Neftçalada balıqçıların etiraz aksiyası keçirdiyi bildirilir

Onlar Xəzər dənizinin suyunun  Kürə axmasının qarşısının alınması üçün həmin çayda bəndin tikintisinin əleyhinədirlər

Dekabrın 1-də Neftçala rayonunda Kür çayının sahilindəki yaşayış məntəqələri sakinlərinin etiraz aksiyası keçirdikləri bildirilir.

Sakinlərin “Turan” agentliyinə bildirməsinə görə, onlar Xəzər dənizinin suyunun Kürə axmasının qarşısının alınması üçün həmin çayda bəndin tikintisinin əleyhinədirlər.

Sakinlər habelə iddia edirlər ki, bu bənd dəniz balıqlarının Kürdə kürü tökməsinə mane olacaq və bu da balıqçılığa ziyan vuracaq.

Yerli əhalinin vurğulamasına görə, Mayak kəndində keçirilən aksiyanı polis müşahidə edib, vətəndaşlara hər hansı zorakılıq tətbiq edilməyib.

Sakinlərin sözlərinə görə, hadisə yerinə gələn rayon icra başçısının müavini Burcəli Ağayev vətəndaşlara onlara yazılı müraciət olunmasını təklif edib və qanunvericiliklə müəyyən edilmiş qaydada məktuba cavab veriləcəyini vəd edib.

Demokratiyaya Yardım Assosiasiyasının sədri Emil Məmmədov (Salyan) da mövzu ilə bağlı bildirib ki, hazırda Kürdə aparılan işlər Neftçala və Salyan əhalisinin yoxsullaşmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, bəzi insanlar üçün balıq tutmaq və satmaq yeganə gəlir mənbəyi olaraq qalır.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə “Turan” agentliyə bildiriblər ki, onların Kürdə, Mayak kəndi ərazisindəki işlərə aidiyyatı yoxdur və Neftçala Rayon İcra Hakimiyyətinə müraciət etmək məsləhətdir.

Amma şikayətlərlə bağlı ayrıca Neftçala Rayon İcra hakimiyyəti ilə, hələlik, danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button