Nazir Qarabağ Universitetinə gedən müəllimlərə yüksək maaş vəd edir

Yayımlandı: 14 İyun 2024 14:54

Əmrullayev sertifikasiya prosesinin nəticələrindən razı qaldığını deyib

Bu gün Azərbaycanda “Son zəng” günüdür.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunur ki, bu il məzun olan onbirincilərin sayı ümumilikdı 102 120 nəfərdir.

Elm və təhsil naziri Emin Əmrullayev də tədbirlərə qatılıb.

Nazir həmçinin jurnalistlərə açıqlama verib.

Müəllimlərin sertifikasiya prosesindən danışan nazir nəticələrdən razı qaldığını bildirib.

“Sertifikasiya imtahanları cəmiyyətdə çaşqınlıq yaradıb”

Sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb. Yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur. Sadəcə, sonuncu təkrar sertifikasiya imtahanının nəticələri açıqlandı və bu rəqəmlər cəmiyyətdə çaşqınlıq yaratdı. Bütün müəllimlərin suala səhv cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır, hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlərin az bir qismidir”, – nazir deyib.

O xatırladıb ki, 2022, 2023, 2024-cü illərdə bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib.

Emin Əmrullayev. Foto: Azərtac

2023-cü ildə keçirilən sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub.

Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının məlumatına görə, ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 2024-cü il 21, 22, 24 iyunda, 2023-cü ildə uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyulda keçiriləcək.

Sertifikasiya imtahanlarında riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

“İşğaldan azad olunmuş ərazilərdə 20-dən çox məktəb açılacaq”

Nazir yenidən Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə iyirmidən artıq məktəbin tikintisinin aparıldığını deyib.

O bildirib ki, bu ilin sentyabrında Şuşada, Xankəndidə, Xocalıda, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır:

Emin Əmrullayev Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universiteti haqqında danışıb.

Qarabağ Universiteti. Foto: Wiki

Bu il universitetin ilk tədris ilidir, yəqin ki, hansısa çatışmazlıqlar olacaq. Amma biz Qarabağ Universitetini bir yerdə quracağıq. Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər nəzərdə tutulur. Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı veriləcək və yaşayış yeri ilə təmin ediləcək. Orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb ediləcək”, – nazir bildirib.

Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağda Universitet yaradılması ilə bağlı sərəncam imzalayıb.

Qarabağ Universitetində 6 fakültə (Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm), 25 ixtisas üzrə tədris aparılacaq.

İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.

2024/2025-ci tədris ili üçün ümumilikdə 27 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.

Həmçinin Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunacaq.

Əvəzində Qarabağ Universitetinə aparılacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button