Nazarbayev “Xural”ı təhdid edir!!!

Qazaxıstan diktatoru qəzetimizə iddia qaldıra bilərmi?!

Əvəz Zeynallı: “Kitabın çapının davam etməsini istəyirəm və davam edəcəyəm, Nursultan Nazarbayevdən qorxmuram və hesab edirəm ki, prezident İlham Əliyev də ondan qormur”

“Xural”a yeni bir təhlükə yaxınlaşır. Bu təhlükənin varlığını hələ keçmiş kürəkəninin Qazaxıstan diktatoru haqqında yazdığı kitabın yayınlanmasından sonra hiss etməyə başlamışdıq. Amma o qədər də fikir vermədik. Nazarbayev hara, biz hara? Görünür, elə deyilmiş…

Söhbət Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayevin kürəkəni Rahat Əliyevin sabiq qayınatası haqqında yazdığı “Xaç qayınatası” kitabının “Xural”da dərc olinmasından gedir. Artıq 9 həftədir ki, qəzet Qazaxıstan diktatorunun kirli camaşırlarının açılıb-töküldüyü kitabın dərcinə başlayıb və bu, Qazaxıstan cəmiyyətini bir-birinə qatıb. Qazaxıstan prezidentinin dünyanın müxtəlif ölkələrinin rəhbərlərinə kürəkəninin qarşısını almaq üçün telefon zəngləri etdiyini Rahat Əliyevin kitabından bilirik. Onu da bilirik ki, qoca diktator doğma qızını və nəvələrini şərləməyi və onlara öz həyat yoldaşı və ataları ilə görüşməyi qadağan etməyi belə özünə rəva görən diktatordur. Qızını boşardırmağı və nəvələrini atalarından ayırmağı da Qazaxıstan diktatoru bioqrafiyasına yaza bilib.

Biz Qazaxıstanda işlərin qarışdığını hər gün internetdə baş verən dəyişikliklərdən təqib edirik. Hər gün qardaş türk ölkəsində internetə qoşulanların və kitabı oxuyanların sayı artmaqdadır və bunun nəticəsi olaraq artıq ötəh həftədən “Xural”a xəbərdarlıq zəngləri gəlməkdədir. Etibarlı və adlarının çəkilməsini istəməyən mənbələrimizin dediklərinə görə, artıq Qazaxıstan respublikasınını rəhbərliyi Azərbaycan hakimiyyətinin yuxarı eşalonlarında “Xural”a qarşı tədbir görmək məsələsini qaldırıb. “Başınız çox ağrıyacaq. Əgər Nursultan Nazarbayevin birbaşa özü məsələyə qarışsa, qəzet rəhbərliyinə daha çətin olacaq. Çünki prezident Nazarbayev prezident İlham Əliyevlə əlaqə saxlaya bilər və elə olsa birbaşa ölkə rəhbərliyi işə qarışmalı olacaq. Onu da nəzərə alsaq ki, Nazarbayevin kürəkəninin kitabında Azərbaycanla və Əliyevlərlə bağlı şok açıqlaçalar da var, o zaman Turqut Ərin kitabındakından daha qalmaqallı vəziyyətlə qarşılaşa bilərsiniz. Amma biləsiniz ki, Rahat Əliyev Turqut Ər deyil və ola bilməz. Turqut Ər sadə bir jurnalist kimi gördüyünü yazır, amma Rahat Əliyev bir diktatorun yanında 30 il kürəkən kimi fəaliyyət göstərib. Ailənin içinə girib, bütün dövlət sirlərini bilir” – deyən mənbəmiz, hakimiyyətin də münasibətləri pozmaması naminə “Xural”a təzyiq göstərəcəyini bildirir.

Qeyd edək ki, ötən həftə Əvəz Zeynallı da Nazarbayev məsələsi ilə bağlı bəzi xəbərdarlıqlar alıb. Məsələylə bağlı baş redaktorun fikirlərini öyrənmək istədik. Əvəz Zeynallı bunları söylədi: “Bir neçə yerdən narahatçılıq doğuran informasiyalar almışam. Deyəsən, Qazaxıstan işi həqiqətən başımıza problem olacaq. Dövlətin ciddi qatları ilə əlaqəsi olan bir iriçinli məmur təhdidvarı bir dillə xəbərdarlıq etdi. Onlar kitabın çapının dayandırılmasını tələb edirlər. Nursultan narahatmış, tökülən kirli camaşırlarının Azərbaycan xalqı tərəfindən bilinməsini istəmirmiş. Mən isə kitabın çapının davam etməsini istəyirəm və davam edəcəyəm. Nursultan Nazarbayevdən qorxmuram və hesab edirəm ki, prezident İlham Əliyev də ondan qormur. Kritik məqam gəlsə, İlham Əliyevin bizi müdafiə edəcəyinə əminəm. Cənab prezident Adolf Hitlerin “Mənim Savaşım” kitabının tərcümə prosesində də bizi dəstəkləmişdi.”

Ə.Zeynallı məsələni daim diqqətdə saxlayacaqlarını, lazım gələrsə mətbuat konfransı keçirəcəklərini, ölkə və dünya ictimaiyyətinə müraciət edəcəklərini də sözlərinə əlavə etdi.

Qeyd edək ki, artıq ölkə mətbuatı da bu barədə yazmağa başlayıb və “Gündəm Xəbər” qəzetinin yazdığına görə, Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edib. Qəzetin yazdığına görə, “Qazaxıstan səfirliyindən Azərbaycanın Prezident Administrasiyasına edilən müraciətdə “Xaç qayınatası” kitabının “Xural” qəzetində nəşr edilməsinin dayandırılması istənilib. Bundan sonra səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinə də müraciət edib.”

Məlumatı dəqiqləşdirmək üçün etdiyimiz çabalar boşa çıxdı. Gələn saylarımızda məsələyə əlaqədar qurumların və Qazaxıstan səfirliyinin münasibətini öyrənməyə çalışacağıq.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button