Nazirlik AER-lə bacara bilmir

Ölkənin hər yerində bu şirkətin qadağan olunmuş dondurmaları satılır…

Sumqayıt şirkəti kimi tanınan AER-in son illər bazarda xüsusi üstünlük əldə etdiyi danılmazdır. Nisbətən yüksək standartları ilə rəqiblərini sıxışdırmağa nail olmuş bu şirkət hətta birinciliyə belə yüksələ bilmişdi. Ancaq görünən odur ki, dondurma istehsalçıları üçün builki qızmar yay əsl qış soyuğu effekti verdi. Belə ki, İqtisadi İnkişaf Nazirliyi mövsüm başlayar-başlamaz dondurma istehsalçısı olan şirkətlərə qarşı əsl “səlib yürüşü”nə başladı. Bu kampaniyanın mahiyyəti barədə az sonra. Hələliksə deyək ki, dondurma istehsalçılarından ilk olaraq “Camal LTD” hədəfə alındı. Təxminən iki həftə öncə bu şirkətin istehsalı olan “İceland” əmtəə nişanlı dondurmalarda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan müayinələr nəticəsində müxtəlif keyfiyyət problemlərinin olduğu açıqlandı.

Təxminən 10 gün öncə isə sıra “AER”ə çatdı. İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şirkətdə apardığı yoxlamalardan sonra “AER” dondurmalarının satışına qadağa qoyuldu. Hər halda, mətbuata çıxan ilkin məlumat bu formada idi. Hansı ki, müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı yalnız məhkəmə verə bilər və faktiki olaraq da “AER” dondurmaların satışı dayandırılmayıb.

Qeyd edək ki, “AER” firması 1998-ci ildən fəaliyyət göstərir. Firmanın təsisçiləri Adil, Elşən, Rövşən (AER) Şərifov qardaşlarıdır. Firmanın dondurma üzrə əsas istehsal sexi Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 21 ünvanında icarəyə götürülmüş 1500 kv.m qeyri-yaşayış sahəsində yerləşir. Bakıda 1 satış mərkəzi, 11 ekspedisiya xidməti var.

Məlumat üçün bildirək ki, ötən ilin iyul ayının 25-də AER İİN-ni məhkəməyə vermişdi.

Lakin məhkəmə AER-in xeyrinə qərar çıxarmadı. Bundan sonra isə AER-in sahibi Azər Şükürov həbs edildi və müəmmalı olaraq azdlığa çıxa bildi. Bu barədə «Xural»ın ötən sayında məlumat vermişdik. Maraqlıdır ki, şirkət fəaliyyətini bu il də davam etdirirdi. Qəzetimizin ötən sayında ««AER»in dondurmalarını almayın!!!» başlıqlı yazı dərc etmişdik. Bu yazıdan sonra isə bizim yazdıqlarımız rəsmən təsdiqləndi.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti AER şirkətinə insan orqanizmi üçün təhlükəli 4555 kq dondurmanın məhv edilməsi barədə göstəriş verdi.

Nazirliyin istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Nağıl”, “Zimuşka Zima”, “Plombir spark”, “Plombir”, “Bir cənub şəhərində”, “Royal” və “Plombir fındıqlı” adlı dondurmalarda turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu, “Yasif”, “Venera”, “Cornello” və “Futik” adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu, “Lyubimım”, “Eskimo Maqnuliya”, “Nyu-York” adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və S.aureus bakteriyalarının (stafilokok) olduğu, plastmas qablaşdırmada olan 500 qr-lıq plombir dondurmasında isə turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox olduğu aşkar edildi.

Lakin yenə də əvvəlki qaydada bu şirkətin istehsal etdiyi dondurmalarda bazarda hakimi mütləqdir. Yenə də AER-in dondurmalarında adi qaydalar pozulur. Məhsulların üstündəki istehsal tarixi, saxlanılma müddəti, istehsalçı haqqında məlumatlar səhih deyil. Daha dəqiq desək, qanunvericiliyin tələblərinə cavab vermir. Əlavə edək ki, dəfələrlə cəhd etməmizə baxmayaraq, hələ də, AER rəhbərliyi yazdıqlarımızı təkzib etməyib.

Araşdırmalarımız isə davam edir.

Redaksiyadan:

Ötən həftə «AER» dondurmalarından olduğunu iddia edən bir şəxs redaksiyamızla əlaqə saxladı. Haqlarında gedən yazılarda bir çox yanlışlıqların olduğunu vurğulayan həmin şəxs özünü səlahiyyətli adam kimi qələmə verdi. Onu redaksiyaya dəvət etdik və mövqelərinin olduğu kimi dərc olunacağına söz verdik. Amma özlərini «AER»-in səlahiyyətliləri kimi qələmə verənlər redaksiyaya gəlmədilər və təbii ki, mövqelərini də bildirmədilər.

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button