”Nardaran işi-2”: Məhkəmə istintaqı yekunlaşdı

Ata: “Guya evdən silah, qumbara tapılması haqda yalan şeylər yazıblar”

Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər – Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi davam edib.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən İsa İbrahimovun atası Tofiq İbrahimov əlavə şahid qismində dindirilib. Bildirib ki, Nardaran hadisələrindən bir müddət sonra – 2015-ci il dekabrın 17-də oğlu ona zəng eləyib, Kərbəladan qayıdarkən sərhəddə saxlandığını deyib:

“Dərhal sərhəd-buraxılış məntəqəsinə getdim, maraqlandım ki, nə məsələdir, niyə buraxmırlar. Sərhədçilər Bakı ilə danışandan sonra onu buraxdılar, amma dedilər ki, evə yox, Astara Rayon Polis Şöbəsinə getməlidir. Ora da getdi. Həmin gecə onu Bakıya gətirdilər. Ertəsi gün – dekabrın 18-də Bakıdan “Bandotdel”in işçiləri Lənkərana gəlib, evimizdə axtarış apardılar. Heç nə tapmadılar. Sonradan eşitdim ki, guya evdən silah, qumbara tapılması haqda yalan şeylər yazıblar”.

Daha sonra iclasda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşı Həmzə Zahidov ifadə verib. O, təqsirləndirilən şəxslərdən Nahid Qəhrəmanovdan silah-sursat tapıldığını deyib . Nahid Qəhrəmanov isə onun söylədiklərini təkzib edib.

Prosesdə məhkəmə istintaqı tamamlandığı elan edilib. Prokuror çıxış etmək üçün vaxt istəyib. İclas dekabrın 8-də davam edəcək.

Adları çəkilən şəxslərin bir qismi «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub.

Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.(meydan.tv)

Onlar ittihamı qəbul etmir və işgəncəyə məruz qaldıqlarını deyirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button