Neftdən 150 milyard dollar qazanmışıq
Qubad İbadoğlu
İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri
Əsrin kontraktından Azərbaycana 150 milyard dollardan çox vəsait qazanıb.
Hazırda onun 23 faizi yığımdadır, 77 faizi isə xərclənib.
Bu gün Azəri-Çiraq-Günəşli yatağının istismarı məqsədilə xarici şirkətlərlə Azərbaycan hökümətinin imzaladığı ilk və son böyük hasilatın pay bölgüsü sazişinin ildönümüdür. Ötən 22 ilə nəzər salanda ilk növbədə bu sazişdən Azərbaycanın qazancları sırasında neft dolları göz önünə gəlir. Neft dolları siyahında karbohidrogen resurslarının (neft, qaz, kondensat) birbaşa satışından əldə etdiyimiz valyuta gəlirləri önə çıxır.
Dövlət Neft Fondunun (DNF) ötən il üzrə hesabatından görünür ki, 2001-2015-ci illərdə bu məhsulların ixracatından Fondun gəlirləri 124,9 milyard dollar və yaxud son 15 ildə orta hesabla 6,6 milyard dollar olub. Bu isə o deməkdir ki, DNF son 15 ildə neftdən hər gün 18 min 265 dollar, hər ay isə 555 milyon 555 min dollar vəsait qazanıb. Bu, yalnız DNF-nin birbaşa qazancıdır.
Bundan əlavə, 2010-2015-ci illərdə Dövlət Neft Fondu valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 2,4 milyard manat qazanc əldə edib. Bununla yanaşı, 2006-2015-ci illərdə ARDNŞ və BP ayrı-ayrılıqda 12 milyard manata qədər dövlət büdcəsinə vergi ödənişləri edib. Beləliklə, Azəri-Çiraq-Günəşli yatağının istismarından Azərbaycan dövləti 150 milyard dollardan çox qazanıb. Hal-hazırda bu qədər vəsaitin 23 faizi, 35 milyard dolları DNF-nin aktivləri kimi dünya maliyyə, qızıl və əmlak bazarlarında yerləşdirilib.