Nemət Pənahlını Müdafiə Komitəsi işə başladı!

Komitə İsa Qəmbər, Əli Kərimli, Qənimət Zahid və Rauf Arifoğlu ilə görüşəcək…

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və tanışı Ceyhun Fərzullayev Bakı İstintaq Təcridxanasına köçürülüblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Pənahlının vəkili Elçin Sadıqov məlumat verib.

Elçin Sadıqov həmçinin Nəsimi rayon Məhkəməsinin 10 yanvar 2011-ci il tarixli hökmündən apellyasiya şikayəti verdiklərini bildirib.

Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci polis bölməsinə aparılıb. N.Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində N.Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya vasitəsilə döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin (CM) 221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Yaxınlarının verdiyi məlumata görə, əslində N.Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “p.s.Nota” qəzetində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.

Qeyd edək ki, Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda anadan olub. 1980-ci illərin sonunda xalq azadlıq hərəkatına qoşularaq onun öncül simalarından olub. Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin tərəfdarlarına qoşulub və mərhum prezidentin hakimiyyətinin ilk illərində Prezident Administrasiyasında yüksək vəzifədə işləyib. 1995-ci ildə parlament seçkisinin saxtalaşdırıldığını iddia edərək istefa verib.

Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Seçkiyə bir həftə qalmış namizədlərdən birinin xeyrinə saxtakarlıq ediləcəyi iddiası ilə kampaniyanı dayandırıb.

Nemət Pərahlının yazıları «Xüsusi Buraxılış» şəklində dərc olunacaq

Nemət Pənahlının həbsindən sonra tanınmış hərəkatçı Miralim bəyin başçılığı ilə onun hüquqlarını müdafiə komitəsi fəaliyyətə başlayıb. XuralTAC əməkdaşının əldə etdiyi məlumatlara görə, Nemət Pənahlının Hüquqlarını Müdafiə Komitəsi önümüzdəki həftədən etibarən ictimai-siyasi xadimlər və media kapitanları ilə görüşlər keçirəcək, onların müdafiə komitəsinin işinə yardımları üçün danışıqlar aparacaqlar. Bu şəxslərin arasında ilk dördlüyün adları da XuralTAC əməkdaşlarına məlum olub – Müsavat Partiyasının sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu. Komitənin əsas məqsədi Nemət Pənahlı mövzusunu gündəmdə saxlamaq və onu gündəmdən düşməyə qoymamaq olacaq.

Bu son deyil təbii ki, Nemət Pənahlının Müdafiə Komitəsi son aylar ərzində onun mətbuatdakı çıxışlarını bir araya toplayaraq «Xüsusi Buraxılış» dərc etməyi nəzərdə tutur. Çünki Nemətin indiki hakimiyyəti ağır tənqid etdiyi və bu səbəblə həbs olunduğu söylənilsə də, onun konkret hansı yazılara görə tutulduğunu geniş ictimaiyyət bilmir. Ona görə də onun əsasən «p.s.Nota» qəzetində son aylar dərc olunan müsahibələri elə bu qəzetin nəzdində bir buraxılışda toplanacaq və bu xüsusi buraxılış bütün media orqanlarına, ictimai-siyasi təşkilatlara, Milli Məclisə təyin olunan deputatlara, xarici dövlətlərin Azərbaycandakı nümayəndəliklərinə və diplomatik korpuslara paylanılacaq. Məqsəd Nemət Pənahlının həbsində hakimiyyətin istifadə etdiyi «xuliqanlıq» məsələsini ictimai rəyin gündəmindən tamamilə çıxarmaqdır.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button