Nazirlər nə qədər maaş istəyirlər?

Milli Məclisin deputatların əməkhaqlarını 10% artırmaq barədə qərarı yerli mediada “taxikardiya”ya səbəb oldu, halbuki, əvvəlki aylarda müəllimlərin, həkimlərin, mədəniyyət, gənclər və idman, aqrar sahə işçilərinin əməkhaqlarının bu həcmdə artırılması cəmiyyətdə xüsusi entuziazm yaratmamışdı. Mahiyyətcə analoji olan bu iki fakta belə münasibətin səbəbi təhsil və səhiyyə sistemi əməkdaşlarının əməkhaqlarına əlavənin çox az olmasıdır.

Həqiqətən də uşaq poliklinikasında ayda 170 manat alan sahə həkiminin və parlament üzvünün maaşının 10% artırılması tamamilə müxtəlif məbləğdir. “Milli Məclisin deputatının statusu haqqında”qanuna edilən dəyişikliyə görə, mayın 1-dən Milli Məclisin sədri 2475 manat (indiyə qədər 2250), onun birinci müavini 2227 manat (2015 olub), MM sədrinin müavinləri 2103 manat (öncə 1912.5 manat) alacaq. Komitə sədrləri 1980 manat (1800 olub), komitə sədrlərinin müavinləri 1856 manat, sıravi deputatlar 1732 manat (1575 idi) alacaqlar.

Xidməti ezamiyyətlərə və səfərlərə görə spikerin əməkhaqqı 3712,5 manat, onun birinci müavini 3340,5 manat, spikerin müavinləri 3154,5 manat, komitə sədrləri 2970 manat, komitə sədrinin müavinləri 2784 manat, deputatlar 2598 manat alacaqlar.

Ancaq məlum olur ki, deputatlar bu artıma o qədər də sevinməyiblər. Milli Məclisin üzvü Qüdrət Həsənquliyev hesab edir ki, 10%-lik artım boş bir şeydir. Onun fikrincə, MM spikeri ayda 10 min manat, deputat ən azı 8000 manat almalıdır.

Cənab Həsənquliyev öz həmkarlarının maddi durumunun təhlili ilə kifayətlənməyib. O, azərbaycanlı nazirlərə də toxunub. “Uğurlu Sinqapur modeli var. Bu təcrübəni tətbiq etmək faydalı olardı. Bizim nazirlərin vəzifə maaşları gələcək artım ilə ayda 10 min manat olmalıdır”, – o qeyd edib.

Bu təklif sosial şəbəkələrdə qızğın müzakirə və mübahisələrə yol açıb. İştirakçılar bu mövzu ilə bağlı ziddiyyətli fikirlər söyləyirlər. “APA-Holding”in rəhbəri Vüsalə Mahirqızı Facebook-da yazıb: “MM deputatı üçün ayda 8 min manat da azdır. Qanun yaratmaqla məşğul olan, ölkəni beynəlxalq təşkilatlarda təmsil edən şəxs yaxşı yaşamalıdır, yaxşı qidalanmalı, geyinməli, seçicilərlə görüşlər keçirməlidir. Hamı bilir ki, bu gün heç bir deputat ayda 1800 manatla yaşamır. Onların əlavə qazancı var. Qüdrət Həsənquliyev təklif edir ki, bu mənbələr olmasın, onlar leqal gəlir əldə edib, vergi ödəsinlər. Bizim deputat korpusu biznesmenlərdən yox, siyasətçilərdən ibarət olsun”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da müzakirələrdən kənarda qalmayıb. “MM deputatlarının 80%-i maddi cəhətdən təmin olunub, ciddi bizneslə məşğul olur. Bu gəlir onlara çatmır? Əhalinin əksəriyyəti yoxsulluq içindədir. Niyə alimin, müəllimin, jurnalistin əməyi deputatın əməyindən az qiymətləndirilir? Niyə onların əməkhaqqı dəfələrlə artırılmır? MM üzvləri bu barədə düşünürmü?”, – hüquq-müdafiəçisi öz səhifəsində sual edir.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, Sinqapur modeli ilə yanaşı, Gürcüstanın da diqqətəlayiq təcrübəsi var. Saakaşvilinin prezidentiyinin ilk illərində, iqtisadiyyatın acınacaqlı olduğu vaxtlarda nazirlərin artırılmış əməkhaqları leqal olaraq Soros Fondu tərəfindən ödənilirdi. Məqsəd korrupsiyadan qaçmaq idi. Ona görə də rüşvətxorluq və korrupsiya faktları yox idi. Çünki idarəetmə sistemi sağlamlaşdırılmışdı, nəzarət gücləndirilmişdi və nazirlər bilirdilər ki, qanunu pozsalar onları nə gözləyir.

“Sizcə, yaxşı qazanmaq imkanı olan vəkil, maliyyəçi, müstəqil ekspert ayda 1800 manata nazir vəzifəsinə gedər? Əgər gedərsə, deməli, onun başqa maraqları var. O bilir ki, onun gizli maliyyə mənbələri olacaq.

Korrupsiyanın kökünün kəsilməsi üçün məmurlar və deputatlar yüksək əməkhaqqı almalıdır. Niyə onlara ayda 8-10 min manat ödənilməsin? Ancaq belə olduğu halda cəmiyyətin digər üzvlərinin də maddi rifahı yüksəldilməlidir, dövlət orqanlarının işinin şəffaflığı təmin edilməlidir, korrupsiyaya aparan istənilən yol qapadılmalıdır. Bu mübarizə əməldə olmalıdır, kağızda yox. Bu gün bizim nazirlərə 10 min manat ayda yox, hər gün verilsə də onlara az gələr, çünki onların tələbatı və iştahası çox böyükdür”, – S.Məmmədov vurğulayıb.

İqtisad elmləri doktoru Fikrət Yusifov yaranmış vəziyyətdən çıxış yolu təklif edir. Onun fikrincə, Q.Həsənquliyevin təklifi ölkədəki reallığı əks etdirmir. Orta aylıq əməkhaqqının 520 manat olduğu bir halda deputatlar üçün 8 min manat, nazirlər üçün 10 min manat tələb etmək məntiqli deyil.

“Hansısa ölkədə ola bilər, belə maaşlar normaldır, ancaq orada iqtisadiyyatın səviyyəsi, insanların əməyinin ödənilməsi başqa cürdür. Azərbaycan belə iqtisadi, sosial inkişaf səviyyəsinə çatmayıb. Müxtəlif kateqoriyadan olan əhalinin əməkhaqqı və pensiyasının artırılması üçün maliyyə və iqtisadi əsaslar olmalıdır. Bu gün ölkədə maliyyə vəziyyəti əməkhaqlarının sürətlə artırılmasına imkan vermir. Sosial ədalətlilik prinsipini də unutmaq olmaz. Həkimlər, müəllimlər, kitabxanaçılar minimal əməkhaqqı aldığı halda deputatlara 8 min manat verilməsi hansı mənəviyyata sığar? Bundan əlavə, hansı xidmətlərinə və hansı “gərgin, çox çətin əməyə görə” onların maaşı artırılmalıdır”, – iqtisadçı-alim fikrini yekunlaşdırıb.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button