Naipaul bir quyuya bir daş atıb…

Nobel mükafatlı yazar VS Naipaul: “Qadın yazarlar həddəm ziyadə sentimentaldırlar. Onlar dünyaya dar prizmadan baxırlar və təəsüf ki, feminizm çərçivəsindən kənara çıxa bilmirlər. Hələ ki, öz səviyyəmə uyğun qadın yazar tanımıram.”

  Yazıçı Kenri Hilme: “Bu qadına nifrət edən zırramanın yazdıqları ölməkdədir. Naipaul bunu 30 il bundan qabaq görərək anlayıb. Onun yazdıqlarının öldüyünü görməyə hətta mənim də ömrüm yetəcək. Naipaul qocaldıqca onun iyrənc davranışı və ittihamları daha ürəkbulandırıcı olur. Minlərlə tanınmış və tanınmamış qadın yazarın əsəri bu avaranın yazdıqlarından çox yaşayacaq.”

 Əslində, bu mövzu yüz illərdir müzakirə olunur. Zaman-zaman qadın yazıçıların əsərləri ciddi qəbul edilməyib, bəzi vaxtlarda isə onların yayımına qadağa qoyulub. Bəs görəsən, azərbaycanlı yazarlar necə, Nobel mükafatçısının sözləri ilə razılaşırlarmı?

 O adama nəyə görə Nobel mükafatı veriblər?

 “Ədalət” qəzetinin baş redaktoru, yazıçı İradə Tuncay Naipaulun fikri ilə qəti razılaşmadığını bildirdi. “Onun bu cür bəyanatlar verməyinin səbəbi bilirsiniz nədi? Sadəcə kişi eqoizmi. Vaxtilə Jorj Sand özünün yazar olduğunu istbat etmək üçün, özünə təxəllüs kimi kişi adı götürmüşdü. Hətta o, kişi geyimində gedirdi redaksiyalara. Amma bu gün yenə çox oxunan yazarlardandı. Qadına öz statusunu təsdiq etməyə imkan ancaq 20-ci əsrdən sonra verilib. Ümumiyyətlə, nə qədər cahil olasan ki, belə bir söz deyə biləsən. Ümumiyyətlə, o adama nəyə görə Nobel mükafatı veriblər?”

 Heç cür razılaşa bilmərəm

 “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid də yazıçının fikirləri ilə hüç cür razılaşmadığını dedi. “Bununla heç cür razılaşa bilmərəm. Gördüyüm ağıllı, istedadlı qadınlar bu cür düşünməyimə mane olur. Afaq Məsud, İradə Tuncay, Nigar Köçərli, Aysel Əlizadə, Sahilə kimi xanımları misal göstərə bilərəm. Əlif Şəfəq özü bu gün dünyanın ən böyük yazıçılarından biridir. Onun “Füzulinin bacısı” əsəri var. Bu əsərdə o, həmin problemlərdən danışır. Yəni qadınların ev, uşaq, ailə və s. qayğılarına görə Füzuli kimi dahi ola bilməməsinin obyektiv səbəblərindəndi.”

 Əzizə Cəfərzadə və Nigar Rəfibəyli var

 Tənqidçi Tehran Əlişanoğlu Naipaulun mövqeyini dəstəkləmir. “Əsərin gücü müəllifin qadın və ya kişi olmasından asılı deyil. Onun bədii keyfiyyətlərindən asılıdır. Yaxşı qadın həm kişi ola bilər, həm də qadın. Bu mövqeyimdə möhkəm dayanmağımın əsas səbəbi isə, müasir dövrdə qadınların fəal şəkildə yazıçılıqla məşğul olmasıdır. İstər indi, istərsə də keçmişdə qadınlar tərəfindən yazılan əsərlər tarixdə qalır. Azərbaycanın özündə də bu cür xanımlar var. Məsələn, Əzizə Cəfarzadə yaxşı tarixi romanları ilə, Nigar Rəfibəyli maraqlı şeirləri ilə bu qəbildən olan yazıçılardandı. Onlar heç də kişi yazarlardan geri qalmırlar. Müasir yazıçılardan da Nərmin Kamalın adını çəkmək olar. Özü də son zamanlarda say etibarilə qadın yazarların ədəbiyyata gəlişi daha çoxdur. Ancaq nəzərə almalıyıq ki, adətən bizdə kişi yazıçılar üstünlük təşkil ediblər. Ancaq ümumilikdə qadınlar bu sahədə duruş gətirə bilirlər.”

 Naipaul düz deyir

 Gənc şairə Sevinc Çılğın nobelçinin fikirləri ilə razılaşdığını bildirdi. “Mən düşünürəm ki, Naipaul fikirlərində düzdür. Biz nə qədər də özümüzə təsəlli versək ki, qadın zəif yox, zərifdir, əslində, mən hesab edirəm ki, qadın zəif məxluqdur. Qadının ürəyini almaq yetərincə asan bir şeydir. Qadın çətinliklə də olsa sonda kişinin qarşısında təslim olur. Ancaq qadın ana statusunda kişidən çox güclüdür. Düşünürəm ki, heç bir ata anadan güclü deyil. Ancaq yazıçı statusunda Naipaul düz deyir, qadın nə qədər geniş düşünsə də, o, kişinin düşüncəsinin çərcivəsində düşünə bilir. Çünki qadın daha çox hissləri ilə yaşayan varlıqdır. Qadınlar əsasən, hissləri ilə yazır, ancaq kişilər düşüncəsi ilə. Ona görə də kişi düşüncəsini qadın düşüncəsindən qat-qat güclü hesab edirəm. Yaxşı əsər yazmaq üçün də düşüncə mühüm rol oynayır. Qadınlar ola bilsin ki, başqa bir qadından üstün olsun. Ancaq düşüncə olaraq kişidən heç vaxt üstün deyil.”

 Nərmin Kamal, Sevinc Pərvanə, Sevinc Çılğın, Günel Mövlud…

 ANN.az saytının redaktoru Zahir Əzəmət bu məsələyə birtərəfli yanaşmağın tərəfdarı deyil. “Ola bilsin ki, qadınlar arasında dahi yazıçıların sayı elə də çox deyil. Buna səbəb də ömrü boyu dünyada kişilərin hökm sürməsidir. Ancaq hesab edirəm ki, son 20-30 ili götürəndə kifayət qədər qadın yazar Nobel mükafatı alıb. Mən bu fikri Naipaulun dediyi konteksdə paylaşmıram. Son 10 ildə Azərbaycanda qadın yazarlar üstünlük daşıyır. Son zamanlarda Nərmin Kamalın, Sevinc Pərvanənin, Sevinc Çılğının, Günel Mövludun simasında güclü yazarlar yetişib.”

Rövşən Danyeri

 

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button