Nazir BDU-nun beynəlxalq reytinqdə irəlilədiyini, müəllim isə gerilədiyini deyir

Yayımlandı: 6 İyun 2024 13:14

Araz Əliyev: “Hər qabağınıza qoyulana inanmayın”

“QS Quacquarelli Symonds” ali təhsil sahəsi üzrə beynəlxalq analitik agentliyi dünyanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb.

Reytinqdə Azərbaycanın 3 universiteti təmsil olunub və ötən illə müqayisədə hər üç universitetdə irəliləyiş müşahidə olunduğu məlum olub.

Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti dünyanın 951-1000 ən yaxşı universiteti siyahısına daxil edilib.

Azərbaycan universitetləri arasında son 5 ildə ilk dəfə olaraq Bakı Dövlət Universiteti müvafiq reytinqdə yenidən ilk 1000-likdə təmsil olunur.

Reytinqdə 1001-1200 intervalında yer alan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mövqeyi ötənilki nəticələrlə müqayisədə xeyli yaxşılaşıb və 1201-1400 intervalından 1001-1200-ə yüksəlib.

Reytinqdə 1001-1200 intervalında Azərbaycan Dövlət İqtisad Universiteti də yer alıb.

“QS World University Rankings”də nəzərə alınan 9 göstəricidən 4-ü üzrə Bakı Dövlət Universiteti (“Fakültə-tələbə nisbəti”, “Akademik kadrların sayı”, “Beynəlxalq Tədqiqatlar İndeksi” və “Məşğulluq nəticələri”), Dövlət İqtisad Universiteti – 4 universitetlərin hər biri (“Akademik reputasiya”, “İşəgötürənlər arasında nüfuz”, “Əcnəbi tələbələrin payı” və “Dayanıqlı inkişaf”) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (xarici müəllimlərin payı) ölkədə birinci yerdədir.

“Məşğulluq nəticələri” göstəricisinə görə, hər 3 universitet ilk 500-lükdə təmsil olunur.

Emin Əmrullayev, Foto: Azərtac

Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında universitetlərin reytinqdə irəliləməsindən yazıb. Bunu müsbət hal kimi dəyərləndirib.

Bakı Dövlət Universiteti “QS Quacquarelli Symonds” dünyanın ən yaxşı universitetlərinin reytinqində top-1000-də yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə reytinqin 1001-1200 diapazonunda qərarlaşıb. Ali təhsil müəssisələrimizin reytinq göstəricilərində irəliləyişin olması sevindirici haldır. Hər üç universitetin, xüsusilə müvafiq reytinq üzrə son 5 ildə ilk dəfə top-1000-də yenidən təmsil olunması münasibətilə Bakı Dövlət Universitetinin akademik heyətini ürəkdən təbrik edirəm”, – nazir qeyd edib.

Bakı Dövlət Universitetinin müəllimi, III Respublika Platformasının Qurucu Heyətinin üzvü Araz Əliyev deyir ki, əslində, BDU bundan öncəki illərlə müqayisədə “QS Quacquarelli Symonds” agentliyinin reytinq cədvəlində xeyli geriləyib.

İctimaiyyətə isə əksi təqdim olunur, universitetlərin reytinq cədvəlində irəlilədiyi bildirilir:

Foto: Araz Əliyevin şəxsi arxivindən

Keçmiş reytinq cədvəllərinə bir-bir nəzər saldım. Deməli, 2016-2017-ci illərdə BDU bu şirkətin reytinq cədvəlində 701+ yer tutub, 2019-2020-ci illərdə isə bu göstərici 801+ olub. Bir qədər geriləmə olsa da, hələ də ilk 1000 universitet arasında yer alıb. Sonrakı illərdə (2021, 2022, 2023) isə göstəricilər daha da düşüb, reytinqlərdə BDU-nun yeri 1000-1200 arası olaraq qeyd olunub”.

Bu məqamda sual yaranır: BDU onsuz da 5-6 il əvvəl ilk 1000 universitet, hətta ilk 700-800 arasında arasında idi, nə oldu ki, 500 pillə gerilədi? Buna nə və ya kim səbəb oldu? Açıqlama varmı? Ən azından mən rast gəlməmişəm. Hər qabağınıza qoyulana inanmayın”, – Araz Əliyev qeyd edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button