Naxçıvanda jurnalistə zülüm var…

rati-nin loqosuHəkimeldostu Mehdiyevin və oğlunun həbs ediləcəyi təhlükəsi yaranıb 

Bu gün (23.07.11) RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyev yenidən Şərur rayon Prokurorluğuna çağrılıb. Həmçinin iyulun 22-də, Milli Mətbuat Günü də o, prokurorluğa çağrılıb və sahə müvəkkili RATİ-nin Naxçıvandakı digər müxbiri Mehman Mehdiyevin də ev ünvanına prokurorun çağırış vərəqəsi  gətirib. Jurnalist dünən saat 16.30-da prokurorluğa gedib. Prokuror qısa müddət onunla söhbət edərək, ona icazəsiz Muxtar Respublikanı tərk etməmək tapşırığı verib. Bu gün isə jurnalist prokurorluğa çağırılıb və ondan şəxsiyyət vəsiqəsini, pasportunu  təhvil verməyi, habelə  vəkil tutmağını tələb ediblər. Bu barədə  RATİ-yə məlumatı H. Mehdiyevin özü bildirib.

“Dünən yaşadığım kəndin inzibati ərazi üzrə nümayəndəsi telefonla mənə zəng edərək prokurorluğa çağrıldığımı bildirdi. Mən prokurorluğa getdim. Dünən 30-40 dəqiqəlik söhbət zamanı prokuror mənə onun icazəsi olmadan Naxçıvanı tərk etməməyi tapşırdı. Mehman Mehdiyevin mütləq prokurorluğa gələrək izahat verməsini tələb etdi. Bu gün də deyir ki, vəkil tut. Məgər Naxçıvanda müstəqil vəkil varmı, mən də tutum?” – deyə H. Mehdiyev bildirdi.

Xatırladaq ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektrik xəttini  kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Evinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Jurnalistin şəxsi mülkiyyətinə aid olan yardımçı tikililərini, qarajını sökməyə, yuyucu aparatı isə müsadirə etməyə cəhd ediblər. Məsələni araşdırmaq üçün jurnalistlər Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər. Polislər onlara çəkiliş aparmamaları üçün fiziki güc tətbiq ediblər. Jurnalistlər faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğuna şikayət veriblər. Habelə iyulun 19-da saat 19.30-da Həkimeldostu Mehdiyev Şərur rayon Prokurorluğuna çağrılıb. Saat yarım dindirilib və ondan izahat alınıb. Prokurorluqda  haqqında qanundan kənar elektrik enerjisi işlətmə ittihamı ilə açılmış  cinayət işinə görə sorğu-sual edilib və prokuror tərəfindən həbs oluna biləcəyi ilə  hədələnib. Həmin vaxtdan polis H.Mehdiyevin evini nəzarətə götürüb və onun oğlu, RATİ əməkdaşı Mehman Mehdiyevi axtarıblar.

Onu da qeyd edək ki, H.Mehdiyevin evinə basqın səhnəsini və jurnalistlərə təzyiq faktını kənardan məhz M.Mehdiyev çəkmişdi  və o zaman polislər onun dalınca qaçsalar da, RATİ əməkdaşının  apardığı çəkilişi ələ keçirə bilməmişdilər. Amma polislər M.Mehdiyevi mütləq şərləyərək həbs edəcəklərini H.Mehdiyevə deyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button