“Nardaran işi” ilə bağlı nə qədər şəxs həbs olunub?

26 noyabr 2015- ci ildə Nardaranda cərəyan edən hadisələrin niyə baş verdiyi, orda nə baş verdiyi və hadisələr zamanı nə qədər şəxsin həbs olunduğu barədə cəmiyyət hələ də tam, müfəssəl məlumata malik deyil. Hazırda bu istiqamətdə araşdırma aparırıq. Yaxın günlərdə qənaətimizi və əldə etdiyimiz nəticələri bölüşəcəyik. Amma indilikdə Nardaran hadisələri zamanı həbs olunanların siyahısını açıqlamağı vacib hesab edirik. Bu siyahı və həbs olunanlara qarşı irəli sürülən ağır ittihamlar Nardaran dəhşətlərinin miqyasının müəyyənləşməsinə yardımçı ola bilər. Heç bir əsas və zərurət olmadan, qeyri- peşəkarlıqla həyata keçirilən, 2- si polis olmaqla 6 nəfər soydaşımızın qətlə yetirilməsi, bir neçə nəfərin yaralanması, yüzlərlə şəxsin həbs olunması, cəmiyyətdə qarşıdurma və gərginlik yaradan Nardaran hadisələrinin arxasında hansı məqsədlər dayanır, bunların açıqlanmasına ehtiyac var. İndisə gəlin görək həmin hadisələrlə bağlı nə qədər şəxs həbs olunub?

Apardığımız araşdırmalar göstərir ki, “Nardaran işi” ilə bağlı həyata keçirilən həbsləri 3 mərhələyə bölmək olar;
1. 05 noyabrdan 26 noyabra qədər olan dövr; Bu dövrdə Müsəlman Birliyi Hərəkatının (MBH) sədr müavini Elçin Qasımov və onun həbsinə etiraz edən, Sabunçu rayon Polis İdarəsinin qarşısında həbs olunan şəxslər daxildir;
2. 26 noyabr günü həyata keçirilən həbslər. Başda DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi olmaqla güc strukturlarının Nardaranda həyata keçirdiyi amansız qanlı əməliyyat nəticəsində MBH- nın sədri Hacı Taleh Bağırzadə və onun bir qrup tərəfdarının həbsi;
3. 26 noyabrdan sonrakı müddətdə həyata keçirilən həbslər. Bu həbslərə Bakıda və regionlarda həbs olunan həm MBH- nın tərədarları, həm digər dindarlar və eləcə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi daxildir.

Apardığımız araşdırmalar göstərir ki, “Nardaran işi” ilə bağlı son bir ildə 200- dən çox şəxs saxlanılıb və həbs olunub. Onların bir qismi inzibatı həbs və xəbərdarlıqla cəzalandırılsa da 87 nəfərə cinayət işi qaldırılıb və onlar hazırda həbsdədirlər. Həbs olunanların böyük əksəriyyəti dəhşətli və amansız igşəncələrə məruz qalıblar. Bu işgəncələrin bir hissəsi qisasçılıq zəminində baş verib, bir qismi isə həbs edilən şəxslərdən siyasi hakimiyyət üçün yararlı ola biləcək etirafedici ifadələrin alınmasına xidmət edib. Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə məhkəmədə bildirib ki, ona və bəzi dostlarına işgəncə verərək Nardaran olaylarının arxasında Milli Şuranın və İranın xüsusi xidmət orqanlarının dayandığını sübut etmək istəyiblər. O eyni zamanda bildirib ki, noyabrın 26- da Nardaranda Fərahim adında şəxsi polislər mebel maşınında işgəncə verərək, döyərək öldürdülər.

Həbs olunanların əksəriyyəti vəkilsiz olub. Vəkilsiz dindirilib. Uzun müddət onlar xarici aləmdən təcrid olunmuş vəziyyətdə saxlanılıb. Məhkəmə önünə çıxarılmayıblar, ailələri ilə əlaqə saxlamasına, özlərinin seçdikləri vəkilləri ilə görüşməsinə imkan verilməyib. Nardaran olaylarından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq hadisə ilə bağlı əməliyyat çəkilişi bu günə qədər ictimaiyyətə təqdim edilməyib. Təkcə bu faktlar Nardaran hadisələrinin qurama və sifarişli olmasını deməyə əsas verən amillərdəndir.
Nardaran hadisələri ilə bağlı həbs olunan hər kəs günahsızdır. Onların hər biri hakimiyyətin Taleh Bağırzadə fenomenini məhv, Nardaranı ram etmək üçün əvvəlcədən planlaşdırılaraq həyata keçirdiyi qanlı əməliyyatın günahsız qurbanlarıdır. Onların həbsində Avropa Şurası Parlament Assembleyasının (AŞPA) 03 oktyabr 2012- ci il tarixli siyasi məhbus kriteriyaları ilə bağlı 1900 saylı qətnamənin tələbləri pozulduğu üçün onlar siyasi məhbusdur.
Hardaran hadisələri ilə bağlı kimlər həbs olunub?
Hadisələrin ilk günlərində Respublika prokurorluğunun yaydığı məlumatda həbs olunan və haqqında cinayət işi açılan şəxslərin sayının 68 nəfər olduğu göstərilirdi (http://www.azadliq.info/118617.html). Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, Nardaran olayları baş verdikdən sonra adı çəkilən qəsəbədə, ətraf kəndlərdə və rayonlarda polis əməliyyat- axtarış tədbirləri həyata keçirib. Çoxlu sayda MBH- nın üzvləri və tərəfdarları həbs olundu. Bu axtarışlar zamanı polis şübhəli, onlara etiraz edən, əvvəldən nəzarətdə olan, hətta “Nardaran işi”- nə aidiyyatı olmayan bir çox şəxsləri də həbs etdi. Hazırda həbs olunanların sayı 87- nın üzərindədir.

Qısa arayış- Nardaran olaylarına dair həbs edilənlər (xüsusən Taleh Bağırzadə və MBH- nın tərəfdarları- red.) barəsində Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ağır maddələrlə cinayət işi başlanılıb və saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 120- ci (qəsdən adam öldürmə), 214- cü (terrorçuluq), 220- ci (kütləvi iğtişaş), 228- ci (qanunsuz olaraq odlu silah satma, saxlama, daşıma və gəzdirmə), 233- ci (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278- ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283- cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr daxil olmaqla CM- nin 20- yə yaxın maddəsi üzrə ittiham irəli sürülüb.

Nardaran hadisələri ilə bağlı həbs olunanların adlı siyahısı aşağıdakı kimidir;

Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Taleh Bağırzadə ilə birgə 26 noyabr 2015- ci ildə həbs olunanların adları;
1. Hacı Tale Bağırzadə
2. Fərhad Nəsrəddin oğlu Balayev
3. Cahad Balahüseyn oğlu Balakişiyev
4. Abbas Əbdülrəhman oğlu Quliyev
5. Abbas Hafiz oğlu Tağızadə
6. Əlibala Cavad oğlu Vəliyev
7. Cabbar Əmirxan oğlu Cabbarov
8. İbrahim Məhəmməd oğlu Xudaverdiyev
9. Rasim Mirzəbala oğlu Cəbrayılov
10. Əli Həsrət oğlu Nuriyev
11. Zakir Tapdıq oğlu Mustafayev
12. Şamil Adil oğlu Abduləliyev
13. Aqil Azər oğlu İsmayılov
14. Ramin Məhərrəm oğlu Yarıyev
15. Etibar Rasim oğlu İsmayılov
16. Bəhruz Rahib oğlu Əsgərov
17. Abbas Məhəmmədbağır oğlu Hüseynov

Hadisələrdən sonra hakimiyyət siyasi müxalifəti, konkret olaraq AXCP və Milli Şuranı Nardaran olaylarına bağlamaq üçün 08 dekabr 2015- ci ildə Xalq Cəhbəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlını həbs edib. Onun Facebook sosial şəbəkəsində yazdığı statusu təhrif edərək və saxtalaşdıraraq CM- nin 281.2-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə cinayət işi açmış, sonra isə ona CM- nin 220.2- ci maddəsi ilə (İğtişaşlara çağırış) ittiham elan edib.

MBH- nın həbsdə olan rəhbərliyi

Müsəlman Birliyi Hərəkatı hazırda ölkədə mövcud olan yeganə təşkilatdır ki, onun İdarə Heyətində, rəhbərlyində təmsil olunan bütün şəxslər həbsdədir.
İttiham Aktından çıxarış; “Nardaran işi” ilə bağlı tərtib olunan ittiham aktında Müsəlman Birliyi Hərəkatı haqqında deyilir; “Azərbaycan respublikasının konstitusiya qurluşunu zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə olunan dini dövlət qurulmasına yönəlik hərəkətlər etmək məqsədilə Bakı şəhərində və digər bölgələrdə tərəfdarlar toplamaqla Bağırov Taleh Kamil oğlunun rəhbərliyi ilə müvafiq qaydada rəsmi dövlət qeydiyyatına alınmadan təsis edilmiş “Müsəlman Birliyi Hərəkatı” İctimai Birliyə radikal dini baxışları bölüşən şəxsləri (adlar yazılır- red.) cəlb etməklə Bakı şəhəri Yasamal rayonu H. Zərdabi küçəsi, 78E ünvanda ofis kirayələməklə Taleh Bağırovun rəhbərliyi ilə vəzifə bölgüsü aparılıb”. İttiham aktında vəzifə bölgüsü aparılan şəxslər aşağıdakı kimi göstərilib;
1. Elçin Kamal oğlu Qasımov- sədr müavini
2. Qəhrəmanov Nahid Nəsib oğlu- maliyyə şöbəsinin rəhbəri
3. Elgün Axund oğlu Axundov- Bakı şəhəri üzrə koordinator
4. Vüsal Nadiroglu Alişov- elm və mədəniyyət üzrə müavin
5. Seyfəddin Nurulla oğlu Şirvanov- şəbəkələr üzrə koordinator
6. Ìsa Tofiq oğlu İbrahimov- cənub bölgəsi üzrə koordinator
7. Fərhad Mirzə oğlu Muradov – ilahiyyət şöbəsinin rəhbəri
8. Ramil Zabil oğlu Əliyev- şöbə müdiri
9. Əbülfəz Heybət oğlu Bünyatov- mətbuat katibi
10. Elxan Saday oğlu İsgəndərov- bədən tərbiyəsi və idman şöbəsinin rəhbəri

Sabunci rayon məhkəməsində haqqında məhkəmə qərarı çıxarılmış Nardaran kənd sakinləri;

Sabunçu rayon məhkəməsində haqqında məhkəmə qərarı çıxarılan məhbuslar nisbətən yüngül maddə ilə ittiham olunublar. Onlara qarşı CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri, bəzilərinə isə CM-nin 228.4- cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və CM- nin 234- cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələr irəli sürülüb. Onlar 1 il 6 aydan, 2 il 6 aya kimi azadlıqdan məhrum ediliblər.

Onların siyahısını təqdim edirik;
1. Rəhimov Nohbala Bəhrəm oğlu- 1 il, 6 ay (Nardarandakı Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin axundu)
2. Nəbizadə Urfan Fəyyaz oğlu- 2 il, 6 ay
3. Nəbizadə Hüseynbala Məmmədəli oğlu- 2 il, 6 ay
4. Zəkiyev Zahid Faiq oğlu- 2 il
5. Babayev Razi Abbasəli oğlu- 2 il
6. Əlizadə Vasif Vaqif oğlu- 2 il, 6 ay.
7. Rüstəmov Əlizöhrab Əmirhüseyn oğlu- 2 il, 6 ay.
8. Məmmədov İntiqam Həmdi oğlu -2 il 6 ay
9. Qasımov Əliağa Mahmud oğlu- 2 il, 6 ay
10. Bünyatov Rasim Sərvər oğlu- 2 il, 6 ay
11. Ağarzayev Mübariz Hasir oğlu- 2 il.
12. Ağayev Seyyidəli Ağakərim oğlu- 2 il, 6 ay.
13. Əliyev Əli İsməli oğlu- 4 il.
14. Qurbanov Ələkbər Tofik oğlu- 2 il, 6 ay
15. Cabbarov Hilal Babaəli oğlu- 2 il, 6 ay
16. Cəbrayılov Ağasəlim Salman oğlu- 2 il
17. Nuriyev Akif Arif oğlu – 2 il, 6 ay
18. Əliyev Sahib Hüseynağa oğlu- 2 il
19. Quliyev Rahil Qulməmməd oğlu- 2 il, 6 ay
20. Tağıyev Savanşir Məlik oğlu- 2 il, 6 ay
21. Quliyev Həsən Əhməd oğlu- 1 il, 10 ay
22. Həsənov Ələsgər Qəzənfər oğlu- 1 il, 6 ay
23. Qədirov Nadir Əbdülağa oğlu- 2 il, 6 ay
24. Alxasov Vidadi Şirinbala oğlu- 2 il,6 ay
25.Quliyev Məmmədhənifə Əbdülrəhman oğlu- 2 il, 6 ay
26. Şahbazov Atabala Şahbaz oğlu- 2 il, 6 ay

Sabunçu rayon Polis İdarəsinin qarşısında həbs edilənlər

Bu qrup noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov həbs edildikdən sonra Sabunçu rayon Polis İdarəsinin qarşısına gələrək Qasımovun hansı səbəbdən həbs edildiyini öyrənmək və onu azadlığa buraxmağa çağırmaq üçün toplaşan şəxslərdən bir qrupu əhatə edir.
Qeyd edilən tarixdə həbs edilən şəxslərə qarşı xuliqanlıq və polisə müqavimət ittihamı ilə ittihamlar irəli sürülüb, lakin sonradan bu ittihamlar ləğv edilib və onlar polisə müqavimət ittihamı ilə inzibati qaydada həbs ediliblər. Noyabrın 20-də və sonrakı tarixlərdə azadlığa buraxılan şəxsləri yenidən Nardaran hadisələrinə görə saxlayıblar və yenidən sutkalıq həbslər alıblar. İnzibati həbsdə olarkən onlara qarşı hökm edildikləri maddələr üzrə ittihamlar irəli sürüblər.
Bu qrupa daxil olan dindarlardan biri, daha əvvəl də hicaba qoyulan qadağaya etiraz olaraq keçirilmiş aksiyada iştiraka görə həbs edilib azadlıqdan məhrum edilən Sahil Rzayev verdiyi apellyasiya şikayətində həm özünün, həm də dindar dostlarının polis bölməsində ağır işgəncələrə məruz qaldıqlarını, onların heç bir cinayət törətmədiklərini və dinc şəkildə Elçin Qasımovun həbsinə etiraz etdiklərini qeyd edib.
Bu şəxslər barəsində çıxarılmış hökmdən də görünür ki, onlar ancaq polis əməkdaşlarının ifadələri əsasında azadlıqdan məhrum ediliblər, məhkəməyə təqdim edilən polis idarəsinin qarşısında olan təhlükəsizlik kameralarının görüntülərində də adları çəkilən şəxslərin polisə müqavimət göstərmələri və ya iğtişaşda iştirak etmələri görünmür. Görüntülərdə yalnız bir qrup şəxsin polis idarəsinin qarşısında dayandığı, ərazidə çoxsaylı polis əməkdaşlarının olduğu və dindarlarla bəzi polis zabitləri arasında söhbətin getdiyi, sonradan bu söhbətin polis tərəfindən zor tətbiq edilməsi ilə nəticələnən münaqişəyə çevrildiyi görünür (“Azərbaycanda siyasi məhbuslar” Siyahı/Hesabat, səhifə 65- 66).

Həmin şəxslər CM-nin 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Avqustun 3-də Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev 2015 ci il noyabrın 5-də “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımovun həbsinə etiraz edən, Sabunçu Rayon Baş Polis İdarəsinin qarşısına toplaşdıqları üçün saxlanılan 6 dindara hökm oxuyub. Məhkəmənin qərarına əsasən,
1. Rzayev Sahil Xalid oğlu 6 il 5 ay 15 gün
2. Vəliyev Niftəli Əşrəf oğlu 5 il 11 ay 10 gün
3. Əliyev Anar Yusif oğlu 5 il 11 ay
4. Bünyadov Elvin Hatif oğlu 6 il 1 ay 15 gün
5. Əhmədov Lətif Süleyman oğlu-5 il 11 ay 20 gün
6. Osmanov Teymur Adilxan oğlu 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.

Nardaran hadisələrindən sonra Bakıda və regionlarda həbs olunan dindarlar

26 noyabr Nardaran hadisələrindən sonra da həbslər davam edib. Bakıda və regionlarda MBH-nın tərəfarları hesab olunan, eləcə də hakimiyyətin uzun müddət nəzarət altında saxladığı bir çox dindar şəxslər həbs olunub. Bu şəxslərin hazırda istintaqı “gedir”. Əslində “Nardaran işi” ilə bağlı aparılan istintaq hərəkətləri formal xarakteri daşıyır. Əldə etdiyimiz məlumata görə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedən Hacı Taleh Bağırzadə və digərlərinin məhkəmə prosesi yekunlaşan kimi onun müavini Elçin Qasımovun və digərlərinin adı çəkilən məhkəmədə məhkəmə prosesi başlayacaq. Elçin Qasımov daxil olmaqla bu şəxslərə qarşı Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürülüb; 221.2.2- ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq), 315.1- ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək), 214.2.1- ci (mütəşəkkil qrupun tərkibində terror), 214.2.3- cü (odlu silah tətbiq etməklə terror), 214.2- ci (terrora açıq çağırışlar), 220.2- ci (kütləvi iğtişaşlara çağırışlar və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq), 228.3- cü (mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz silah dövriyyəsi), 228.4- cü (qanunsuz odlu silah və qaz balonlarının gəzdirilməsi), 233-cü (ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkili və iştirak), 278- ci (hakimiyyətin zorla ələ keçirilməsi), 279.1- ci (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak), 281.2- ci (mütəşəkkil qrupun tərkibində silahlı qiyamda iştirak) və 283.2.3- cü (mütəşəkkil qrupun tərkibində dinlərarası ədavətin qızışdırılması) və digər maddələr.
Bu qrupa daxil olan şəxslər 26 noyabr Nardaran hadisələrindən sonra Bakıda və regionlarda həbs olunan dindarlardir. Adları aşağıdakı kimidir;
1. Ağayev Elman Seydəmir oğlu (29 noyabr 2015- ci ildə Lənkəranda həbs olunub)
2. Aslanov Seymur Tərlan oğlu
3. Babayev Mötəbər Qılman oğlu
4. Cabbarov Elnur Nazim oğlu
5. Əliyev Cabir Sabir oğlu
6. Həbibov Sahib Firudin oğlu
7. Həsənov Elxan Heydər oğlu
8. Hüseynov Əli Hümət oğlu
9. İbrahimov Mübariz Eyyub oğlu (01 dekabr 2015- ci ildə Gəncədə həbs olunub)
10. İsmayılov Ruzi Xaliq oğlu
11. Mikayılov Zülfüqar Sədrəddin oğlu
12. Seyfullayev Ramil Suliddin oğlu
13. Yəhyayev Ağa-Əli Eldar oğlu
14. Şahbazov Əli Atabala oğlu
15. Məmmədov Həsən Məmməd oğlu
16. Bünyatov Eldar Əliağa oğlu
17. Quliyev Mehman Əbülfəz oğlu
18. Məmmədov Mehman Balahüseyn oğlu.
19. Əliyev Əmirəli İsmayıl
20. H.Əli Gülhüseyn oğlu
21. Bəhramov Nahid Nəsib oğlu (Cəbrayıl sakini, 23 dekabr 2015 ci ildə həbs olunub)
22. Məhəmmədəli Axundzadə (28 dekabr 2015- ci ildə Astarada həbs olunub)

Gəncədə 01 dekabr 2015- ci ildə Müsəlman Birliyi Hərəkatının tərəfdarlarına qarşı keçirilən əməliyyat zamanı həbs olunanlar;
1. Ramiz Sarıyev
2. Rövşən Əsədov
3. Anar Sultanov
4. Füzuli Abbasov
5. Ramil Abbasov
Qeyd; Həbs olunan şəxslərin hər birinin evindən silah və T.Bagirzadənin müraciəti “ tapilib”.

Bu məlumatlar 26 noyabr Nardaran olayları ilə bağlı həbs olunanlar haqqında bizdə olan məlumatlardır. Bu istiqamətdə araşdırmalarımız davam edir. Çox güman ki, bu siyahı son və yekun deyil. Hələ ki, aydın olmayan bir çox məsələlər var. Amma bir şey aydındır ki, Taleh Bağırzadə və onun rəhbərlik etdiyi təşkilatın üzvləri kimisə öldürməyib və öldürməyə cəhd etməyib. Əksinə dinc, günahsız insanları öldürənlər ortadadır. Hakimiyyəti zorla ələ keçirilməsi və hakimiyyətin zorla saxlanması, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri də T. Bağırzadə və onun tərəfdarları deyil, başqaları edir. Özü də bu hərəkətlər günün günorta çağında Nardaranda deyil, adı çəkilən qəsəbə istisna olmaqla 23 ildir ki, bütün ölkə boyu xalqın iradəsi zorlanaraq seçkilərə və referendumlara haram qatılaraq, nəticələri saxtalaşdırılmaqla həyata keçirilir.
Bütün həqiqətlərin gec-tez öz yerini tutacağı gün uzaqda deyil.
P. S. “Nardaran həqiqətləri” silsiləsindən araşdırmalarımız davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button