Navalnının xatirəsini yad edənlərə çağırış vərəqəsi gəlib

Sankt-Peterburq şəhərində müxalifətçi Aleksey Navalnının xatirəsinə gül qoyduğuna görə bir neçə sutkalıq həbs olunan altı nəfərə izolyatordan çıxan kimi hərbi komissarlığa çağırış vərəqəsi verilib.

Onlardan başqa, Sankt Peterburqda qeydiyyatda olmayan dörd vətəndaşa da vərəqələr verilib. Bu şəxslər məhz həbsdə ölən siyasətçinin xatirəsini anmaq üçün Peterburqa gediblər.

Ümumilikdə Sankt Peterburqda Navalnı memorialına gül qoymağa görə 200-ə yaxın insan mühakimə olunub, onların çoxuna bir sutkadan 14 sutkaya qədər həbs cəzası kəsilib. Polislərin protokollarda yazdığına görə, saxlananlar “yoldan keçənlərin yolunu kəsiblər”.

Müxalifət lideri A.Navalnının həbsdə ölməsi barədə fevralın 16-da xəbər yayılıb. Bundan sonra Rusiyanın onlarla şəhərində insanlar, əsasən, siyasi repressiya qurbanlarının abidələrinə gül dəstələri qoymağa başlayıblar. “OVD-Info” insan haqları layihəsinin məlumatına görə, polis müxalifətçinin xatirəsini yad etmək istəyən azı 350 nəfəri saxlayıb.

Navalnının nəşi hələ də yaxınlarına verilməyib, rəsmi orqanlar bunu təhqiqatın davam etməsi ilə izah ediblər. Siyasətçinin anası bununla bağlı məhkəməyə müraciət edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button