Nemət Pənahlıdan siyasətə qayıdış şeiri

Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Nemət Pənahlı son əfv sərəncamı ilə azadlığa çıxandan sonra cidd mesajlar verməyə başladı. Bu günlərdə artıq sosial şəbəkələrə qatılan və facebookda fəallaşan Meydan qəhrəmanı, statuslarda şeirlər paylaşmağa başlayıb. Bu şeirlər özündə ciddi siyasi mesajlar ehtiva etdiyindən, Nemət Pənahlının son statusundakı şeiri xural.com Oxucuları üçün yayınlayırıq:

Öldürə bilmədiz, dana bilmədiz,
Qanımla dastanlar yazıb gəlirəm!
Aşiqəm, oduma yana bilmədiz,
Külli kainatı gəzib gəlirəm!

“Dostlar” namərd oldu, düşmənlər alçaq,
Rüşvətxor yaltaqlar olsa da “qoçaq”,
Sönməz yandırdığım müqəddəs ocaq,
Çox qara tikanlar əzib gəlirəm!

Qəlbimi el üçün yandırıb yaxdım,
Cahillər odumu tapdayır, baxdım,
Ulduz tək parladım, sel kimi axdım,
Yer kimi, od kimi dazıb gəlirəm!

Yollar keçib gəldim boranlı, qarlı,
Azadlıq qazandım dərdli, azarlı,
Satqın, quldur oldu dövlətli, varlı,
Sel tək daşdan-daşdan sızıb gəlirəm!

Deməyin, günahkar yenə dövrandı,
Gələn də, gedən də, haqqımı dandı,
Yatmışdı, qəflətdən bəxtim oyandı,
Yusifəm, yuxular yozub gəlirəm!

Meydan sulayırlar ac qudurğanlar,
Ev yıxıb, baş kəsib tökürlər qanlar,
Millətə dərs verir yenə nadanlar,
Var haqqa ehtiyac, sezib gəlirəm!

Yox fani dünyanın yox, etibarı,
İtirib çoxları namusu, arı,
Bağlanır hər yerdə Haqqın bazarı,
Çözülməz düyünlər çözüb gəlirəm!

Həm tarix yaratdım, həm dastan yazdım,
Çox düyünlər çözüb, sərhədlər pozdum,
Divlər, əjdahalar qəbrini qazdım,
Sehirlər, tilsimlər pozub gəlirəm!

Bu nə müsibətdi, bu nə həvəsdi,
Yenə “qardaşlarım” ipimi kəsdi,
Xain alçaqlara deyirəm, bəsdi!
Divlərin boğazın üzüb gəlirəm!

Taledi, qədərdi Haqdan baş oldum,
Məlikməhəmmədə yar, yoldaş oldum.
Namərd, nankorlara dost, qardaş oldum,
Qanlı köynəyimi büzüb gəlirəm!

Dar gündə köməyə kimsə gəlmədi,
Yaram qan ağladı, üzüm gülmədi,
Nələr çəkdiyimi heç kəs bilmədi,
Haqqa susamışam, suzub gəlirəm.

Bizə çərxi fələk oyun oynadı,
Dəli könlüm coşdu, qanım qaynadı,
Dövrə, zəmanəyə şerim aynadı,
Səbrim aşıb, daşıb bezib gəlirəm!

Yandı, məşəl kimi yandı ürəyim,
Hər ocaqda oldu duzum, çörəyim,
Olubdur həmişə eşqim, gərəyim,
Kükrəmiş aslanam, qızıb gəlirəm!

Ömrüm gəlib keçdi ildırım kimi,
Yollar eniş-yoxuş sıldırım kimi,
Qəflətdən oyadım, qaldırım kimi?!
Əlimi hər yerdən üzüb gəlirəm!

Ruhum da əbədi xalq üçün yanar,
Məni dananları tarixlər danar,
Haqqımı gələcək nəsillər anar,
Yollar, xəritələr cızıb gəlirəm!

Millətim didərgin, vətənim para,
Çəkildim çarmıxa, asıldım dara,
Min can qurban deyib vermişəm Yara,
Dözülməz dərdlərə dözüb gəlirəm!

Haqqa aşiq olan hər dərdə dözər,
Eşqin dəryasında Məcnun tək üzər,
Azadlıq eşqiylə dünyanı gəzər,
Hər şeyi nizama düzüb gəlirəm!

Səcdəyə qapanıb merac eylədim,
Sağalmaz dərdimi Yara söylədim,
Neylədim özümə, özüm eylədim,
Qıy vurub şahin tək süzüb gəlirəm!

Haqq üçün düşmüşəm daim yollara,
Dərd çəkib, qəm yeyib, düşsəm də dara,
Qalmaram dünyada aciz, avara,
Eşqin dəryasında üzüb gəlirəm!

Odlara qalandı elim də yandı,
Dərdimi söylədim dilim də yandı,
Mən elə yandım ki, külüm də yandı,
Yox oldu varlığım tozub gəlirəm!

Ölmədən ölmüşəm, ölməzəm artıq,
Günəş tək əbədi sönməzəm artıq,
Ölsəm də bu yoldan dönməzəm artıq,
Əcəl şərbətini süzüb gəlirəm!

Nemətəm, ömrümü vermədim bada,
Xalq üçün özümü atmışam oda,
Düşmən qabağından qaçmam dünyada,
Sağ ikən qəbrimi qazıb gəlirəm!

xural.com

Əlaqəli məqalələr

2 şərh

  1. Qılıncını elə fırlatmısan ətrafında salamat nə düşmən qoymusan, nə dost daş sındıran təkəbbürün müqabilində gördüklərin kölgədə qalır.

    zünə nəzər yetitirə bilsən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button