Nar istehsalçılarının problemləri: “Nə bazar var, nə dövlət dəstəyi, nə də qazanc”
Ekspert: “Bazarı hökumət taparsa, fermerin ondan qiymət asılılığı olacaq”
Ölkədə nar istehsalı ilə məşğul olan fermerlər bir aydır ki, kütləvi yığıma başlayıblar.
Rəsmi qeydiyyatda 8 min hektar nar bağı olsa da, həyətyanı sahələr qeydiyyata alınmadığından Azərbaycanda nar bağlarının çox olduğu bildirilir.
Ölkədə nar deyəndə ilk ağla Göyçay gəlsə də, son illər Hacıqabul, Kürdəmir və Sabirabadda fermerlər həm istehsal, həm ixracda öndədirlər.
Sabirabadda 1379 hektar nar bağı olan fermerlər deyir ki, məhsuldarlıq yaxşı olsa da, bazar tapmaqda çətinlik çəkirlər.
12 ildir ki, qazancı nardan çıxan Mirbağır Həşimzadə bağında iki min nar ağacı yetişdirir.
Ümumilikdə, 30 ton məhsul gözləntisi olsa da, bu il qiymət və bazar problemi yaşayır:
“Son iki ilə qədər məhsulu Ukraynaya daha çox satırdıq. Müharibədən sonra Rusiya bazarı ilə məhdudlaşmışıq. Ötən il yağıntıların məhsuldarlığa çox təsir etdi, çıxar çox oldu. 20-25 faizə qədər fərq oldu. Kiloqramını 1-1.50 qəpikdən satdım. İndi də iki yığım 10 ton məhsulun kiloqramını 70 qəpiyə satmışam. Ucuz alınması bazar məhdudluğu və dəllalların qiyməti məqsədli şəkildə aşağı salması ilə bağlıdır. Məqsəd özləri qazanmaqdır. Məhsul da vaxtında satılmasa, məhv olacaq, ziyana gedəcək. Rayonun Əhmədbəyli, Axtaçı, Muradbəyli və bizim Qasımbəyli kəndi nar təsərrüfatları ilə dolanır və bu kəndlərin torpağı, iqlimi narçılığı perspektivli edir“.
“Bizdən ucuz alıb baha satırlar”
Daxili bazarlarda isə qiymət fərqlidir. Rayon bazarlarında topdan satış 60-70 qəpik, Bakı bazarlarında isə 1-1.50 manat arasında dəyişir, hətta yol kənarı satışlar iki manatdan yüksək satılır.
Fermer həm də soyuducu anbarların olmamasından dolayı qiymət məsələsində uduzduqlarını deyir.
Şirə üçün emal zavodları və nar qəbul məntəqələri isə gec və səmərəsiz işləyir:
“Bizdən ucuz alıb baha satırlar. Halbuki yığıb saxlaya bilsək, üçqat baha sata bilərik. Ötən il şəxsən kiloqramını üç manata, satdım. Ancaq ev şəraitində çox saxlamaq olmur, “Balamürsəl” sortu dözümlü, qalıcı deyil. Kəndimizdə soyuducu anbar olsa ikinci, üçüncü dərini saxlayıb sonra satarıq. Maraqlanıb kömək istəsəm də, yardım edən yoxdur. Bir kiçik anbarın quraşdırılması üçün məndən 25 min manat istədilər. O pulu qazana bilmirəm axı, necə verim?”.
Mirbağır Həşimzadə nar istehsalındakı problemlərdən də danışıb:
“Dövlət subsidiya xətti ilə kömək etsə, tikib faizini qaytarardıq. Əvvəllər zədəli, çürük məhsulları emal zavodlarına satardıq, indi onunla da maraqlanmırlar. Yığım bitəndən sonra beş qəpiyə istəyəcəklər, nəyə sərf edər? Avropa bazarı əlçatmazdır. Ora çıxış üçün uyğun preparat, istehsal standartları olmalıdır. İki hektara xərcim 7 mini keçir. Nardan çörək pulu qalır”.
Göyçaydan da şikayət var…
Göyçaylı fermerlər də çıxılmaz durumda qalıblar. Əsasən mövcud bar verən 3 min hektar nar bağlarında yetişən “Gülöyşə” nar sortları intensiv yağıntıya məruz qaldığından məhv olub.
Qarabaqqal kənd sakini Namiq Baxışov ona dəyən ziyandan dolayı nar bağını kütləvi ləğv edib, əvəzində xurma bağı salmağı qət edib:
“Həyətyanı sahəmdə yüzə yaxın nar ağacı vardı. Hava şəraiti əlverişsiz keçdiyindən “Gülöyşə” nar sortu çürüdü, batdı. Emal zavodları da yaxın durmadı deyə bağları birdəfəlik ləğv etdim. Rayonda emal zavodu olsa da, yığıb toplayıb daşımaq satış qiymətindən çox xərc edir. Zavod isə maksimum 7-8 qəpik pul ödəyir. Nəyə sərf edir bu pul? Ötən il bu ağaclardan iki ton məhsul etmədi. “Vələs” sortu dözümlü, qalıcı məhsuldur, “Gülöyşə” nar yox. Xurma bağı sərf edir deyə o bağı salacağam. Gərək xərcinə, becərilməsinə, satışına görə sərf edə. Sovet dövründə ən çürük nar belə kiloqramı 50-60 qəpik idi, indi sağ məhsulun qiyməti odur. Həyətdə yığıb satırdıq. İndi gərək məhsulun bazarını da özümüz tapaq, daşıyaq”.
“Soyuducu anbar qiymət baxımından sərf etmir”
Göyçaylı fermer Mahir Həsənov isə 3 hektar nar bağından birini ləğv edib.
Dediyinə görə, yalnız “Vələs” sortu ona qazanc gətirdiyi üçün 2 bağ saxlayıb ki, bu da Rusiya və Dağıstan bazarı üçün nəzərdə tutulub.
Ötən il 22 ton məhsul götürən fermer bu il də eyni məhsuldarlığı gözləyir, ancaq qiymət sırf etmədiyindən satış üçün tələsmədiyini deyir:
“Nar üçün torpaq tərkibində elementlər də gərək onu dəstəkləsin. Tək qol gücünə olmur. Hər torpaqda yetişmir. Düzgün aqrotexniki qulluq qaçılmazdır. Odur ki, effekt vermədi deyə bir hektar nar ağacını sökdüm. Ötən il məhsulumu Rusiya və Gürcüstan bazarına 1.40 manatdan satdım. Bazarı da, alıcını da özümüz tapırıq. Sort dözümlü olduğu üçün yardımçı tikilidə saxlayıram. Soyuducu anbar qiymət baxımından sərf etmir. Məhsulu da yalnış saxlayıb məhv edə bilərlər”.
“Dövlət tərəfindən qayğı görmürük”
Fermer məhsul istehsalını artırmaq və yeni nar bağları salmaq üçün imkanlarının olmadığını deyir:
“Perspektivli xarici bazar tapıb daha çox valyuta gətirmək lazımdır ki, dövlət bununla heç maraqlanmır. Dövlət tərəfindən qayğı görmürük. Fermerlər Rusiya bazarında bunu istədiyi qiymətə sata bilmir, tələbat azalır. Satış daxili bazar üçün də uyğunsuzdur. Çünki tələbatdan çoxdur. Kənd Təsərrüfatı Nazirliyi əməli addımlar atmalıdır. Dövlət gömrük rüsümunda, daşınma xərclərində köməklik etməlidir. Ənənəvi nar bağı üçün subsidiya məbləği 250-300 manatdır. Tək bir hektar nar bağına qulluq 3-4 min arasında xərc istəyir. Biz narı qazanmaq üçün deyil, dolanışığımızı təmin etmək üçün əkirik”.
“Subsidiya xərcləri qarşılamır, həyətyanı sahələrə də subsidiya verilmir”
Ölkədə il ərzində istehsal olunan 180 min ton civarında nar məhsulunun 80 faizi aran zonasının payına düşür. Ən çox Kürdəmirli fermerlər xarici bazara satış edir ki, hazırda ən yüksək qiymətə satış da ora məxsusdur.
Sığırlı kənd sakini Bayram Həsənov deyir ki, kənddə 1000 hektar nar bağı var. Onun bağında idə 500 nar ağacından bu il 8 ton məhsul gözləyir.
Deyir ki, yağıntı səbəbindən Hacıqabul, Göyçayda bağlar itki ilə qarşılaşsa da, Kürdəmirdə bu hal yayğın olmayıb. Kürdəmirdəki bağların əsas kabusu isə gəmiricilərdir:
“Ötən il az məhsul topladım. Bu il yüngül yağıntılar oldu deyə çox təsir etmədi. İsti hava şəraitində yağışlar məhsuldarlığa mənfi təsir edir. Hazırda kəndimizdə 20 tır məhsulu toplayıb Rusiyaya daşıyır. Orta hesabla kiloqramı bir manatdır. Ukrayna bazarı olsaydı qiymət 40-50 qəpik baha olacaqdı. Bizim əsas problemimiz artan gəmiricilərdir ki, nəinki taxıl, bostan sahələrini, meyvələrə ziyan vurur. Doğurdan problem qarşısında aciz qalmışıq. İstifadə etdiyimiz mübarizə tədbirləri, pestisidlər kömək etmir. Dövlətin dəstəyini istəyirik, əks halda belə getsə nə məhsul qalacaq, nə qazanc olacaq. Subsidiya xərcləri qarşılamır, həyətyanı sahələrə isə subsidiya verilmir”.
Bu ilin yanvar – avqust aylarında ixrac olunan 3730 ton nar məhsulu üçün 3 milyon 357 min dollar gəlir olub.
Ötən il isə bu rəqəm 6227 ton olub.
2022-ci ildə 2690.5 ton həcmində nar istehsal olunub. Nar ixracından isə 3365 500 dollar qazanılıb.
2021-ci ildə 253 min dollar dəyərində 21 min 717 ton nar ixrac olunub.
Mütəxəsislər deyir ki, illik nar istehsalının həcmi 180 min ton civarında dəyişir. Bunun isə yalnız 29 min tonu, yəni 15%-i ixrac olunur. On il öncə isə ixrac 40% civarında idi. İstehsal nisbətən artsa da, ixrac azalır. Bunun da, əsas səbəbi müharibədən dolayı Ukrayna bazarının tamamilə itirilməsi, Rusiyanın isə yalnız qərb vilayətlərinin bazarları ilə əlaqənin olmasıdır.
Digər səbəb 8 min nar hektarından yalnız min hektarı sığortalanıb ki, nəticədə fermerlər onlara dəyən ziyanı əldə edə bilmirlər. Bu isə ciddi problemdir.
“Bazar məsələsində nə hökumətə, nə Assosiasiyaya ümid etmək olar”
Aqrar məsələlər üzrə ekspert Akif Nəsirli deyir ki, narçılıq ənənəvi kənd təsərrüfatı olsa da, Azərbaycanda becərilməsi üsulu müasir standartlara uyğun deyil.
Onun fikrincə, stimulu hökümət yaratmalı, bazarı isə fermerlər özləri axtarıb tapmalıdır:
“Fermerlər anlamalıdır ki, nar bağlarına düzgün aqro-texniki qulluq edilməlidir. Əks halda yüksək keyfiyyətli məhsuldarlıq əldə edilən deyil. Nar bağları sortlaşdırılmalıdır, köhnə bağlar yeni bağlarla əvəzlənməlidir. Sonra alınan məhsulun xarici ölkəyə diversifikasiya etmək olar. Bazar məsələsində nə hökumətə, nə Assosiasiyaya ümid etmək olar. Hökumət stimullaşdırmalı, yüksək subsidiya ilə təmin etməlidir. Fermerlər birləşib bazara çıxış tapmalıdır. Bazarı hökümət taparsa fermerin ondan asılılığı olacaq. Çünki qiyməti diqtə edəcək. O qiymət də nar istehsalçısını qane etməyəcək”.
“Təşəbbüskar fermer özü olmalıdır”
Hazırda ənənəvi nar bağlarının hər hektarına 250 manat subsidiya (gələn il 300 manat), müasir suvarma sistemləri ilə təchiz edilmiş intensiv nar bağları üçün isə hər hektarına üç min manat subsidiya nəzərdə tutulur.
Ekspert düşünür ki, bu, yanlış metoddur. Nar bağlarının müasir suvarma sistemləri ilə təchizatı yüksək kapital xərcinə görə prioritet məsələ olmalı deyil.
“Nara ildə iki dəfə suvarma lazımdır ki, ənənəvi suvarma uyğundur. Müasir suvarma sistemlərinin tətbiqi çox kapital tutumludur, qazanılan gəlirə adekvat deyil. Nar təsərrüfatı öncə inkişaf etdirilməli, keyfiyyətli yüksək məhsuldarlıq əldə olunmalı ki, sonrakı problemlər həll olunsun. Fermerlər birləşib özləri emal müəssisəsi yaradıb bazarı rəqabətli edə bilər. Yəni təklikdə deyil, nar istehsalçıları birləşərək problemləri zamanla həll edə bilər. İri həcmli deyil, kiçik həcmli soyuducu anbarları güzəştli kreditlə tikdirib birgə istifadə edə bilərlər. Çünki nar əkib xeyir götürmək istəyənlər hökümət asılılığı ilə hərəkət edə bilməz. Hökümətin dəstəyi heç nəyi dəyişmir. Subsidiyanın 300 manat yox, 500 manat olması belə fermerə ciddi dəstək deyil”.
“İllərdir ki, hökumətdən dəstək gözlənilir, ancaq onlar da güvəniləsi iş görmür. Nə bağların becərilməsi üçün normal subsidiya ayırır, nə istehsal olunan məhsulun müəyyən müddət saxlanılması üçün şərait yaradır, nə də xarici bazar tapır. Azərbaycan narı indiki halda Avropa deyil, ancaq Rusiya bazarına uyğundur. Heç 10 faizini Avropa qəbul etməz. Nar istehsalı məsələsində orta əsrlərdə qalmışıq. Çox az fermerin nar bağı standarta uyğundur. Onlardan digər fermerlər öyrənib bağlarını günün tələbinə uyğun qurmalıdır. Təşəbbüskar fermer özü olmalıdır”, – deyə ekspert vurğulayıb.