Nardaranda həbs olunanlar “Bandotdel”də saxlanılır

nardaran

Qəsəbədə keçirilən əməliyyat zamanı ölənlərin meyitləri hələ ailələrinə verilməyib

Noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı “İmam Hüseyn” meydanında keçirilən toplantılara son verilib. Ağsaqqallar Şurası noyabrın 29-da meydanın boşaldılması haqqında qərar qəbul edib. Sakinlər evlərinə qayıdıb, meydan bütünlüklə təmizlənib. Bazar ertəsi meydanın yuyulub-təmzilənməsi üçün Sabunçu rayon icra hakimiyyətinə müraciət edilib. Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu addımlar gərginliyin aradan qaldırılması, məsələləri danışıqlar yolu ilə qaydasına salmaq istəyinin nümayişidir: “Nardaran pirinə ziyarətə gələn, amma hadisələrlə bağlı kəndi tərk edə bilməyən 200-300 zəvvar da yola salınıb. Bütün bu işlərdə Şuraya yardımçı olan rəsmi qurumlara, hüquq-mühafizə orqanlarına və sakinlərə minnətdarıq”.

O, hələ də kəndə elektrik enerjisinin verilməsinin bərpa edilmədiyini deyib. “Hadisələrlə bağlı kəndin giriş-çıxışındakı polis postlarının qalmasına hər hansı ehtiyac yoxdur. Sakinlərin normal həyata qayıtmaları üçün bu postların götürülməsi lazımdır, hərəkət məhdudiyyəti aradan qaldırılmalıdır. Qanunu pozmaq istəyənlər olsa bunun qarşısını kənd əhalisi və Şura ala bilər”.

O deyib ki, hadisələr zamanı həlak olanların meyitlərinin dəfn üçün ailələrinə verilməsi lazımdır: “Bu addım gərginliyin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir”.

Bundan əlavə, hadisələr zamanı nə qədər insanın həbs edilməsi, yaralı olması haqda dəqiq məlumat yoxdur: “Ailələri yaralıların yanına buraxılmalı, həbs edilənlər vəkillərlə təmin olunmalıdırlar. Baş vermiş hadisələrin araşdırılması, mahiyyətin üzə çıxarılmasında biz də maraqlıyıq. Amma istintaq obyektiv, qərəzsiz və həbs edilənlərin ailələrinin istədiyi vəkillərin iştirakı ilə aparılmalıdır”.

Ağsaqqallar Şurasının sədri deyib ki, kənd camaatı hər cür qarşıdurmanın, vətəndaşlara qarşı zor tətbiqinin əleyhinədir: “Zoru, gücü ancaq ölkənin düşmənlərinə göstərmək olar, bir-birimizlə danışmaq üçün dil var, nitq var, dialoq var. Biz qanunlara və hökumətə tabeyik. Heç kim qanunları pozmamalıdır”.

Onun fikrincə, hadisələrlə bağlı kəndə verilən elektrikin borc adı ilə kəsilməsi qanunun pozulmasıdır: “Elektrik olmaması üzündən kənddə poçt xidməti, xəstəxana, məktəblər, digər orqan və qurumlar normal fəaliyyət göstərə bilmirlər. Odur ki, normal həyat şəraiti bərpa olunmalıdır. Xəstəxanada elektirik olmaması üzündən xəstələrlə bağlı gözlənilməz hadisə baş verərsə, bunun məsuliyyətini düşünmək lazımdır”.

Nardaranda həbs olunanların yeri məlum oldu

Bu arada Nardaranda əməliyyat nəticəsində saxlanılan Tale Bağırzadə və digər 13 nəfərin saxlanıldığı yer məlum olub.

“Trend” məlumat verir ki, həbs olunan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) saxlanılır. Saxlanılan şəxslər vəkillərlə təmin olunsalar da, hələlik vəkillərin müfəkkilləri ilə görüşmədiyi bildirilir.

Tarix boyu o qədər güllə atmazdılar”

Noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Əbülfəz Bünyatovun anası hadisə gününü belə xatırlayır: “Tarix boyu o qədər güllə atmazdılar. Üzləri maskalı, təkcə gözləri görünür. Sanki qaniçən qatildilər. Nə dildə danışırdılar, başa düşmürdüm. Mənim körpə balalarım qorxdular. Güllə səsindən fəryad elədilər. Biri 3 gecədir ki, yatmır. Baxdım öz oğluma, gördüm bu uşaq demək olar ölüb burada. Soruşdum ki vurublar Əbülfəz səni? Astaca dedi ki, hə. Ondan başqa da nə qədər uşaq – kürəkənimi, oğlumu, camaatın balalarını… Nəyə görə?”

Əbülfəz Bünyatovun anası əlavə edir ki, silahlılar bayrağı da güllələyiblər: “Bu Azərbaycanın bayrağıdır, atributumuzdur. Əgər bunu güllələyiblərsə, demək burada prezidentimiz, nazirlərimiz günahkardır. Bu evin içində gəlinim, balalarım, özüm dəətli faciə yaşadıq. Bu hökumət hardadır? Mehriban xanım hardadır, eşitmir bunları?”

(Meydan TV)

Nardaranda öldürülənlərin meyitləri hələ də verilməyib

Noyabrın 26-da Nardarandakı polis əməliyyatı zamanı öldürülən sakinlərin meyitləri hələ də ailələrinə verilməyib. Bu barədə “Azadlıq” qəzeti Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovdan məlumat alıb.

Natiq Kərimovun bildirdiyinə görə, dünən ağsaqqalların verdiyi qərara əsasən sakinlər meydandan çadırları yığışdırıb, lakin onların gözləntilərinə qarşılıq verilməyib. Hazırda sakinlər küçələrdə toplaşıb meyitlərin qaytarılmasını gözləyirlər.

musavat.com isə qəsəbədəki reportyoruna istinadla məlumat yayıb ki, ölənlərin ailə üzvləri Sabubçu Rayon Polis İdarəsinə çağırılıb. Bu danışıqdan sonra meyitlərin ailələrinə veriləcəyi gözlənilir. Çağırışa hələlik ölənlərdən Babayev Əkbərin ailə üzvləri müsbət cavab verib. Digərləri isə bu təklifə hələ ki, cavab verməyib. Kənd ağsaqqalları arasında bu barədə danışıqlar gedir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button