Nazim İbrahimov Rövşən Əkbərovun “üzünə durdu”

20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılıb və hazırda onun işi üzrə məhkəmə prosesi davam edir.

General ona qarşı irəli sürülən ittihamlarla razılaşmır, özünü təqsirli bilmir və məhkəmədə ifadə verməkdən imtina edir. Rövşən Əkbərov ona qarşı irəli sürülən ittihamı “film ssenarisi” adlandırır. O həbs olunduğu gündən, istintaq dövründə də susmağa üstünlük verib.

Cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilən şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov olub. İş üzrə hələ 2003-cü ildə dindirilən N.İbrahimov ifadəsində Elçin Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını desə də, sonradan istintaqa verdiyi ifadəsində iş adamı, mərhum Elçin Əliyevi 1994-cü ildən tanıdığını, dost olduqlarını, həmin vaxtlar özü də Kiyevdə sahibkarlıqla məşğul olduğunu bildirib. N.İbrahimovun ifadəsinə görə, Rövşən Əkbərovla isə onun şəxsi tanışlığı olmayıb. Şahidin ifadəsinə görə, dostunun general tərəfindən qətlə yetirildiyini Rövşən Əkbərovun şəxsən özündən eşidib. Hətta tək özü deyil,  onların yanında olan başqa şəxslər də deyilənləri eşidib. Əkbərov görüş zamanı N.İbrahimova hadisə baş verən gecə səfirlikdə keçirilmiş qonaqlıqdan sonra adını xatırlamadığı bir nəfərlə “Sikora” kafesinə getdiyini, Elçin Əliyevlə və Məzahir Şıxaliyevlə bir stolda oturduqlarını, aralarında hansısa kobud rəftara görə mübahisə yarandığını, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu danışıb.

Xatırladaq ki, ordu korpusunun komandanı olmuş  56 yaşlı Rövşən Əkbərov 2002-ci ildən general-leytenant rütbəsi daşıyır. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 1995-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button