Nazirə videomüraciət edən Şamaxı sakini narkotik ittihamı ilə həbs olundu

Yayımlandı: 8 İyun 2024 12:10

Mehriban Ömərova: “Rəis müavini yoldaşımı hədələyirdi, dediyini elədi, 4 uşağı başsız qoydu”

Şamaxı sakini Mehriban Ömərova həyat yoldaşı Soltan Ömərovun şərlənərək həbs olunduğunu deyir. O bildirir ki, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Səid Seyidov xeyli vaxtdır həyat yoldaşını həbs etməklə hədələyirdi.

“Mən bilmirdim ki, kimdən xoşları gəlmirsə, cibinə narkotik qoyub, həbs eləyirlər”

“Axır ki, dediyini elədi, 4 uşağı başsız qoydu. Dünəndən o uşaqların gözünün yaşı qurumur, bir tikə çörək yeməyiblər. Yoldaşım qanunsuzluqlardan uzaq, ağ vərəq kimi adamdı. Halal zəhmətilə 4 uşağını saxlayırdı. Belə bir adamı narkotiklə şərləmək nə deməkdir? Mən bilmirdim ki, vəziyyət belədir, kimdən xoşları gəlmirsə, cibinə narkotik qoyub, həbs eləyirlər. Dünən körpəm ac yatıb. Bu qədər insafsızlıq, vicdansızlıq olar?!”, – Mehriban Ömərova Meydan TV-yə danışır.

34 yaşlı Soltan Ömərov bir müddət öncə video paylaşaraq, həbslə hədələndiyini bildirmişdi. Bu, bir sıra internet televiziyalarının efirində də yayımlanıb.

“Yoldaşımın burnunu səndırmışdı, üzr istəməyə məcbur eləmişdilər”

Həyat yoldaşının sözlərinə görə, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Səid Seyidov Soltan Ömərovun kiminsə əleyhinə yalan ifadə verməsini istəyib. Lakin o razılaşmayıb:

“Aralarındakı ədavət də buna görə başlayıb. Səid Seyidov Bəybala adlı adamın vasitəsilə yoldaşımı çağırtdırıb ki, üzə dursun. O isə razılaşmayıb. Bundan sonra yoldaşımı hədələmişdilər. Bir neçə gün sonra çayxanada həmin o Bəybala içkili vəziyyətdə pivə bakalını yoldaşımın üstünə atıb, burnunu sındırmışdı. Deyib ki, “səni öldürəcəm, Səidə güvənirəm”.

Şamaxı Rayon Polis Şöbəsi. Foto: Azərtac

Adamın burnunu vurub sındırdı, amma Bəybalaya heç nə eləmədilər. Əksinə, yoldaşımı tutub saxladılar, barışığa məcbur elədilər. Səid Seyidov yenə əl çəkmədi. Yoldaşım məcbur olub, video çəkdi, daxili işlər naziri Vilayət Eyvazova müraciət elədi. Çatdırdı ki, Şamaxı Rayon Polis Şöbəsində ona təzyiq edilir. O video “TikTok”da yayıldı. Rayonda Xanlar adlı biri yoldaşımı kafedə saxlatdırıb, ona zorla üzr videosu çəkdirdi. Bununla da ürəkləri soyumadı. İndi də başımıza bunu gətirdilər. Evin çörək gətirəni yoldaşım idi. İndi mən bu uşaqları necə saxlayım?”.

Mehriban Ömərova əlavə edib ki, həyat yoldaşının tutulması barədə onlara heç bir məlumat verilməyib. Soltan Ömərov iyunun 6-da günorta yeməyindən sonra evdən çıxıb, həmin vaxt əlində su olub:

“Beş dəqiqə sonra çölə çıxdım, gördüm ki, əlindəki içəcək yerdədir. Şübhələndim, zəng elədim, cavab vermədi. Bir qədər sonra yenə zəng elədim, bu dəfə də cavab verməyəndə bildim ki, başına oyun gətirirlər. Zəng elədim “102”yə. Polis şöbəsinə getdim, məlumat vermədilər. Prokurorluğa getdim, Tural adlı müavinlə görüşdüm. Orada bildim ki, narkotiklə şərləyiblər. Mənə deyir ki, “biz sənin yoldaşına xəbərdarlıq eləmişdik ki, sakit dayansın”.
Daxili İşlər Nazirliyi isə Mehriban Ömərovanın dediklərilə razılaşmır.

Daxili İşlər Nazirliyi təkzib edir

Nazirliyin mətbuat xidmətinin bölgə üzrə baş inspektoru Mahir Məsimov Meydan TV-yə bildirilib ki, Şamaxıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı M.İsgəndərov saxlanılıb. Onun üstündən marixuana tapılıb:

Daxili İşlər Nazirliyi. Foto: DİN

Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni Soltan Ömərovdan aldığını bildirib. Davam etdirilən tədbirlərlə Soltan Ömərov da şübhəli şəxs qismində saxlanılıb. Ondan da satış məqsədilə üzərində daşıdığı 14 ədəd bükümdə marixuana və metamfetamin aşkar olunaraq götürülüb. Soltan Ömərovun saxlanılması ilə bağlı istintaq aidiyyəti olmayan iddialar şəxsi mülahizələrdir, həqiqəti əks etdirmir”.

Soltan Ömərova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Generalın qardaşı oğlu…

Şikayətdə adı hallanan polis polkovniki Səid Seyidov əvvəllər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyib. Həmin dövrdə bu idarənin rəisi olmuş general Mirqafar Seyidov onun əmisidir.

Mirqafar Seyidov 2007-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub. Daha sonra 6 il Bakı şəhər Baş Polis İdarəsinə rəhbərlik edib. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilən Mirqafar Seyidov 2022-ci ildə təqaüdə göndərilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button