Nazir jurnalisti məhkəməyə verib

Səhiyyə naziri Oqtay Şirəliyev “Kanal 8” internet televiziyasının əməkdaşı Teymur Kərimovu məhkəməyə verib. Məhkəmənin hazırlıq iclası iyunun 7-si Nəsimi Rayon Məhkəməsində olmalıdır.

Teymur Kərimov “Azadlıq” radiosuna bildirib ki, nazir onun Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Məsələ ilə bağlı “Turan”ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər ki, deyilənlərə dair bəyanat olacaq.

Mayın 18-də jurnalist Teymur Kərimov anasının müalicəsinə pul toplamaq üçün Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirib. O deyib ki, səhiyyə sistemində rüşvətxorluq hökm sürür.

Öz növbəsində Səhiyyə Nazirliyi bildirib ki, Teymur Kərimovun anası dövlət hesabına müalicə olunur, bütün ittihamlar əsassızdır.

Jurnalist “Azadlıq” radiosuna bildirib ki, söylədiklərinə dair sübutları məhkəməyə təqdim edəcək.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq haqqındadır. Bu maddə ilə təqsirli bilinən şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button