Nemət Pənahlı İsa Qəmbəri debata dəvət etdi

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin bir xatirə yazısından sonra Azərbaycan siyasi düzəni bir-birinə qarışıb. Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlı İsa Qəmbəri və komandasını debata çağıran yazı ilə çıxış edib. Xural.com Nemət Pənahlının facebook yazısını təqdim edir:

“Əziz yurddaşlarım, qardaşlarım, hörmətli xanımlar və bəylər, ey azadlıq aşiqləri!

Son zamanlar İsa Qəmbər yenidən öz çapına və səviyyəsinə uyğun olaraq tarixi hadisələri və faktları öz şəxsi maraqlarına görə istədiyi kimi təhrif edərək yenidən cəmiyətə sırımaq istəyir. Onun qərəzli, yalançı və saxtakarlığını sübut etmək üçün təkcə bu faktı qeyd etmək kifayətdir. Bütün Azərbaycan xalqı bilir ki, mən 1989-cu ilin noyabr ayının sonlarında (dəqiq tarix yadımda deyil) “Azadlıq” meydanında AXC-nin idarə heyətindən və üzvlüyündən bütün xahiş və təkidlərə baxmayaraq, birmənalı şəkildə istefa vermişəm. İsa Qəmbər və komandası ilə də AXC yaranmamışdan öncə “Meydan” hadisələri zamanından da əvvəl bir-birimizin əksinə tamam fərqli mövqelərdən çıxış etmişik. İsa Qəmbərlə mövqeyimiz heç vaxt üst-üstə düşməyib.

Qısası, İsa Qəmbərlə mən həmişə fərqli mövqelərdə olmuşam. İsa bəy bunu çox gözəl bilsə də ancaq həmişə çalışıb ki, cəmiyyətə sırısın ki, guya mən AXC idarə heyətindən istefa verdiyim, üzvü olmadığım AXC-nin idarə heyətinə təkrar seçilmədiyimə görə narazı olmuşam, aramızdakı ziddiyət və qarşıdurma da 20 Yanvar ərəfəsində yaranıb. Əslində, İsa Qəmbərlə bizim aramızda şəxsi kontekstdə heç vaxt mübahisə və münaqişə olmayıb. Biz həmişə əqidə, mövqe baxımından tamam başqa adamlar olmuşuq. Mən birmənalı şəkildə 1988-ci ildə “Meydan” hadisələri zamanı “Lenin” meydanının adını dəyişib “Azadlıq” Meydanı qoyaraq Milli Azadlıq hərəkatını bəyan etmişəm və ona rəhbərlik edərək imperiya ilə ölüm-dirim savaşına girərək zindanlara düşüb hər cür məhrumiyyətlərlə üz-üzə qalmışam. Bütün dövrlərdə mən qarşımda imperiyanın əlaltıları ilə birgə İsa Qəmbəri Milli Azadlıq hərəkatının qarşısında görmüşəm. İsa Qəmbər hərəkatın bəhrəsini yesə də, heç vaxt Milli Azadlıq Hərəkatına xidmət etməyib. Özünün de etiraf etdiyi kimi “Meydan” hadisələri zamanındakı üç yoldan ən şərəflisi olan Nemət Pənahlının yolunun qarşısında olub. Mən onu heç vaxt yanımda görməmişəm. Həmişə ya qarşımda olub, ya da arxadan zərbə vurub. O, ancaq Milli Azadlıq Hərəkatının adından məharətlə istifadə edərək, Sovet imperiyasının yerli nökərləri ilə əməkdaşlıq edib şəhidlərimizin ruhuna hörmətsizlik edərək onların qanları ilə alver edib, bizə arxadan zərbə vuraraq debutat mandatı alıb vəzifə kürsülərinə yüksələrək KQB-nin arxivlərini xalqdan gizlədərək, öz xəyanətlərini ört-basdır edərək Milli Azadlıq və Milli Dövlətçilik hərəkatını məhv etmiş bir insandır. Və təsadüfü deyildir ki, Primakov 20 Yanvardan öncə açıq şəkildə “AXC idarə heyətindən kimə toxunursunuz toxunun, İsa Qəmbərlə işiniz olmasın” demişdi.

Dəfələrlə bu tarixi hadisələri işıqlandırmaq üçün İsa Qəmbəri komandası ilə birgə xalq qarşısında debata çağırmışam. Nə özü, nə də komandası mənmlə debata çıxmağa cəsarət etməyiblər. Əksinə, bunları debata çağırdığıma görə hakimiyyətdə olduqları vaxt məni həbs elətdirərək məhv etməyə çalışıb. İndi isə bir daha bütün Azərbaycan xalqının qarşısında İsa Qəmbəri və komandasını bütün bu tarixi həqiqətləri aydınlaşdırmaq üçün debata çağırıram. Tarixin ibrət dərslərindən nəticə çıxarmayan millətləri yeni-yeni faciələr, yeni-yeni fəlakətlər gözləyir!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button