Nemət Pənahlının qızının toyuna

Aydın Canıyev

Xalqın Sevgi Təntənəsi

Son zamanların yeknəsəq toyları adamı məclisdən tez qaçırdır: əvvəl musiqinin dambadurumu, sonra da dəm iştirakçıların cığallıqları. Əslində, elə mən özüm də “toy adamı” deyiləm, axıracan qalmağım məsləhət deyil. Vaxtında gəlib, vaxtında getməyim yaxşıdı. Fəqət bu dəfə…

Nemət Pənahlı sıradan biri və sıra adamı deyil –  bütün ölkənin tanıdığı mübarizə ismidi, özünün “xalq qəhrəmanı” statusunu bütün dairələrdən və tribunalardan etiraf etdirmiş mücadilə adamıdı. Gəzib görmədiyi ocaq, çəkmədiyi zülm, keçmədiyi fəlakət, yaşamadığı sarsıntı qalmayıb. Dörd dövlətin qazamatından çıxıb, iki dövlətin hökmü var üstündə, xalqının təqvimində 5 günün şərəfi ona mənsubdu! Ancaq…

Bu dəfə Nemət bəyin özündən danışmaq istəməsəm də, mümkün olmur. Mən dostlarımın özündən və oğlanlarının toyundan ən müxtəlif, o cümlədən də rəsmi qəzetdə yazılar yazmışam. Bu dəfə ilk olaraq, millətin meydan qəhrəmanı olmaqla bərabər, həm də mənim həbsxana yoldaşım, daha doğrusu, bir odanı bölüşdüyüm, “xlebnik”i olduğum dəyərli bir dostumun… qızının toyundan yazacaqdım – artıq bu ölkədə qələmə gələsi ürəkaçan nəsnələr qalmayıb, arada adam istəyir ki, xoş ovqat yaratsın. Etiraf da edirəm: bu ölkədə qızının toyundan yaza biləcəyim çox az adam var ki, onlardan biri olan Nemət bəy birinci oldu!

Təbii ki, Əvəz Zeynallı ilə vədələşmişdim və iştirakımın müddəti də hələ bəlli deyildi – ola bilərdi ki, lap tez tərk edəydim. Ancaq Elxan Şükürlü və Əvəz Zeynallının əhatəsində, digər sayğılı dostlar – Ramiz Tağıyev, Sərdar Əlibəyli ilə bir masada əlbəttə ki, özümü rahat hiss edirdim.

Düzdü, mən təxmin edirdim ki, toy maraqlı olacaq, amma bu qədərini bilmirdim. Təxminlərim isə doğrulmağa onda başladı ki, qız evi – Nemət Pənahlı və ailəsi, gəlin xanım məclisə yubanırdı. Sən demə…

Kişi qadına söz verməz!

Tarixə ekskurs etməyə məcburam: deməli, xalqın meydan və mübarizə qəhrəmanı Nemət bəy özü ailə quranda, Həcər xanım istəyib ki, faytonla evdən gəlin köçsün! Nemət bəydə o mərhəmət hardan? Belə razılaşıblar ki, qızımız olsa, evdən faytonla köçəcək. Və Nemət bəy də fərqinə varmayıb ki, 25 il belə tez keçəcək, Həcər xanım ürəyindəki arzusuna 25 il sonra çatacaq.

Bakının mərkəzindən Azadlıq meydanına üz tutan gəlin faytonu Şəhidlər Xiyabanına – Məşələ qədər, oradan Türk məzarlığına ziyarəti başa vurub “Sultan” şadlıq sarayına özünü yetirəndə, qonaqlar da, stollar da çoxdan “hazır” idi – baxmayraq ki, toyda spirtli içkilər verilmirdi!

Adətən çalğıçılar fəaliyyətə başlayanacan mövcud olan sakitlik gur, bayağı və yaxud da ki “zəmanə” mahnılarıyla əvəzlənəndə beyinə işləyib əhval təlxliyi yaradır, bu dəfə isə əksinə oldu!

Bir dəfə statusumda yazmışdım: Nemət Pənahlı meydanda tribunaya qalxanda milli ruhu oyadıb xalqının “ilin xalqı” adını almasına nail olmuşdu. Bu adam hardadısa, əlinə meydan düşdüsə, orda milli ruh var, milli ruhun oyanışı, yüksəlişi var.

Eynən təkrar o fikri səsləndirirəm: toy… “Üvertüra” ilə başladı. Hamı ayaq üstə və sonda alqışlar!

Bəylə gəlinin məclisə təşrifi ilə əvvəl… Azərbaycan bayrağı xeyir-dua verdi, sonra da Azərbaycan dövlətinin himni!

Əlbəttə ki, hamı ayaq üstə və alqışlarla!

Sözsüz ki, bu möhtəsəmliyin ardı olmalıydı!

Bu möhtəşəmliyin brilyant da, yaqut da, mirvari qaşı da sözsüz ki, Türk(iyə) bayrağı olasıydı! Oldu da. Hətta ən qatı millətçilər belə əriyərdi iştirakçıların sifətindəki məmnunluq və məsudluq yaşantılarından boylanan “gözəlim Türkiyə” eşqinin ətrafa nur kimi saçılmasından!

Doğru düşünürsünüz: hamı ayaqüstə, indi də Türkiyə dövlətinin himni oxunurdu!

Əlbəttə ki, sonda hamı alqışladı!

Sağlıqların bayraqların və himnlərin şərəfinə olmasını deməyə ehtiyac varmı?

Üstəlik də nəzərə alın ki, ölkənin siyasi istibleşmentinin bir arada olduğu məclisdə – hətta bir-birinə az qala düşmən olanların bir masada əyləşməsinə şahid olmağın ləzzəti alayı ekstrim idi! Dostlardan biri tam doğru sələndirdi: Nemət bəy bu dəfə meydana çıxsa, o meydanı onun əlindən ala bilən olmayacaq!

Hələlik isə toydayıq!

Monitorlarda Nemət bəyin oğlu oxuyur. O biri oğlu da yanımızda. Soruşuram ki, oxuyan oğlan sən deyilsənmi? Qayıdır ki, əmi, mən sazçalan oğluyam! Qatıb-qarışdırmışam e eyforik durumda!

Və bu anda üstündən illər keçsə də, bircə dəfə də olsa, mənə təşəkkür etməyə şans yaratmayan əziz bacımız Həcər xanımı sadəcə… təbrik edirəm: həbsxanaya təkcə Nemət bəy üçün yox, dustaqların hamısı üçün lazım olan dərmanları daşıyan, heç bir imkanı olmayanlara bağışlamaq üçün isti yun köynəklər alan, siqaret çəkməyən Nemət Pənahlıya qutu-qutu siqaret verib “payla onlara” deyən Həcər xanıma “təbrik edirəm, xoşbəxt olsun” demək azdı. “İki dünya xanımı” adlandırdığım Həcər xanım uzun illər əlinin zəhməti, gözünün nuru, ruhunun mübarizliyi ilə tarixin və xalqın sevimlisi olan meydan qəhrəmanı Nemət Pənahlını bizdən ayrı düşməyə qoymayan, mübarizəsində möhkəm saxlayan əziz və müqəddəs ünvanlardandı! Həm də o cür gözəl, istedadlı, əxlaqlı övladlar böyüdən xanım!

Sadəcə və sadəcə… pıçıldayırıq: Siz xoşbəxt günləri haqq edirsiniz, biz də Allaha minnətdarıq varlığınıza görə!

Toy davam edir: qonaqlar Qurani-kərimin ehtizaz yaşadan müqəddəs kəlmələrinin səslənişinə diqqət kəsilib!

“Əhli-beyt”in uşaqları “La ilahə illəllah deyən dillər var olsun” oxuyur!

Əlbəttə, var olsun!

Mən hələ də bir neçə ay Rumidən, Ağ Şəmsəddindən danışan, Nizamidən, Füzulidən doymadan qəzəllər söyləyən, folklordan, mübarizə tarixindən, qəhrəmanlardan doymadan, yorulmadan söhbət açan Nemət Pənahlının xanımının düzüb qoşduğu ssenarinin ardını gözləyirəm, ancaq ayrı bir ecazkarlığın şövqünü yaşayıram: Nemət bəyin qızının və kürəkəninin həm dostu, həm də tələbə yoldaşı Əhməd Güllü möhtəşəm bir performans yapır!

Təkcə o rəqsə baxıb həyata ümidlənmək olar, təkcə o rəqsi gözə alıb, “dost”, “qardaş” dediyin üçün güllə qabağına uça-uça getmək olar!

Təkcə o rəqs… möhtəşəm və bir də möhtəşəm!

Olduğum saysız-hesabsız məkanlarda və toylarda ikinci dəfədir ki, bu ehtişamı yaşayıb riqqətə gəlirəm: birinci dəfə yazmışdım ki, belə rəqsə tamaşa etməyin qiyməti minimum 1 milyon ABŞ dollardı!

İndi isə deyirəm: Həcər xanım Pənahlının ssenarisi misilsiz idi! Və əlavə edirəm: hətta dünyanın prezidentlərinin qızlarının toyunda belə möhtəşəmlik yaşanmayıb! Yaşana da bilməz! – inşaallah yəqin ki, Nemət bəy paylaşar toyun videokasetini, onda əmin olarsınız!

Həəə, bildiyiniz kimi, mən bundan artıq toyda qala bilməzdim: hardadı məndə o boyda xoşbəxt olmağa dözüm ki?

İnsanların təkcə dərddən yox, həm də sevincdən, xoşbəxtlikdən ürəyi dayanır e, əfəndilər!

Sözaası deyim ki, mən qızımın toyunda iştirak etməmişəm – özümü Əbülfəz Elçibəyə tay edib də deməyəcəm ki, böyük kişilik ənənələrinə sığınaraq etməmişəm. Yox! Özümə böhtan atmayacam, amma Nemət Pənahlının qızının toyunda özümü öz qızımın toyundakı kimi hiss etdim…

Mən öz xoşbəxtlik payımı yaşadım, şükran və minnətdar adam kimi, vaxtında gəldiyim toyu elə vaxtında da tərk etdim.

İndi son olaraq deməyim o ki… mənim bütün statuslarımı-rütbələrimi sıfıra vurun, amma unutmayın ki… bu ölkənin, bu xalqın milli azadlq hərəkatının qəhrəmanı Nemət Pənahlının türmədə “xlebnik”i olaraq qızının toyunda iştirak etmək mənə, YALNIZ mənə nəsib oldu! Nəmərim də bu yazı!

Hamınıza belə şərəfli və gözəl toylar görmək arzusuyla bir məqama aydınlıq gətirməklə yazıya – toydan reportaja ayaq verirəm:

Hamının bildiyi kimi, bu yaxınlarda Nemət bəyin bacısı rəhmətə getdi. Mərhumənin qırx mərasimindən sonraya saxlanan toy üçün ünvanlar axtarılarkən təkcə bir şadlıq sarayında bircə gün imkan olub. O da ayın 23-ü.

Özləri hüzr məclisindən çıxanların heç biri bu günün tarixi anlamının fərqinə varmayıb. Əlbəttə ki, milli ruhun flaqmanı Nemət bəyin başı qalda olmasaydı, əlbəttə ki, toyun gününü bir daha dəyişərdi! Ona görə də deyirəm ki, dərd içində olanın üstünə dərdlə getməzlər!

Çünki bir az da diqqətli olsaq, görərik ki, 365 günün hər birində bizim itkilərimiz olub!

Anlata bildimmi?

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button