Narkomanlar Paşayevlərin aptekinə hücüm etdilər!

“Zəfəran” apteklərində sakitləşdirici həblər sərbəst satılırmış

 Narkomaniya əsrin bəlasına çevrilib. Artıq ən inkişaf etmiş dövlətlər belə ağ ölümlə mübarizədə zorluqlar çəkirlər. Narkomaniyada həm də SPİD, vərəm və s. kimi təhlükəli, yolxucu xəstəliklərin yaranması üçün ən münbit mühit var. Bir şprisdən bir neçə nəfərin eyni anda istifadəsi kifayətdir ki, əksəriyyət həmin tükürpədici xəctəliklərin daşıyıcısına çevrilsinlər. Narkomaniya bir fərdin və ya ailənin deyil, cəmiyyətin problemidir. Əsasən, qeyri-demokratik idarəçilik prinsipləri olan cəmiyyətlərdə yoluxucu xəstəliklər, narkomaniya və bu kimi genefondu məhv edən amillər özünü daha qabarıq biruzə verir. Təsadüfi deyil ki, iqtisadi göstəriciləri həddən artıq aşağı olan Cənubi Afrika ölkələrində SPİD kimi qorxulu xəstəlik kütləvi hal alıb. Bu gün üçün müasir dünyanın faciəsi hesab olunan Somalidə kütləvi aclıqdan öncəki vəziyyət dünyanı demək olar ki, narahat etmədi. İnsanların həyatlarını təhlükə qarşısında qoyaraq kustar üsulla hazırlanmış qayıqlarla iri tutumlu gəmilərə hücum etməsini dünya dövlətləri sadəcə quldurluq kimi qələmə verirdi. Nətiədə sən demə, insanları hətta quldurluğa sövq edən səfalət imiş. Düzdür, bu edilən qanunsuzluqlara haqq qazandırmasa da, amma Somali quldurunun məsuliyyətinin bir hissəsi də ölkənin rəhbərliyinin üzərinə düşür. Ən azından, dünyanı sarsıdan son nəticə bunu deməyə əsas verir.

Azərbaycan müstəqilliyini qazanandan sonra məmləkət insanının dünyaya açılımında müsbət tərəflərlə yanaşı, kifayət qədər utanc gətirəcək bəzi hallarda baş verdi. Əxlaqında qüsuru olanların ölkə xaricində etdikləri, az qala millətin adına yazılacaq günah qədər kütləviləşdi. Ökədəki rejim sərtləşdikcə, ölkə xaricinə axın da intensivləşdi. Eyni zamanda Əfqan müharibəsi özlüyündə nəinki Yaxın Şərqi, hətta dünyanı belə narkobaronların hücumuna məruz qoydu. Yerli hakimiyyətin demək olar ki, ölkəyə tam nəzarət imkanlarını itirmiş Əfqanıstan, narkotika ixracatçısı kimi illər uzunudur ki, arzuolunmaz dünya birincisidir.

Azərbaycana narkotikanın daxil olması isə əsasən, İran vasitəsilə cənub qapısından həyata keçirilir. Ölkəmiz məhz bu zona vasitəsilə narkotranzir rolunu oynayır. Təsadüfi deyil ki, narkomaniyanın ən geniş yayıldığı bölgə də məhz cənub zonasıdır. Bir neçə gün öncə regiondan qayıdan reportyor qrupuna bölgə insanlarının “burada hətta iynə vuran qadınlar da var” kimi acınacaqlı faktlar söyləmələri ağ ölümün artıq çox ciddi bəlaya çevrilməsi ilə bağlı həm də SOS-dur.

Artıq bir neçə ildir ki, nəinki paytaxt, hətta regionlarda fəaliyyət göstərən apteklərə yuxu dərmanı hesab olunan dimedrolun satışı qəti qadağan olunub. Əczaçılar bu qeyri-rəsmi göstərişin məhz narkomanlara görə edildiyini bildirirlər. Narkotikadan qat-qat ucuz olan bu dərman yuxugətirici xassəyə malik olduğundan, narkoman onu özü üçün aldadıcı həzz olaraq qəbul edir. Qəribədir ki, təcili yardım birqadalarının yüksək hərarət, yuxusuzluq və s. səbəblərlə əlaqədar çağrıldıqları ünvanlarda xəstələrə kömək məqsədilə əsasən istifadə edilən kompleksə də məhz üçlük – dimedrol, novakain və analgin daxildir. Təcili yardım çağrılmadan kasıb ölkə əhalisinin öz xəstəsinə yardım etməsi arıq mümkünsüz olub. Ölkə rəhbərliyi narkomaniyanı özlüyündə bir dərmanın satışına qadağa qoymaqla həll etməyə çalışır. Dünyanın bəlkə də heç bir ölkəsində narkomaniya ilə mübarizə Azərbaycanda olduğu qədər primitiv yolla aparılmır. Narkoman özünün sakitləşməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanlarından daha çox axtarışdadır.

Etibarlı mənbənin verdiyi məlumata əsasən, bu günlərdə ölkənin ikinci ailəsi hesab olunan Paşayevlərə məxsus “Zəfəran” apteklər şəbəkəsinin hal-hazırda əsaslı təmirə dayanan Respublika Neyrocərrahiyyə xəstəxanasının qarşısındakı şöbəsinə narkomanların kütləvi hücumu olub. Əslində, həmin şəxslərin apteki talamaq kimi bir məqsədləri olmayıb. Mənbə bildirir ki, onlarla insanın qarşısına toplaşdığı aptek işçiləri narkomanların gündəlik sakitləşmələri üçün məhz həmin aptekdən aldıqları tarmadeqon preparatını satmaqdan imtina ediblər. Preparat xüsusi həkim resepti ilə satılmalı olsa da, etirazçılar bu vaxta qədər onu sərbəst aldıqlarını söyləyib, eyni qaydada da davam edilməsini tələb edirmişlər. Əraziyə polis nəfərləri çağrılsa da, narkomanları sakitləşdirmək üçün xeyli zaman sərf olunub. Mənbə söyləyir ki, həmin aptekə bu preparatın satılmaması üçün dəfələrlə xəbərdarlıq edilsə də, satış öz ahəngi ilə davam edirmiş. O da söylənilir ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının hadisə yerinə gəlməsindən sonra “Zəfəran” da daxil olmaqla ərazidəki əksər apteklər möhürlənərək fəaliyyətlərini dayandırıblar. MTN əməkdaşları apteklərdə ciddi axtarış-yoxlama tədbirləri keçirdikdən sonra sahibkarlara nəticə ilə bağlı məlumat vermədən ərazini tərk ediblər. Lakin sahibkarların fərdi qaydada müracətlərindən sonra yenidən fəaliyyətlərini bərpa etmələri mümkün olub. Mənbə onu da söyləyir ki, əməliyyat əsasən, “Zəfəran”in üzərində qurulsa da, aptek hətta personalını dəyişmədən belə fəaliyyətini bərpa edib.

Dəyərli Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, ölkəyə dərman idxalı yalnız ölkə başçısının qayınatasının nəzarətində olan şirkətlər tərəfindən həyata keçirilir. İdxal olunan dərman və digər preparatlar isə əsasən, paşayevlərin nəzarətində olan “Zəfəran” apteklər şəbəkəsi vasitəsilə həyata keçirilir.

Yazıda adı keçən hüquqi və fiziki şəxslərin münasibətlərini dərc etməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button