NATO-Azərbaycan əlaqələri yüksək qiymətləndirilib

Zakir Həsənov

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan NATO-nun Müttəfiq transformasiya komandanının müavini, general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri işğalçı Ermənistanın bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid olduğunu, məhz bu səbəbdən də ölkənin müdafiə resurslarının əksər hissəsinin düşmən tərəfinin təcavüzkar siyasətinin qarşısının alınmasına yönəldiyini diqqətə çatdırıb. Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan Z.Həsənov alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial və davamlı mövqeyinin avroatlantik təhlükəsizliyin bölünməzliyi məsələsini gücləndirdiyini, regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən general M.Zuliani Əfqanıstandakı əməliyyatlar çərçivəsində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, Əməliyyat İmkanları Konsepsiyası proqramında fəal iştirak etdiyinə, Transformasiya Komandanlığı qərargahında təmsilçiliyə və ümumilikdə uğurlu əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO  arasında mövcud proqramlar daxilində əməliyyat, təlim, treninq, hərbi təhsil, təcrübə mübadiləsi və digər sahələr üzrə tərəfdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button