Nazir İranda səfirliyin işinin bərpası üçün gözləntilərindən danışıb
“Diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı İran tərəfindən bizə bir neçə dəfə müraciət daxil olub”. AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.
C.Bayramovn sözlərinə görə, cinayətin istintaqının tezliklə başa çatdırılması və günahkarların, bunu sifariş edənlərin məsuliyyətə cəlb olunmasını gözləyirlər: “Diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı İran tərəfindən bizə bir neçə dəfə müraciət daxil olub. Ancaq bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb ediləcək, sərt şəkildə cəzalandırılacaq. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.
Hələlik, bu açıqlamaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.