Neft hasilatının dondurulması Azərbaycan üçün də faydalı olacaq – ŞƏRH

neft

Aprelin 17-də OPEC üzvü olan və üzv olmayan 18 ölkənin energetika nazirləri və aidiyyəti dövlət qurumları başçılarının iştirakı ilə Dohada (Qətər) keçiriləcək sammitdə neft hasilatının 2016-cı ilin yanvar və ya fevral aylarının orta səviyyəsində dondurulması ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanı bu toplantıda Energetika naziri Natiq Əliyev təmsil edəcək.

Neft hasilatının dondurulması hasilatın həcminin azalmasına səbəb olmasa da, iştirakçı ölkələr arasında ümumi razılıq əldə edilməsi səbəbindən xüsusi önəm daşıyır. Yanvar-fevral aylarında əsas neft hasilatçısı olan ölkələrin hasilatı tarixi rekord səviyyəyə kimi artırması Doha razılaşmasının neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olmayacağı ehtimal edilir. Qeyd edək ki, “Brent” markalı neftin qiyməti son 3 ayda 67% artaraq 45 dollar/barelə çatıb. Yəni Doha görüşünün müsbət nəticəsi artıq cari neft qiymətlərində öz əksini tapıb.

Azərbaycan üçün neft hasilatının dondurulması bir o qədər də çətin olmayacaq və nəticə etibarilə faydalı olacaq: “Çünki Azərbaycanın hazırda gündəlik neft hasilatı 725 min barelə yaxındır. Bu isə öz növbəsində Azərbaycanın 2010-cu ildə hasil etdiyi tarixi maksimal səviyyə – 1 mln. barel/gün göstəricisindən 17% aşağıdır. Onsuz da Azərbaycanda hasilatın tarixi rekord səviyyədən sonra getdikcə bir qədər azalması proqnozlaşdırıldığından, hasilatın bu səviyyədə dondurulması Azərbaycan üçün müsbət hal sayıla bilər. Doha görüşündə hasilatın dondurulması nəticəsində neft qiymətlərinin sabitləşməsi baş tutarsa, neftin satışından əldə olunan gəlirlər Azərbaycan üçün hasilatı bu səviyyədə saxlamağa kömək edəcək”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanın Doha görüşündə iştirakı rəsmi Bakının bu məsələdə hansı mövqedən çıxış etdiyini göstərir:

“Yəni Azərbaycan dünyada neftin mövcud qiymətləri ilə barışmır, ondan razı deyil və neftin qiymətinin ədalətli dəhlizə gətirilib çıxarılması üçün səy göstərir. Baxmayaraq ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumət çoxlu tədbirlər görür, investisiyalar yatırır, gələcək üçün də müxtəlif layihələr ortaya qoyur, Azərbaycana əsas valyuta gətirən neft sektorudur”.

“2014-cü illə müqayisədə Azərbaycanın neft gəlirləri 2 dəfədən çox azalıb. Buna görə də Azərbaycan neft qiymətlərinin artmasında maraqlı ölkə kimi Doha görüşündə iştirak edir. Azərbaycanın hasilatı ötən illə, hətta bu ilin əvvəli ilə müqayisədə artırmaması ilə bağlı rəsmi rəqəmlər də göstərir ki, Azərbaycan sadəcə bəyanatlar deyil, real iş görür. Real iş də odur ki, il ərzində hasilat artırılmırsa, bu o deməkdir ki, biz neftin qiymətlərinə təsir edərək, onun artmasında maraqlı olan ölkələrdənik”, – deyə İ.Şaban qeyd edib.

Report.az-ın Analitik qrupu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button