Niderland parlamenti ”erməni soyqırımını” tanıdı

Türkiyə XİN: “Srebrennitsada soyqırımı aktını görməməzliyə vuran ölkənin belə qərar qəbul etməsi yolverilməzdir”

Niderland parlamentinin aşağı palatası Osmalı imperiyasında 1915-ci ildə baş verən hadisələri “erməni soyqırımı” kimi tanıyıb.

Qərarın lehinə 150 nəfərdən 147-i, əleyhinə yalnız türk diasporasının maraqlarını təmsil edən Niderlandın “Denk” partiyasının üç deputatı səs verib.

Səsvermədən əvvəl ölkənin xarici işlər naziri Sigrid Kaaq çıxış edərək, bəyan edib ki, hökumət parlamentin bu qərarını dəstəkləməyəcək. Bundan başqa o, 100 il bundan əvvəl olan hadisələri “soyqırımı” kimi adlandırarkən ehtiyatlı olmağa çağırıb.

Parlamentin qərarı qəbul edilən kimi, Niderlandın Türkiyədə müvəqqəti işlər vəkili Erik Veststrate XİN-ə çağırılaraq, ona kəskin etiraz edilib.

Türkiyə XİN-i bəyan edib ki, vaxtilə Srebrennitsada soyqırımı aktını görməməzliyə vuran Avropa ölkəsinin parlamentinin belə bir qərar qəbul etməsi yolverilməzdir.

Məsələyə münasibət bildirən Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə bəyan edib ki, bu qərarı qərəzli və qeyri-obyektiv hesab edirik.

“Saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyildir. Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma “erməni soyqırımı”nın tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir. Niderland Krallığının nümayəndələr palatasını ikili standartlardan kənar durmağa, ədalət və obyektivlik prinsiplərini rəhbər tutaraq, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu hadisəyə qiymət verməyə dəvət edirik”.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button