Navalnının mühacirətdə olan qardaşı yenidən axtarış siyahısına salınıb

Fevralın 20-də Rusiyanın Daxili İşlər Nazirliyi müxalifətdə olan siyasətçi Aleksey Navalnının kiçik qardaşı Oleq Navalnını dəqiq açıqlanmayan ittihamlar üzrə axtarış siyahısına salıb. A.Navalnının fevralın 16-da Rusiyada həbsxanada vəfat etdiyi açıqlanıb.

Sonuncu dəfə nazirlik O.Navalnını 2022-ci ilin yanvarında axtarışa verib. O zaman penitensiar xidmət rəsmiləri ona 2021-ci ildə COVID-19 qadağasını pozmaq ittihamı ilə kəsilmiş bir illik şərti cəzanı real həbsxana cəzası ilə əvəzləməyi tələb etmişdilər.

2022-ci ilin fevralında Moskva məhkəməsi penitensiar xidmət rəsmilərinin vəsatətini təmin etdi. Ancaq onda O.Navalnı artıq Rusiyadan çıxmışdı. Sonradan bu tələbin icrası təxirə salındı, çünki artıq məhdudlaşdırma müddəti ötmüşdü.

Hazırda O.Navalnının harada olduğu bəlli deyil. 2021-ci ilin avqustunda Moskvada məhkəmə onu koronavirus qadağalarını pozmağa açıq çağırışa görə bir illik şərti cəza kəsib.

Özü və tərəfdarları qərarı siyasi motivli sayıb.

2014-cü ildə Oleq və Aleksey Navalnı Rusiyanın iki şirkətindən 500 min dollaradək oğurlamaqda, bu pulun bir hissəsini “yumaqda” təqsirli biliniblər. Şirkətlərin biri Fransanın “Yves Rocher” kosmetika şirkətinə bağlı olub.

Qardaşların hər birinə 3 il yarım həbs cəzası kəsilsə də, Alekseyin cəzası şərti olub. O zaman qardaşlar ittihamları rədd edir, işin siyasi motivli olduğunu deyirdilər. Onların iddiasına görə, məqsəd O.Navalnıdan qardaşına qarşı “girov” kimi istifadə etmək, onu siyasi və antikorrupsiya fəaliyyətindən çəkindirmək üçün şantaj etmək olub.

O.Navalnı 2018-ci il iyunun sonunda 2 il yarım həbs cəzasını çəkəndən sonra həbsxanadan buraxılıb.

Onun böyük qardaşı, prezident Vladimir Putinin açıq tənqidçisi A.Navalnı ötən həftə Arktikada həbsxanada vəfat edib. O, həmin həbsxanaya dekabrda köçürülmüşdü. Məhkəmə onun ekstremizm ittihamları ilə cəzasını 19 ilə uzatmışdı. Özü və həmkarları ittihamları siyasi motivli sayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button