Niderland, digər NATO üzvləri Ukraynaya havadan müdafiə sistemləri, qırıcılar verəcəklər

Niderland “çox tezliklə” Ukraynanı “Patriot” havadan müdafiə sistemlərinin vəd olunan komponentləri ilə təchiz etməyə başlayacaq. Bunu ölkənin müdafiə naziri Vaşinqtonda NATO sammiti çərçivəsində AzadlıqRadiosunun müxbirinə deyib.

“Təchiz etdiyimiz “Patriot” sisteminin hissələrinə gəlincə, deyə bilərəm ki, onları çox tezliklə verəcəyik”, – müdafiə naziri Ruben Bekelmans iyulun 10-da söyləyib.

“F-16-lara gəlincə… konkret tarix deyə bilmərəm. Bilirik ki, rusiyalılar və prezident Vladimir Putin, hamı F-16-ların nə vaxt veriləcəyi ilə maraqlanır”, – o, sözlərinə əlavə edib.

Bekelmans onu da deyib ki, qabaqcıl qırıcı təyyarələr “mümkün qədər tez” veriləcək.

Nazir onu da vurğulayıb ki, ölkəsi və NATO müttəfiqləri ukraynalı pilotları F-16-ları sürməyə hazırlaşdırmaqdan ötrü Rumıniyada Avropa təlim mərkəzi açmaq üzərində “gərgin” işləyir.

Norveç iyulun 10-da bildirib ki, 2024-cü ildə Ukraynaya vəd etdiyi altı F-16-nı verməyə başlayacaq.

İyulun 10-da ABŞ dövlət katibi Antoni Blinken F-16-ların transferinin başlandığını söyləyib.

İyulun 9-da Niderland da ABŞ, Almaniya, İtaliya və Rumıniyanın Ukraynaya çox gərəkən havadan müdafiə sistemləri vermək vədlərinə qoşulub. Rusiyanın gündəlik dron və raket zərbələri ölkəni iflic edib, Ukraynanın enerji infrastrukturuna ağır zərbə vurub.

Ukrayna prezidenti Volodimir Zelenski bu vədləri “Rusiyanın Ukrayna əhalisini, şəhərlərini və icmalarını terrorizə etmək qabiliyyətinin getdikcə azalacağının aydın əlaməti” adlandırıb.

Zelenski iyunun 11-də Berlində bir konfransda demişdi ki, Ukraynaya şəhər mərkəzlərini qorumaq üçün azı yeddi əlavə “Patriot” sistemləri lazımdır.

O, Vaşinqtona 9-11 iyul NATO sammitinə gələndə jurnalistlərə söyləyib ki, nümayəndə heyəti əlavə havadan müdafiə sistemləri və qırıcılar əldə etməyə fokuslanacaq.

Sammitdə Ukraynaya 2025-ci ildə 40 milyard avroluq (43 milyard dollar) hərbi yardım ayırmaq təklifi müzakirə olunur. Üzv ölkələr daha öncə alyansın baş katibi Yens Stoltenberqin təklif etdiyi çoxillik hərbi yardım paketini razılaşdıra bilməyiblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button