Nazim Bəydəmirli ev dustaqlığına buraxılmadı

Yayımlandı: 10 İyun 2024 21:29

Keçmiş deputat: “Hesab edirəm ki, həbsdə saxlanmağım antihumanist addımdır”

Həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.

İyunun 10-da hakim Fərid Namazovun sədrliyilə keçirilən məhkəmə iclasında Nazim Bəydəmirlinin vəkili Aqil Layıc onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Nazim Bəydəmirlinin həbsdə saxlanması üçün əsas yoxdur:

“Yaşayış yeri məlumdur, cinayət törətdiyini təsdiqləyən heç bir sübut yoxdur. Üstəlik, bildiyimə görə, hakimlər kollegiyası da məzuniyyətə gedir. Bu adamı heç bir əsas olmadan həbsdə saxlamağa nə ehtiyac var?”.

Nazim Bəydəmirli də müdafiəçisinin vəsatətini dəstəkləyib və ev dustaqlığına buraxılmasını istəyib. Keçmiş deputat səhhətindəki problemlərə diqqət çəkib:

 “Heç bir cinayət törətnədiyim halda, bir yalnış məlumat üzərindən həbs olunmuşam. Hesab edirəm ki, həbsdə saxlanmağım antihumanist addımdır. Övladlarım narahat olmasın deyə səhhətimlə bağlı problemləri ictimaiyyətə açıqlamaq istəmirəm. Oğlum – Koç Universitetinin doktorantı bu gün Amerikaya yola düşür. Orada təhlükəsizlik idarəsində işə qəbul olunub. Mən övladlarıma belə tərbiyə vermişəm ki, nə olursa olsun, harada olursunuz olun, Azərbaycanın mövqeyini hər şeydən üstün tutun. Mənim səhhətimdə çox ciddi problemlər var. Buraxın, müalicəmi alım, vəziyyətim düzəlsin, sonra yenə də istəsəniz, tutun”.

Cinayət işində bəhs olunan hədə-qorxu ilə tələbetmə ittihamının əsassız olduğunu, heç bir cinayət törətmədiyini deyən Nazim Bəydəmirli bildirib ki, Baş prokuror və daxili işlər naziri də daxil olmaqla, hüquq-mühafizə orqanlarının səlahiyyətliləri buna şahiddir. Onun sözlərinə görə, hazırda zərərçəkmiş qismində tanınan və hədə-qorxu ilə 10 min manat aldığı iddia olunan Ədalət Bağırovun özü əslində, ona qarşı qanunsuzluq edib. Bununla əlaqədar uzun illər ərzində müxtəlif dövlət orqanlarına şikayət eləyib, Baş prokurorun, nazirin qəbulunda olub. Lakin Gədəbəyin Söyüdlü kəndindəki etirazlardan sonra illərdir şikayətçi olduğu şəxsdən onun əleyhinə istifadə olunub: “Mənə qarşı qara piar başladı. Yalan məlumata görə indi buradayam…”.

Prokuror Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılmasına etiraz edib.

Zərərçəkmiş isə bu məsələ ilə bağlı fikir bildirməyib, məhkəmənin mülahizəsinə buraxıb.
Fərid Namazov, Əhməd Quliyev və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası vəsatəti təmin etməyib: “Hələ şahidlər dindirilməyib. Azadlığa çıxarsa, şahidlərə təsir göstərmək ehtimalı var”.
Məhkəmə prosesi iyulun 29-da davam edəcək.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Nazim Bəydəmirli iki nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib. Son nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.

Digər ittihama görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməsini və əlavə əlavə pul tələb edərək, sonda istədiyini alıb.
Lakin Nazim Bəydəmirli ittihamların heç birini qəbul etmir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir: “Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button