“Netflix” Ermənistanda film və seriallar çəkəcək

Yayımlandı: 29 Oktyabr 2024 16:47

Hər filmə yatırılan vəsaitin 40%-ə qədəri ƏDV şəklində geri qaytarılacaq

“Netflix” Ermənistanda film və bir sıra seriallar çəkəcək.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentdə 2025-ci ilin büdcə müzakirələri zamanı bu barədə məlumat verib.

Nazir deyib ki, birgə əməkdaşlıq film istehsalı üçün stimul ola bilər.

2020-ci ildə ölkənin kino haqqında qanununa edilən dəyişikliyə görə, hər hansı filmə yatırılan vəsaitin 40%-ə qədəri əsasən, əlavə dəyər vergisi şəklində geri qaytarılacaq.

“Kino sənayesi sürətlə inkişaf edən sahədir və bu mənada biz artıq “Netflix”lə memorandumlar imzalamışıq. Onların bizimlə bir neçə serial və digər oxşar layihələrə çəkilmək planları var”, – Andreasyan bildirib.

Daha öncə hakim fraksiyanın deputatı Sisak Gabrielyan bildirmişdi ki, almaniyalı rejissor və aktyor Til Şvayqer Ermənistanda “Netflix” üçün iki bədii – “Underdog”, “Dead by Sübh” və  “Collapse” adlı 8 hissəli serial çəkəcək.

Deputat Til Şvayqerin nümayəndəsi ilə razılaşma müqaviləsinin imzalandığını deyib.

Azərbaycanın Mədəniyyət Nazirliyi 2021-ci ilin martında “Netflix”lə əməkdaşlığa başlanıldığını bildirib.

Nazirliyin məlumatında qeyd olunurdu ki, keçmiş mədəniyyət naziri Anar Kərimov Türkiyədə “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşüb.

Azərbaycan filmlərinin “Netflix”də yayımı ilə bağlı müzakirələr aparıb.

Hər iki ölkənin birgə çəkdikləri film və serialların gələcəkdə “Netflix”də nümayişi nəzərdə tutulub.

Həmin ilin dekabrında Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib ki, yeni film layihələri ilə bağlı artıq işə başlanılıb.

Layihələrlə və işbirliyi ilə bağlı sonra heç bir məlumat verilməyib.

2022-ci il oktyabrın 26-da isə Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntuları aşkarlayıb.

2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı Mədəniyyət Nazirliyində mühüm post tutmuş şəxslərə Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələrilə ittiham irəli sürülüb.

2022-ci il dekabrın 22-də isə Prezident İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən kənarlaşdırıb.

Anar Kərimovun vəzifəsindən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyində baş verən korrupsiya halları olduğu deyilirdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button