıb qırıblar.

–         Nəqliyyat Nazirliyinin heç bir əməkdaşının nömrə açmağa ixtiyarı yoxdur – deyə oğlan sifətini bir az da turşudaraq cavab verir.

–         Bilirəm, Namiq müəllim (Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri) ANS-də danışanda şəxsən özüm qulaq asmışam.

–         Bəs niyə etiraz etmədin?

–         Elə etdim ki, dartıb qırdılar də.

–         Nömrəsini götürmüsən?

–         Buyurun – deyə sürücü cibindən kağız parçası çıxarıb nazirliyin əməkdaşına təqdim etdi.

–         Bəs sizin nə dərdiniz var, ağsaqqal?

–         Mən uzun müddət 57-lərdən olmuşam…

–         57 nədir?

–         Hə, gərək qalasan günümüzə ki, biləsən də ay oğul 57 nədir.

–         Niyə qarğıyırsan, ay dayı?

–         Taksiçilik bu qədər qorxuzdu səni…

–         Yox, sözünü de.

–         Hə, onu deyirdim axı, mən uzun müddət 57-lərdən olmuşam. Yəni lisenziya almaq üçün pulu mənə dövlətə köçürməyə qoymayıblar, elə müfəttişə vermişəm. Biri məni saxlayanda zəng edirdim həmin müfəttişə, o da telefonla ona nə deyirdisə mənə toxunmurdular. Bir aydı aləm qarışıb yenə bir-birinə. Korrupsiya başlayanda (korrupsiya ilə mübarizə şousu nəzərdə tutulur – XuralTAC) bir müddət tam sakitlik oldu. İndi yenə də başlayıblar. Ötən gün sənədlərimi alıb apardılar. 57 olduğumu dedim, müfəttişin kağızını (müfəttişlər sürücülərdən aylıq lisenziyanın pulunu özləri nəğd şəkildə alandan sonra, kağız parçasına telefon nömrələrini və pulu aldıqları tarixi yazıb sürücüyə verirlər. Sürücü başqa nəqliyyat müfəttişi tərəfindən saxlanılarkən məhz həmin kağız parçasını ona təqdim edir – XuralTAC) göstərdim də bir xeyri olmadı. Axı mən vergimi ödəmişəm, mənim sənədimi niyə alırlar?    

–         Vergi dövlətə ödənilməlidir, müfəttişə yox.

–         Yaxşı mən adını, telefon nömrəsini verim sizə, gedin tutun həmin müfəttişi, mən də gedim banka pul köçürməyə. Olar? – deyə nazirlik əməkdaşını ələ saldı.

–         Mən adam tutan deyiləm.

–         Bəs mən kimin dədəsinin nökəriyəm – deyə kişi əsəbi şəkildə səsini qaldırdı.

Niyə mən işləməliyəm, Ziya (Nəqliyyat naziri Ziya Məmmədov nəzərdə tutulur – XuralTAC) kef etməlidir? Nə mən kimdənsə əskiyəm, nə də dədəm kiminsə muzdur dədəsindən aşağı olub.

 İnqilab olmalıdır…

 Nəqliyyat nazirinin adını eşidən nazirliyin əməkdaşı əsəbiləşən qocanın mehribanlıqla qoluna girib polis postunun digər tərəfindəki otaqladan birinə apardı.

–         Ağsaqqal da qabağa getdi – bir az əvvəl bir vaxtlar tanıdığı şəxsin nəqliyyat müfəttişi olandan sonra dəyişdiyini söyləyən sürücünün replikası yenə də hər kəsin gülüşünə səbəb oldu. Təxminən 7-8 dəqiqədən sonra bir az əvvəl nazirlik əməkdaşı tərəfindən içəri aparılan ixtiyar sürücü otaqdan çıxdı.

–         İnqilab olmalıdır. Yoxsa bunlar düzələn deyil.

–         Nə oldu? – deyə hər kəsdən daha çox gileylənən sürücü maraqla soruşdu.

–         Gedirəm sənədlərimi almağa. Zəng edib qulağını burdular. Amma yox mütləq inqilab olmalıdır. Bunları Sibirə sürgün etmək lazımdır.

 “Xural”ın Reportyor Qrupu

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button