Nemətin Ocağı və onun 6 sönməyəcək İşığı-VİDEO

Mən onu çoxdan tanıyıram. Elə Milli Azadlıq Hərəkatı dövründən. Sonra hakimiyyətə gəldilər və Milli Azadlıq Hərəkatının meydanlarda formalaşan təbii komandası darmadağın oldu. Beləcə, millətin də ümidləri elə o möhtəşəm “Meydan” hərəkatı ilə tarixə qovuşdu.

1989_NemetZaman Elçibəy hakimiyyətində Nemət Pənahlını siyasi müxalifət kimi qarşımıza çıxardı. Hakimiyyətlə ciddi toqquşmaları oldu və nə qəribdir ki, onu Elçibəy hakimiyyəti susdurmaq üçün həbs etdi. Nemət Pənahlı ailə qurmaq ərəfəsində həbs olunur. O zamanın tozlu xatirələrinin içində Nemətin həbsxanada xəstəlik tutduğu, əziyyət çəkdiyi haqqında epizodlar canlanır. İndiki dillə desək, Nemət Pənahlı Milli Hakimiyyətin ilk siyasi məhbuslarından olur.

Bəlkə bu səbəblədir ki, Elçibəyin şəxsən işə qarışması nəticəsində bir neçə gündən sonra azadlığa qovuşur, amma siyasi müxalifliyini kəskin və barışmaz formada davam etdirir.

Heydər Əliyev hakimiyyətində isə Nemət Pənahlı dövlət məmuru olur. Çox keçmir Heydər Əliyev komandasından da ayrılır və uzun müddət kənara çəkilir. Aradan illər keçir və 2010-cu ildə Nemət Pənahlını yenidən meydanlara qayıdan görürük. Və… başlayır. Və… bu başlamaq həbsxanaya qədər uzanır. Acı və ziddiyyətli bir ömür yolunun acı və ziddiyyətli davamı.

Nemətlə münasibətlərimiz onun Heydər Əliyev hakimiyyətində təmsil olunmasından əvvəldən başlayıb. Yaxşı xatırlayıram, Əbülfəz Elçibəyin Türkiyəyə oxumağa göndərdiyi tələbələr olaraq, onunla ilk dəfə Nərimanov parkındakı çayxanada görüşmüş, onu tanımaq istəmişdik. Sonra biz elə Türkiyədə oxuyarkən hakimiyyətlər bir-birini əvəz etdi və Nemət vəzifədə olanda onunla heç təmasımız olmadı. Bir də Nemət Pənahlı ilə hakimiyyətdən istefa verəndən sonra görüşdük və beləliklə, siyasi ömrümüzün dostanə münasibətləri başladı.

Mən Nemətlə münasibətlərin dərəcəsindən bəhs etmək istəmirəm. Hər zaman razılaşmadığımız məqamlar olub və hər zaman da hərəmiz öz fikirlərimizdə qalmışıq. Mən bu dəfə Nemətin ailəsindən, indi tanıdığım ailəsindən bəhs etmək istəyirəm. İnsanlar adətən, övladlarını, balalarını siyasət girdabının odlu-alovlu yolarına salmırlar, ancaq bəzən də elə olur ki, başqa cür də olmur. Sən istəmirsən, amma bir baxırsan, siyasət gəlib balaları da, ata-ananı da, qardaş-bacını da tapıb. Nemətin bax, bu yönündən danışmaq istəyirəm – ailəsindən, balalarından bəhs edəcəyəm.

Neməti tam tanımaq üçün mütləq onun ailəsini tanımalısan. Həyat yoldaşı və 6 gül balaları ilə tanış olanda məhz bu hissi keçirdim. Ola bilər ki, siyasətdə bəyənmədiyimiz tərəfləri var Nemətin. Mümkündür ki, hansısa addımları da xoşumuza gəlməyə bilər. Ancaq və lakin bir kişini tam və hərtərəfli tanımaq üçün onun ailəsinə, özü həbs olunandan sonra qadınına, tərbiyə etdiyi övladlarına baxacaqsan. İnsan bütün cizgiləri ilə yalnız belə fövqəladə vəziyyətlərdə ortaya çıxar və ailə başçısının – bu hadisədə konkret Nemət Pənahlının hansı dünyagörüşə malik olduğu apaydın ortaya çıxır.

Həcər xanım general kimi Nemətin Ocağının başında dayanaraq onun ailəsini idarə edir. İndiki zamanda bir qadın üçün bu, çox çətin olmalıdır. İlk baxışdan susqun, sakit görünən bu qadının içində bir fırtına var. Onun danışıqlarına sakit qulaq asmaq olmur. Nə istədiyini bilir. Kimin qadını olduğunu bilir. Kimin balalarına baxdığını da bilir. Nemət Pənahlının fanatı olub, hərəkatda ona aşiq olub, sonra qadını olub və bütün fəlsəfəsini incəliklərinə qədər bilir. Bir telini ağ, bir telini qara hörərək Nemətin 6 gül balasını Nemət olmadan 5 ildir idarə edir. Çox çətindir. Eyni zamanda çox şərəflidir.

Mən Nemətin evində olmuşam. O zaman vəzifədən təzə istefa vermişdi, ev də əla təmirli idi. Nemət bu evi vəzifədə olanda almışdı və özü də dizayn etdirmişdi. Geniş və böyük otaqlar vardı. Bütün mebellər Azərbaycan ustaları tərəfindən yığılmışdı. Mən bu haqda hələ Türkiyədə təhsil aldığım illərdə yazmış və bu evi heyranlıqla təsvir etmişdim.

İndi o evdən əsər-əlamət yoxdur. İllər hər şeyi dəyişib. Bir-birinin ardınca böyüyən balalar və Nemətin ata və anası evə sığmayıblar. Ailə artdıqca və adam çoxaldıqca, böyük otaqlar arakəsmələrlə balaca otaqlara bölünüb və hərə öz “tay-tuşu ilə” həmin otaqlarda məskunlaşıblar. Evin böyük oğlu Orxan hamısını bir-bir danışır.

evez nemetin ailesi ile

Xatirə böyük qızıdır Nemətin. Sonra Orxan gəlir, sonra Əhəd. Sonra Nemətin Cənubi Azərbaycanın şərəfinə ad verdiyi qızı Güney gəlir. Mən ilk dəfədir Güney adlı qız görürdüm və Nemətin nə qədər öz millətinə bağlı olduğunun şahidi olurdum. Sonra Ərtoğrul və nəhayət, Oğuzxan gəlir. Hamısı ilə ayrı-ayrılıqda söhbət etdim. Hamısı adının niyə qoyulduğunu bilir və həmin tarixi şəxslərin haqqında tamam-kamal bilgilərə sahibdir. Bir Əhəd atasının adıdır Nemətin, o da babasından danışa-danışa həm özünü, həm də bizi kövrəltdi.

Bir dünyadır Nemətin balaları. Hamısı düşüncəli, hamısı qəhərli. Dərd bu uşaqları zamansız böyüdüb. Yaş fərqi olmadan uşaqların hamısı dərd küpüdür sanki. Onlar atalarını çox yaxşı tanıyırlar. Hərəsinin arzuları fərqlidir, həyata başqa-başqa baxışları var. İlk baxışdan adama elə gəlir ki, ayrı-ayrı dünyanın adamlarıdır. Zatən hamısı bunu deyirlər də. Heç biri “Nemətin yolunu gedəcəyəm” demir. Heç biri Neməti idealizə etmir. Amma diqqətlə qulaq asanda hamısının Yolbayının Nemət olduğu görünür. İliklərinə qədər Nemətin tərbiyəsi və yolundadırlar. Daşıdıqları fəlsəfə, danışdıqları fikirlər, Neməti xarakterizə etmələri özlərindən asılı olmayaraq bir böyük yolda olduqlarını və yürüdüklərini göstərir.

Diqqətlə bu 6 igidə – aslanın erkəyi, dişisi olmaz – tamaşa etdikcə elə bil məni ildırım vurdu. Neməti həbs edənlər onu tam da can evindən vurublar və ona məhz 6 balaya görə 6 il də iş veriblər. Təsadüfə oxşatmadım. Ona amansız bir mesaj ötürüblər – Nemət ya mesajı anlamayıb, ya da qəbul etməyib. Heç nədən bir azadlıq mücahidinə 6 il cəzanın niyə verildiyini yalnız bu 6 cəngavəri dinlədikdən sonra adam anlaya bilər.

Və ondan da maraqlısı odur ki, başda Nemətin xanımı olmaqla bu 6 övlad atalarının niyə tutulduqlarının fərqindədirlər. İnamlıdırlar. Mübarizə aparıblar. Həbsxana qapılarında yatıblar. Atalarının qollarında qandal görüblər. Mətinləşib bərkiyiblər balalar və bu bərkimə onların içində möhtəşəm bir tonqal qalayıb.

Kimə lazım idi Neməti həbs etmək? Kimə lazım idi bu ordunun ürəyində nəhəng qığılcımlar qalamaq? Kimə lazım idi Nemətin 6 körpəsini dərd içində böyüdüb igid və ərənə çevirmək? Bu uşaqlar Azərbaycanın gələcəyidir. Hərəsi bir sahədə istedaddır. Orxan bütün əngəlləmələrə baxmayaraq, neçə dəfə çempion olub. Oğuzxan elə bir nadir istedaddır ki, ilahi və möcüzəvi səsə malikdir. Nə qədər olar Nemətin oğludur deyə müsabiqəyə buraxmamaq? Belə biabırçılıq olarmı? Təkcə bu filmdəki səsini Acun Ilıcalıya göndərmək olar və Oğuzxandan sabah milyonlarla insan bəhs edər. Niyə özlərinə və millətlərinə belə düşmən kəsiliblər, adam anlamır. Əslində, mən yaxşı anlayıram, amma belə Vətən və Millət sevgisi olarmı? Olmaz ki!

Nemət Pənahlıya bir üzəduranın yalançı ifadəsi ilə 6 il cəza verdilər. Onun cəza müddətinin bitməsinə 11 aydan da bir az az qalır. Nemətin Ordusu – onun mükəmməl ailəsi ilə görüşəndən sonra onun içəridə niyə elə dimdik dayandığının fərqinə varır adam. Nemət hakimiyyətlə heç bir müstəvidə anlaşmadı. Yanına gələnlər də ondan yuxarılara doğru informasiya aparmadılar. İndən sonra da nəyinsə dəyişəcəyinə inanmıram. Güman ki, təqvimini – 2017-ci ilin yanvarını gözləməli olacağıq. Beləliklə, yalançı üzəduranların əli ilə onun ömründən 6 il oğurlanmış olacaq. Amma unudulan bir şey var…

Nemətin Ocağı gurdur, verimlidir, işığı güclüdür. Nemətin yurdunda 6 balası yetişir ki, hərəsi bir dünyadır. Nemətin 6 elə övladı gəlir ki, onlar bir zaman atalarının başına gətirilənlərin hesabını soruşacaqlar. Mən bu uşaqları görəndən sonra ona inandım. İnandım və eyni zamanda sanki özümə 6 qardaş tapdım. Əqidəli, dürüst, tərtəmiz 6 bala!

“Dəmir qapının da taxta qapıya işi düşər” deyib atalar. Nemətin balaları bax, o “dəmir qapı”ların işlərinin düşəcəyi “taxta qapı”lardır. Öz yollarında inamla irəliləyirlər və Həcər adlı bir generalın, Nemət adlı komandanın başçılığı ilə bu millətin və dövlətin gələcəyi üçün özlərini yetişdirirlər. İndi atalarını haqsız yerə həbsdə saxlayan dövlətləri üçün.

Allah Nemət Pənahlının qapısını açsın və o, özünün bu böyük ordusuna, möhtəşəm ocağına tez qovuşsun. Biz də o ocağın ətrafından bu ölkənin gələcəyinə uzanan bu fidan balaların uğurlarının şahidi olaq – ataları ilə birlikdə.

Mən onu çoxdan tanıyıram – Nemət Pənahlını deyirəm. İndi bir başqa cür tanıdım və fəxr etdim. İndi Nemətin Ocağında mənim 6 silahdaşım, qardaşım var. Ocağın hər zaman işıqlı olsun, Nemət Pənahlı! Nemətin Ocağı gündən-günə bu millətə daha çox işıq saçsın. Qürur duya və rahat ola bilərsən, qardaş!

Əvəz Zeynallı

Xüsusi olaraq Strateq.az üçün

DSC09622 DSC09628 DSC09630 DSC09636 DSC09642 DSC09646 DSC09653

xatir

Əlaqəli məqalələr

2 şərh

  1. Bu yazıya görə,Nemət Pənahlı ocağına qayğınıza və bu gözəl,təmiz ailəylə maraqlandığınıza görə Əvəz bəy Sizə təşəkkür edirəm.Nemət bəy xalqını,millətini,dövlətini sevən bir insandır.Bəlkə də onun bu aşırı vətən, millət sevgisi bais olub ki,bu gün zindanlar küncünə atılıb.Allah dəyərli,azadlıq aşiqinin qapısını açsın.Qoy bundan sonra Nemət ocağından ancaq sevindirici xəbərlər alaq…

  2. Həyat çox qəribədir, onun həm şirin məqamları vardır, həm də qəm-qüssəli. Amma həyat sevib, sevilənlərindir. Ömür, həyat bir dəfə qismət olur insanlara. Onu elə yaşamaq, elə çalışmaq, elə başa vurmaq lazımdır ki, sonradan mənasız keçən günlər üçün xəcalət çəkməyəsən, peşimançılıq hisslərini yaşamayasan.Bu düşüncələri Neymət Pənahlı və Əvəz bəyin keçdiyi ləyaqətli mübarizə yoluna söykənərək qeyd edirəm.
    Təskinlik üçün deyək ki, qartalların nəsli heç vaxt nə yarasaya, nə də yapalağa çevrilə bilməz! Elə qartal kimi əsrlər boyu ömür yaşayırlar, amma belə də qeyd edək ki, qartalların məskəni ancaq zirvələrdir, dağların çiyinlərində torpağa bərkimiş yalçın qayalardır. Neymət Pənahlının fəth etdiyi Milli Azadlıq hərəkatı zirvəsi. Söykəndiyi qaya isə əqidəcən saf, təmiz silahdaşlarıdı.
    Hörmətli Əvəz müəllim! Belə bir ritorik düşüncələrə üstünlük verərək düşündürücü suvallar məngənəsinə diqqətimizi yönəldək. Məhəmməd Hadi də necə ürək ağrısı ilə arzulayıb və bizlərə ürək-dirək verərək söyləyibdi:
    “Həqiqət Günəşi çıxar dumandan!
    Seçilər İnşəallah, yaxşı-yamandan”!
    Bəs Lütvəli deməyibmi? –“mənfi ilə müsbət elmdir”!. Elm isə bəyan edibdir və sübut edibdir ki,“İnkişaf əksliklər mübarizəsidir”! Kimlər qalib gəlir mübarizədə?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button