Nemət Pənahlıya daha bir ay…

Martın 3-də Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının, eləcə də hakim Etibar Hümbətovun sədrliyi ilə onun tanışı Ceyhun Fərzullayev barəsində istintaqın gedişi ilə bağlı həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı prokurorun verdiyi müraciətə əsasən məhkəmə prosesi keçirilib.

Məhkəmədə prosesin qapalı keçirilməsi əsas gətirilib və media nümayəndələri içəri buraxılmayıb.

İlk olaraq Nemət Pənahlının tanışı Ceyhun Fərzullayevin prosesi başlanıb. Qapalı keçən prosesdən sonra Fərzullayevin vəkili Elçin Əliyev RATİ-yə istintaq müddətinin 1 ay uzadılması barədə qərarın elan olunduğunu qeyd edərək, işin istintaq sirri olmasını bildirib və bu barədə ətraflı məlumat verə bilməyəcəyini deyib.

Daha sonra Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının məhkəmə prosesi başlanıb. Nemət Pənahlı vəkilindən imtina etməsi barədə vəsatət qaldırıb və onun bu vəsatəti təmin edilib.

Qardaşı Səməd Pənahov Nemət Pənahlının hüquqlarını bundan sonra vəkil Samir İsayevin müdafiə edəcəyini bildirib. Nahar fasiləsindən sonra davam edən məhkəmə prosesində Nemət Pənahlı barəsində də daha bir ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci polis bölməsinə aparılıb. Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya vasitəsilə döyüldüyünü iddia edərək polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Əslində isə yaxınlarının verdiyi məlumata görə, Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “p.s.Nota” qəzetində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button