“Neft bu gün var, sabah yoxdur…”

988913_42856405.07.2013

Mütəxəssislər bildirir ki, sadə vətəndaşlar neft asılığını birbaşa öz həyatlarında hiss edə bilərDünya bazarlarında neftin qiymətində tərəddüdlər müşahidə olunur. Belə ki, hazırda “Light” markalı neft ucuzlaşaraq 1 bareli 101 dollar 18 sentə, “Brent” isə bahalaşaraq 105 dollar 76 sentə satılır. “Azəri Light” markalı Azərbaycan nefti isə 2 dollar bahalaşıb və 109 dollara satılır.

“Qara qızıl”ın qiymətində baş verən tərəddüdlər isə iqtisadiyyatında neftin payı yüksək olan ölkələrə təsirsiz ötüşmür. Doğrudur, hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan 100 dollardan bahadır, amma sabah proseslərin əksinə olacağı istisna edilmir. Mütəxəssislər bildirir ki, neftin ucuzlaşması və ya bahalaşması ilk növbədə növlət büdcəsinə və Dövlət Neft Fonduna daxil olan vəsaitlərdə özünü göstərir. Bunlar isə ölkənin əsas sosial xərclərinin mənbəyi olduğundan istənilən dəyişiklik insanların rifahına təsir edə bilər. Bundan başqa sadə vətəndaşlar neft asılığını birbaşa öz həyatlarında hiss edə bilərlər.

İqtisadçı Qubad İbadoğlu məsələ ilə bunları deyib: “Azərbaycanın valyutası neftdən daxil olan gəlirlərlə, dollarlarla kifayət qədər bağlıdır. Əgər Azərbaycana az dollar daxil olursa, bu, manatın ucuzlaşması deməkdir, əgər çox dollar daxil olursa, manat bahalaşır. Bu, alıcılıq qabiliyyətinə də təsir göstərir”.

İnsanların alıcılıq qabiliyyətinin aşağı düşməsi onların borclanmasına və borc öhdəliklərini yerinə yetirə bilməməsinə səbəb olur. Nəzərə alsaq ki, hazırda ölkədə verilən 13,4 milyard manatlıq kreditlərin 768 milyon manatı qaytarılmayan vəsaitlərdir, onda əlavə risklər vəziyyəti daha da ağırlaşdırar. Bunun baş verməməsi üçün neft amilinin təsirini azaltmaq tələb olunur.

İqtisadçı Sabit Bağırov isə hesab edir ki, iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək lazımdır: “Neftdən asılılığı aradan qaldıraq. Neft tükənən sərvətdir, bu gün var, sabah yoxdur. Biz buna hazır olmalıyıq”.

Elə ölkə prezidenti də öz çıxışlarında iqtisadi siyasətin əsas məqsədinin qeyri-neft sektorunun inkişafı olduğunu qeyd edib: “İqtisadiyyatın gələcək inkişafı sahibkarlığın inkişafından birbaşa asılıdır”

Xatırladaq ki, dövlət başçısı bu məqsədlə sahibkarlara hər cür dəstək vəd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button