NAR-dan gözlənilməz addım…

«NAR mobile» cinayətkarların dəyirmanına niyə su tökür?

««NAR mobile»nin şəhərdə qeydiyyatsız nömrələri tüğyan edir. Kim istəsə, bu mobil operatora aid olan, heç kimin adına olmayan telefon nömrələri əldə edə və istifadə edə bilər. İstəyən təcrübədən çıxarsın» – məlumatı XuralTAC-a verən mənbə həyəcan təbili çalır. «Belə davam edə bilməz. Çünki təsəvvür edin, cinayətkarlar istədikləri qədər telefon ala, danışa, cinayət törədə və aradan çıxa bilərlər. Operatorun bu səhlənkarlığı bilərəkdən, yoxsa bilməyərəkdəndir? Hər halda, mətbuat kimi göstərdiyimiz faktları araşdırsanız, özünüz hər şeyin şahidi olarsınız» – bunu da adının çəkilməsini istəməyən mənbəmiz söylədi.

İnformasiyanı alan kimi qısa araşdırma apardıq. Məlum oldu ki, məlumatı XuralTAC-a ötürən mənbə qismən haqlıdır. Belə ki, istənilən şəxsin əlini-qolunu sallaya-sallaya rahatlıqla «NAR mobile»nin heç bir şəxsin adına olmayan qeydiyyatsız nömrələrini ala bilməsi mümkün olmasa da, belə telefon nömrələri tədavüldə çoxdur. Araşdırmalarımız nəticəsində meydana çıxdı ki, vaxtilə telefon abonentlərinin sayını çoxaltmaq üçün dövriyyəyə külli miqdarda telefon nömrəsi buraxan şirkət, bu nömrələrə axıra qədər nəzarət edə bilməyib. Telefon dəllalları boşluqdan istifadə edərək, «NAR mobile»dakı himayədarlarının da dəstəyi ilə çoxlu sayda qeydiyyatsız telefon nömrələri ələ keçiriblər və o nömrələri məsuliyyətsizcəsinə satıb para qazanıblar.

Xırda araşdırmalardan məlum oldu ki, hətta «NAR mobile»nin belə telefon nömrələrindən əldə etmək mümkün olur. Və… çox da əziyyət çəkmədən belə bir nömrə əldə edə bildik. Sən demə, «NAR mobile»nin «qara nömrə bazarı»nda belə telefon nömrələrinin qiyməti çox baha imiş. Bizə nömrəni satan gənc dedi ki, «maraqlı adamlar» var ki, «NAR mobile»nin bu cür nömrələrini 500, hətta 1000 manata almağa hazırdırlar. «Kimdir o maraqlı adamlar» sualımıza telefon nömrəsi satan gənc cavab vermədi. Biz ondan ayrılanda isə jurnalist olduğumuzu təxmin edib nömrəni geri istəsə də, təbii ki, buna nail ola bilmədi və sürətlə satış mərkəzindən uzaqlaşdıq.

Şirkətin bu məsələyə münasibətini öyrənmək üçün «NAR mobile»la əlaqə saxladıq. Dəfələrlə olunan telefon zənglərimizə cavab verilmədi. Mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdimiz də alınmadı.

Mövzu diqqətimizdədir…

XuralTAC

Redaksiyadan:

Şirkətin mövqeyini də dərc etməyə hazırıq…

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button