Nemət Pənahlının ailəsi siyasi sığınacaq istəyir

Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlının vəkili və yaxınları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində mətbuat konfransı keçiriblər.

Məhkumun qardaşı Səməd Pənahlı qeyd edib ki, iyulun 2-də Nemət Pənahlı Bakı İstintaq Təcridxanasının karserinə (cərimə kamerası) yerləşdirilib. “Hakimiyyət onu “fiziki cəhətdən məhv etmək” istəyir- partiya sədrinin qardaşı belə deyir.

O, hesab edir ki, iş ilk gündən sifarişli xarakter daşıyır. Pənahlının axtarış zamanı müsadirə olunmuş arxivləri hələ də qaytarılmayıb.

“Qardaşımın azad edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət etmişəm”, -deyə Səməd Pənahlı bildirib. Lakin bundan sonra Nemət karserə salınıb, evinə isə “Paşa Sığorta” şirkətinin əməkdaşları gələrək, borcları olduğu üçün əmlakının müsadirə olunacağını bildiriblər.

“Bütün bunlar göstərir ki, Nemət Pənahlıya qarşı aparılan kampaniyanın başında İlham Əliyev durur”, deyə Səməd Pənahlı əlavə edib. Onun sözlərinə görə, Pənahlının ailəsi bütün beynəlxalq təşkilatlara müraciət etmək, habelə Türkiyə hakimiyyətindən siyasi sığınacaq istəmək niyyətindədir.

Vəkil Samir İsayev bildirib ki, Nəsimi rayon məhkəməsinin Nemət Pənahlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmündən apellyasiya şikayəti verilib.

Pənahlının karserə salınmasına gəlincə, vəkilin hələlik bunun səbəbləri barədə tam məlumatı yoxdur. Eyni zamanda, o əmindir ki, müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulub.

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button