Nardaran məhbuslarının yaxınları Mehriban Əliyevaya müraciət edib

“Nardaran hadisəsi zamanı yaralanaraq hərəkət qabiliyyətini itirən, hazırda məhkəmə prosesi davam edən Nardaran sakini Əbülfəz Bünyatovun vəziyyəti ağırdır. Yataq xəstəsi olan Əbülfəz Bünyatovun daimi diqqət və qayğıya ehtiyacı var”.

Nardaran olaylarına görə, həbs edilən şəxslərin yaxınlarının birinci vitse-prezident Mehriban Əliyevaya müraciətində belə yazılır.

Müraciətdə bildirilir ki, Ə.Bünyatov ən minimum ehtiyaclarını belə ödəyə bilmir.

“Onunla bir yerdə qalan ailə üzvləri – yaşlı anası, yoldaşı və dörd kiçik yaşlı övladı isə ona lazimi diqqət və qayğını göstərə bilmirlər. Əbülfəz Bünyatovun həkim nəzarətinə, müayinə və müalicə almağa ehtiyacı var. Evinin qarşısında keşik çəkən polislər onun yanına heç kimi, ən yaxınlarını, hətta həkimini belə buraxmırlar. Aidiyyatı orqanlara edilən bütün müraciətlər isə cavabsız qalıb, problem həllini tapmayıb. Bu, bir insana, özü də Azərbaycan vətəndaşı və ağır vəziyyətdə olan bir insana qarşı edilən ən böyük haqsızlıq və zülmdür”.

Müraciət müəllifləri qeyd edb ki, iflic, yataq xəstəsi olan, hərəkət qabiliyyətini itirmiş bir insanla bu cür davranılması insanlıq və dövlət adına ləkədir.

Əbülfəz Bünyatova həbs cəzası verilə biləcəyindən narahat olan nüəlliflər Mehriban Əliyevadan məsələyə müdaxilə etməsini, Ə.Bünyatova təzyiqlərin dayandırılması üçün yardımçı olmasını istəyiblər.

Müraciəti Nardaran olaylarında həbs edilənlərin ümumilkdə 21 yaxını imzalayıb.

Əbülfəz Bünyadov “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvüdür. O, polislərin ölümü, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrlə suçlanır. O, özünü təqsirli bilmir və ittihamların saxta olduğunu deyir.

2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.

Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Əbülfəz Bünyatov Nardaranda keçirilən əməliyyat zamanı aldığı xəsarətdən hərəkət qabiliyyətini itirib. Onun məhkəməsi bir müddətdir başlayıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button