Neft pulları necə talan edilir?!

Azərbaycanda idmana ayrılan pullar siyasi təbliğat məqsədilə istifadə olunur

Tanınmış ingilis sosioloqu P.Makintoş qeyd edir ki, idman öz mahiyyətinə görə insan fəaliyyətinin istənilən digər sahəsilə müqayisədə siyasətlə daha çox bağlıdır. Dövlətin və siyasətçilərin bu sahəyə olan marağı idmanın əhaliyə ideoloji təsir göstərmək üçün ən mühüm və effektiv təbliğat vasitələrindən biri olması faktı ilə əlaqədardır. Bu baxımdan tam əminlikə demək olar ki, müasir Olimpiya hərəkatının banisi olan Pyer de Kubertenin idmanın ilk növbədə sülh və xalqlar arasında dostluğun simvolu olması barədəki idealist fikirləri artıq çoxdandır ki, praktiki əhəmiyyətini itirib. Müasir dünyamızda idmanın siyasiləşməsi onunla şərtlənir ki, idmandan və xalq arasında geniş populyarlıq qazanmış idmançılardan təbliğat məqsədləri üçün istifadə olunması  hakim rejimlərə böyük siyasi dividendlər vəd edir. Belə ki, konkret bir idmançının əldə etdiyi yüksək nailiyyət onun təmsil etdiyi dövlətin siyasi elitası tərəfindən ölkədə həyata keçirilən siyasi və iqtisadi kursun düzgünlüyünün göstəricisi kimi əhaliyə təqdim olunur. Bu mənada idman sahəsində qazanılmış uğurlar təkcə beynəlxalq aləmdə dövlətin müsbət imicinin formalaşamasına deyil, həm də ölkə daxilində mövcud rejimin mövqelərinin möhkəmlənməsinə xidmət edir. Tarixi təcrübə göstərir ki, ləkələnmiş reputasiyaya malik totalitar və avtoritar rejimlər beynəlxalq aləmdə üzləşdikləri basqıları neytrallaşdırmaq məqsədilə idmandan siyasi məqsədlər üçün daha fəal istifadə edirlər. Ümumiyyətlə, totalitar və avtoritar dövlətlərdə idmanın nisbətən yüksək səviyyədə inkişafı bu tip rejimlərə xas olan ən spesifik fenomenlərdən biridir. Həmin sahənin inkişafına xeyli vəsait yönəldən bu cür rejimlər gözəl anlayırlar ki,  idman nailiyyətləri xalq kütlələrinin siyasi və ideoloji
manipulyasiyasını xeyli asanlaşdırır.  Bunun ən bariz nümunəsi ötən əsrin 30-cu illərində Almaniya və İtaliyada mövcud olmuş faşist rejimləridir. A. Hitlerin 1936-cı ilin Berlin Olimpiadasından öz siyasi rejiminin üstünülüklərini bütün dünyaya sübut etmək üçün istifadə etməsi hamıya məlum faktdır. Lakin çoxları bilmir ki, B. Mussolinin futbolun inkişafı istiqamətində göstərdiyi səylər və bunun da sayəsində İtaliya millisinin 1934 və 1938-ci illərdə dalbadal iki dəfə dünya çempionu adını qazanması italyan diktatorun ölkə daxilindəki populyarlığının görünməmiş həddə çatmasında və onun rejimin uzunömürlülüyünün təmin olunmasında həlledici rolu olmuşdur. İdmandan siyasi məqsədlər üçün keçmiş SSRİ-də də geniş istifadə olunurdu. Sover dövründə idman meydançalarında qazanılan hər bir qələbə, bir qayda olaraq, rəsmi təbliğat maşını tərəfindən sosializm sitseminin kapitalizmdən üstünlüyünün sübutu kimi  təqdim olunurdu. Doğrudur, idman sahəsində qazanılmış həqiqətən də parlaq qələbələr SSRİ-nin tarixin zibilliyinə atılmasının qarşısını ala bilmədi. Necə ki, idman nailiyyətləri Almaniya və İtaliyadakı faşist rejimlərinin iflasını önləməkdə aciz idilər. Lakin bu acı təcrübəyə baxmayaraq, indinin özündə də dünyanın ən müxtəlif qitələrindəki avtoritar rejimlər idmandan siyasi məqsədlər üçün istifadə etmək cəhdlərini davam etdirirlər. Məsələn, Çin və Rusiyanın hakim elitası son illərdə bu sahədə xüsusi canfəşanlıq göstərirlər. Son
vaxtlar idmanın siyasi məqsədlər üçün istifadə olunması praktikasından Azərbaycan iqtidarı da faydalanmağa çalışır. Ölkəyə
neft gəlirlərinin axının başlanmasından sonra bu cəhdlər xüsusilə geniş miqyas almağa başlamışdır. Bu isə heç də  təsadüfi deyildir, çünki Azərbaycanda idman sahəsinə böyük sərmayələrin yatırılması yalnız neft kontraktlarının real dividendlər verməyə başlamasından sonra mümkün olmuşdur. Ötən əsrin 90-cı illərinin sonundan başlayaraq neft gəlirlərinin müəyyən hissəsi idman sahəsinin inkişafına, tanınmış idmançıların maddi cəhətdən stimullaşdırılmasına və xarici legionerlərin ölkəyə
dəvət olunmasına sərf edilir. Son dir-neçə ildə beynəlxalq yarışlarda uğur qazanmış idmançılara verilən pul mükafatlarının məbləği rekord həddə çatmışdır. Belə ki, 2008-ci il Pekin Olimpiadasının qaliblərinə 400 min, gümüş mükafatçılarına 200 min, bürünc medalların sahiblərinə isə 100 min manat həcmində pul mükafatı verilmişdir.  Müqayisə üçün deyək ki, Azərbaycandan daha geniş iqtisadi imkanlara malik olan Rusiyada olimpiya çempionlarının pul mükafatı 100 min avro, ABŞ-da isə cəmi 25 min dollar təşkil edir. Kanada, İsveç və Norveç kimi ölkələr isə olimpiya mükafatçılarına bir qəpik vermirlər, çünki hesab edirlər ki, milli yığmanın tərkibinə düşmək artıq hər kəs üçün böyük şərəf hesab olunmalıdır. Həm ümumi yaşayış səviyyəsi, həm də orta əmək haqqının həcminə görə həmin ölkələrdən dəfələrlə geridə qalan Azərbaycanın isə öz olimpiya mükafatçılarına verdiyi mükafatın həcmi ölkənin sıravi vətəndaşının gəliri ilə müqayisədə astronomik bir rəqəm təşkil edir. Belə ki, Pekin Olimpiadasının qalibi olan Elnur Məmmədliyə verilmiş pul mükafatının həcmi həmin dövrdə orta aylıq əmək haqqının həcmundən  təxminən 1750 dəfə çox idi. Başqa sözlə desək, E. Məmmədliyə orta məktəbdə dərs demiş, onun bu ərsəyə gəlib çatmasında az rol oynamamış müəllimləri həmin vəsaiti qazanmaq üçün düz 165 il (!?) çalışmalıdır, başqa sözlə desək, bir neçə insan ömrü  yaşamalıdır. Ölkənin tanınmış idmançılarına bu cür qayğının əsil səbəbi isə Azərbaycan iqtidarının onlardan siyasi təbliğat məqsədləri üçün istifadə etməsindədir. Olimpiya çempionları və mükafatçıları 2000-ci il parlament seçkilərindən başlayaraq bütün seçki kampaniyalarında hakim Yeni Azərbaycan partiyasının  əsas təbliğatçıları qismində çıxış edirlər. Ən acınacaqlısı isə odur ki, tanınmış idmançılara xüsusi qayğı göstərən hakimiyyət, kütləvi idmanın inkişafına münasibətdə həmin qayğının heç mində bir hissəsini də nümayiş etdirmir. Halbuki, ölkədə idmanın inkişaf səviyyəsinin əsas göstəricisi təkcə beynəlxalq yarışlarda qazanılmış  qələbələrin sayı ilə deyil, həm də hər bir vətəndaşına bədən tərbiyəsi və idmanla məşğul olması üçün lazımi imkanların yaradılması ilə ölçülür. Yaddan çıxarmaq lazım deyil ki, ölkənin həqiqi idman imici   əhalinin nə dərəcədə kütləvi idmanla əhatə olunmasından, xüsusilə də böyüməkdə olan nəslin fiziki və mənəvi sağlamlığının təmin edilməsindən asılıdır.  Bunun üçün isə yaşayış məntəqələrində hər kəsin pulsuz istifadə edə biləcəyi və inşası elə də böyük vəsait tələb etməyən sadə idman qurğularının yaradılması zəruridir. Lakin nə qədər qəribə görünsə də, neft pullarının ölkəyə axınından sonra kütləvi idmanın bünövrəsini təşkil edən belə qurğuların sayı artmaq əvəzinə, daha da azalmışdır. Bu tendensiya özünü Bakıda xüsusilə qabarıq göstərir. Problem ondadır ki, Bakının yaşayış məhəllərindəki sovet dövründən qalma çoxsaylı idman meyadançalarının yerində müxtəlif məmur-oliqarxlara məxsus tikinti şirkətlərinin “göydələn”lər və digər “gəlirli” obyektlər inşa etməsi adi hal almışdır. Bu səbəbdən də hazırda Bakıda belə idman meydançalarını barmaqla saymaq olar. Əvəzində isə ölkənin müxtəlif bölgələrində təmtəraqlı Olimpiya kompleksləri ucaldılmışdır. Lakin bu komplekslər sadə idman qurğularını əvəz etmək iqtidarında deyildir. Birincisi ona görə ki, hər məhəllədə belə bahalı komplekslər inşa etmək qeyri-mümkündür. Hər rayonda ən yaxşı halda bir belə komplekslər tikilir ki, o da, bir qayda olaraq, yaşayış yerlərindən kənarda yerləşir. Bu komplekslərə ictimai nəqliyyatın işləməməsi isə gənclərin həmin komplekslərə gedib-gəlməsini ciddi bir problemə çevirir. Digər tərəfdən, bu komplekslərdən istifadə üçün abonent haqqı ödəmək lazımdır ki, bu da onsuz da bir parşa çörək pulu qazanmaq hayında olan  regionlardakı əhalinin və yerli idmançıların maddi imkanlarına uyğun deyildir. Bu mənada Azərbaycanın müxtəlif rayonlarında
inşa olunmuş Olimpiya kompleksləri sözün həqiqi mənasında “saqqal darağına” çevrilmişlər. Belə ki, həmin komplekslərin əksəriyyəti 2-3 respublika əhəmiyyətli yarışın təşkili nəzərə alınmazsa bütün il boyu ya boş qalır, ya da təyinatı üzrə ilə deyil, istirahət və turizm obyekti kimi istifadə olunur.  Hətta gənclər və idman naziri Azad Rəhimov da çıxışlarından birində  həmin komplekslərin özü-özünü saxlamaqda çətinlik çəkdiyindən narahatlığını ifadə etmişdi. Nazir etiraf etmişdi ki, “bu komplekslərin özlərini necə saxlayacağı, işıq, su pulu, cari təmir işlərinin aparılması ilə bağlı məsələlər böyük bir sualdır. Olimpiya kompleksləri pul qazana bilmir. Bizim ümidimiz kompleksdə olan kotteclərdə turistlərin qalması üçün şəriat yaratmaqdır. Bununla həmin obyektlər özlərini saxlaya bilər”. Nəzərə almaq lazımdır ölkə boyu Olimpiya komplekslərinin inşasına külli miqdarda vəsait xərclənmişdir. İndiyə kimi 31 belə kompleks istismara verilmiş, daha 9-nun tikintisi isə davam
etdirilir. Bir belə kompleksin 15-20 milyon manata başa gəldiyi nəzərə alınarsa, hesablamaq çətin deyil ki, indiyədək onların tikintisinə minimum 600-700 milyon manat vəsait xərclənmişdir. Bu gün qapısı ya bağlı qalan, ya da təyinatı üzrə fəaliyyət göstərməyən  belə komplekslərin inşasına sərf olunan vəsaitin cüzi bir hissəsi sadə idman meydançalarının qurulmasına yönəldilsəydi, bunun həm ölkədə kütləvi idmanın inkişafı, həm də əhalinin sağlamlağının təmin olunması üçün effekti qat-qat yüksək olardı. Məsələn, 2007-ci ildə istifadəyə verilmiş Masallıdakı Olimpiya-idman kompleksinin tikintisi dövlətə təxminən 17 milyon manata başa gəlmiş  gəlmişdir.  Bu gün bu kompleks demək olar ki, istifadəsiz qalmışdır. Halbuki, Masallı rayonundakı 40 məktəbdən 20-də idman zalı, 35-də isə idman inventarı – top, güləş döşəkçələri və digər ləvazimatlar yoxdur. Həmin vəsaitə rayondakı bütün  məktəblərdə idman zallarını nəinki yenidən qurmaq, həm də qəsəbələrdə, kəndlərdə sadə idman meydançaları qurub, onları müasir avadanlıqlarla təmin etmək olardı. Bu isə öz növbəsində Masallıda idman sahəsində kütləviliə nail olunmasına gözəl töhfə olardı. Masallıda müşahidə bu vəziyyət Olimpiya-idman komplekslərinin tikildlyi digər rayonlar üçün
xarakterikdir. Lakin göründüyü kimi, Azərbaycan iqtidarının başqa sahələrdə olduğu kimi idman sahəsində də yeritdiyi siyasətin mərkəzində sıravi vətəndaş və onun maraqları durmur. Əsas məqsəd möhtəşən layihələrin həyata keçirilməsi və bunların ətrafında gurultulu piar-kampaniyaların təşkilidir. Milyonlarla manat neft gəlirlərinin xərclənməsi hesabına ərsəyə gəlmiş həmin Olimpiya komplekslərinin lazımsız əşya kimi kənarda qalması isə Azərbaycan məmurlarını qətiyyən maraqlandırmır.

NHMT-nın ekspert qrupu

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button