Navalnının ölümündən sonra FPX-nin rəis müavininin rütbəsi artırılıb

Yayımlandı: 20 Fevral 2024 16:06

Peskov yeni rütbələri adi rotasiya və yüksəliş prosesi kimi izah edib

Rusiya Prezidenti Vladimir Federal Penitensiar Xidmət (FPX) rəisinin birinci müavini Valeri Boyarinevə general-polkovnik rütbəsi verib.

Vladimir Putin bu barədə qərarı Aleksey Navalnının vəfatından 3 gün sonra, fevralın 19-da imzalayıb.

“Meduza.io” yazır ki, 2023-cü ilin iyulunda keçirilən məhkəmə iclasında Valeri Boyarinev Aleksey Navalnının həbsdə yemək ala biləcəyi məbləği məhdudlaşdırmaq barədə əmr verib.

Bundan əlavə, Rusiya dövlət başçısı Federal Penitensiar Xidmətin direktor müavini Aleksandr Rozinə general-leytenant,  xidmətin İşlər İdarəsinin rəisi Dmitri Sharovatova general-mayor, kadrlar şöbəsinin rəisi Aleksandr Fedorova isə general-mayoru rütbəsi verib.

Kremlin sözçüsü Dmitri Peskov Federal Penitensiar Xidmətin rəhbərliyinə verilən yeni rütbələri adi rotasiya və yüksəliş prosesi ilə izah edib.

Valeri Boyarinev. Foto: fsin.gov.ru

Valeri Boyarinev 2022-ci ilin iyulundan Federal Penitensiar Xidmətin direktorunun birinci müavini vəzifəsini tuturdu.

Fevralın 16-da həyatını itirən Aleksey Navalnının cəsədi hələ də yaxınlarına verilmir.

Son 2 gün ərzində 60 mindən çox insan Aleksey Navalnının cəsədinin ailəsinə qaytarılması ilə bağlı Rusiyanın İstintaq Komitəsinə müraciət edib.

Bu haqda təşəbbüs “OVD-İnfo” insan hüquqları layihəsi tərəfindən irəli sürülüb.

Fevralın 16-da Rusiyanın Federal Penitensiar Xidməti Aleksey Navalnının Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button