Niyə boşanırıq?!

İradə Aytel

Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir…

A.Çexov

Ölkədə 1 milyard manatlıq idman meydanı tikməyə hazırlaşan, müxtəlif yerlərdə milyonlar hesabına heykəllər ucaldan, onlarla villalar, xarici banklarda nəvə-nəticələrindən başqa kötücələrinin belə zadəgan həyatı keçirməsinə zəmin yaradan pullar, Birləşmiş Ərəb Əmirliklərində ada və s. və i… alan hakim qüvvə o pulların bir hissəsini də zavodların, fabriklərin, müxtəlif iş yerlərinin açılmasına sərf etsəydi, işsizlik bu qədər baş alıb getməzdi. Bu isə maddi çətinlikdən az da olsa uzaq olan, əməyi sayəsində mənzillərə yiyələnən gənc ailələrdə möhkəmlik yaradar, boşanmaların qarşısı nisbətən alınardı…
Bu gün Azərbaycanda yaşanan qlobal problemlərdən biri də boşanmalarla bağlıdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, keçən il boşanmaların sayı əvvəlki illərə nisbətən artıb. İlin əvvəlindən rəsmi orqanlar tərəfindən ölkədə 53 min nikah və 6,5 min boşanma halı qeydə alınıb. 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 7,9-a qədər azalıb, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb.

Əslində, boşanmaların sayı tək bizim ölkədə yox, bütün dünyada artıb. Belə ki,  respublikamızda boşanmanın evlənməyə nisbəti 7-8 faiz təşkil edirsə, bu, Belçikada 75, Estoniyada 70, Litvada 62, Macarıstanda 55, İsveçdə 54, Finlandiyada 52, Almaniyada 52, Lüksemburqda 51, Avstriyada 50, Fransada 46, Danimarkada 45, Portuqaliyada 41, Hollandiyada 40, Bolqarıstanda 39, Polşada 25, Ruminiyada 25, İspaniyada 20, Yunanıstanda 20, İtaliya 15, İrlandiyada 13, Türkiyədə 9, ABŞ-da 40  faizdir.

Amerika alimləri uzun tədqiqatlardan sonra maraqlı nətisələr əldə ediblər. Belə ki, subay həyat tərzi iflic, diabet, xərçəng və şüalanmadan daha təhlükəlidir. Belə bir qənaətə alimlər iki qrup kişiləri tədqiq etdikdən sonra gəliblər. Bir qrup kişi subay, bir qrupu isə evli olub. Tədqiqat 18-45 yaşarası kişilər arasında aparılıb. Məlum olub ki, insan nə qədər çox subay qalsa, bu, bir o qədər çox onun psixi sağlamlığına təsir edir. Əsəbilik, özünəqapanma, özünəəminliyin olmaması subay insanlarda evlilərdən daha çox müşahidə olunur. Həmçinin, fiziki sağlamlığa da mənfi təsir göstərir. Məsələn, kişilərdə cinsi sahədə böyük çatışmazlıqlar, prostatit və s. əmələ gəlir, subaylıq ve ya ayrılıq ürək sisteminə çox pis təsir edir.
Qadınlarda isə əsəb pozğunluğu, ginekoloji xəstəliklər, bədənin fiziki cəhətdən anomaniyası (tüklənmə, səsin qalınlaşması və s.) yaradır.

İnsanları bir-birinə bağlayan əsas amillərdən biri ailə həyatıdır. Əgər bu birlikdə sevgi bağları varsa, deməli, ailənin özülü möhkəmdir. Evlənmək islam nöqteyi-nəzərindən müstəhəb və bəzi hallarda zəruri məsələlərdən hesab olunur. Ailə həyatı insanlarda gələcəyə inam, yaşamağa stimul verir. Gözəl ailəsi, övladları olan ailə başçısı səhər işə, axşamsa evinə tələsir. Xalq arasında belə bir deyim də var ki, “səhər işə, axşam evə tələsən adam xoşbəxtdir.”

Ailə həyatı insanı psoxoloji, mənəvi, fiziki cəhətdən formalaşdırır, yetkinləşdirir. Ailəsi olan şəxs pis işlərdən uzaq olmağa, övladları naminə əməllərində salehliyə çalışır. Lakin bəzən özülünü möhkəm sandığımız elə bir ailənin uçduğunun, dağıldığının şahidi oluruq ki, inanmaqda belə aciz qalırıq.

Bəs, bu dağılmaların, boşanmaların başında əsas hansı amillər dayanır? Elə bu problemlə bağlı əhali arasında sorğu keçirməyı qərara aldım. Əvvəlcə müxtəlif səbəblərdən ailəsi dağılan insanlarla söhbət apardıqdan sonra mütəxəssis rəylərini də öyrənməyə çalışdım:

Turanə (ad şərtidir): Onu çox sevirdim. O, da məni sevirdi. Tələbə yoldaşım idi. Ailəsi bu izdivaca razı deyildi. Anası öz bacısı qızının gəlini olması arzusunda idi. Biz unversiteti bitirəndən sonra qoşulub qaçdıq. Maddi vəziyyətimiz çox ağır idi. Hər ikimiz ali təhsilli olmağımıza baxmayaraq, iş tapa bilmirdik. Atası anasından ayrılmışdı. Ailə qardaşı, qardaşının arvadı, uşaqları, anası və bizdən ibarət idi. Demək olar ki ailədə heç kim işləmirdi. Ərimin orda-burda fəhləlik edərək qazandığı pulla dolanırdıq. Bu, çox çətin idi. Ona qoşulub getdiyim üçün ata-anam məndən üz döndərmişdi. Qaynanam tez-tez evə dava-dalaş salırdı. Ərimlə yaşıd olmama baxmayaraq, qaynanam hey deyirdi: “bunun nəyiylə evlənmisən, nənəmlə yaşıddı”, “sənə yaraşmır”, “yumurtamayan toyuğu kim saxlayar” (cəmi bir il idi ailə qurmuşduq, övladım yox idi). Bezmişdim, getməyə yerim yox idi. Ərimsə hər şeyə susur, hətta anasının sözüylə məni döyürdü. Və bir gün ayrılmağı qərara verdim. İndi tək yaşayıram. Yenə də normal iş yeri tapammamışam… Ərim evləndi, uşaqları var…

Günel (ad şərtidir): 12 yaşımda məni nişanladılar. 13 yaşımda toyumuz oldu. 14 yaşımda ana oldum. Amma hər şey o qədər çətin idi ki, gecələr anamı çağıraraq ağlayırdım. Sonra ərim iş üçün Rusiyaya getdi. Əvvəllər ildə bir-iki dəfə gəlirdi. İndi heç gəlmir. Tez-tez xəstələnirəm. Təsərrüfatla qazandığımız pulun çox hissəsi həkimlərə, dava-dərmana gedir. İki övladım var. Çox çətindir. Boşansam uşaqlarım acından ölər. Heç olmasa indi qaynanam, qaynatam yardım edirlər. Düzdür, qaynanam çox deyingəndi, amma dözürəm, başqa çarəm yoxdur.

Haşıyə:

Ərləri iş üçün aylarla uzaqlarda olan gənc qadınların mənəvi, maddi və fiziki işgəncələrə qatlaşdığı məlumdur. Bəzən bu işgəncələrə tab gətirməyən qadınlar ya boşanır, ya pis yollara düşür, ya da cinsəl və maddi tələbatını gizli yollarla ödəməyə çalışır. Bununsa çox ağır fəsadları olur. Hətta bu xəbəri eşidən neçə-neçə ərlərin qatilə çevrildiyinin də şahidi olmuşuq.

Bəsti: Atam hər gün evə içib gəlirdi. Anamı döyür, bizi söyürdü. Üç bacı idik. Mənim onda 13 yaşım var idi. Sumqayıtdan bir nəfər oğlan kəndimizə qohumugilə gəlmişdi. Mənə evlənməyi təklif etdi. Məmnuniyyətlə razı oldum. Ailəmizdən baş götürüb getdim. İndi dörd uşağım var. 19 yaşım olmasına baxmayaraq, hamı elə bilir 29-30 yaşlarındayam…

Nərgiz Nağıyeva, “Aydın Səma” Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri: Mən demək olar ki, hər gün belə problemi olan insanlarla rastlaşıram. Gənc ailələrin boşanmasında ilk öncə iki gəncin ailəsi böyük məsuliyyət daşıyır. Bu məsuliyyəti yetərincə üzərlərinə almırlar və boşanma səbəbləri başlayır. Dövlətimiz ilk olaraq evlilərin işsizliyini nəzərə alıb, onların kəbinini kəsməzdən əvvəl iş yerləri və evləri barədə maraqlanmalıdır. Evlilər işsizlikdən, keçinməzlikdən, evsizlikdən başlanan problemin sonunda ayrılmağı daha məqsədəuyğun bilir. Evi, işi olmayan, yəni evli olan kişi pul qazanmaq üçün başqa ölkələrə gedirsə, əlbəttə, bu evlilikdə ayrılıq siqnalı artıq çalınır. Bəzən hər şəraiti olan evlilərdə  də problem olur, ayrılırlar.

 

Qüdrət Məmmədov, yazıçı: Keçmiş sovet respublikaları arasında ən az boşanma Azərbaycanda və Gürcüstanda idi. Demək olar ki, bu göstərici bir faizə çatmırdı. İndi isə bu faiz ildən-ilə sürətlə artır. Səbəbi isə həm mənəvi, həm də iqtisadi problemlərdir. Birinci amil iqtisadi səbəblərdir. Mənəvi səbəb də az deyil. Əvvəllər patriarxal adət-ənənələr Azərbaycanda üstünlük təşkil edirdi. İndi bu dağılıb və azadlığın elə bir pis forması ortaya çıxıb ki, (efir özbaşınalığı, tərbiyəsizliyi, müxtəlif şoular, Avropanın pis əməllərinə inteqrasiya və s.) bunlar da boşanmaya təkan olur. Mənəvi dəyərlərə üstünlük verməli, tərbiyəvi, intellektual təbliğatları çoxaltmalıyıq.

Əli Rzazadə, Şərqşünas: Ümumiyyətlə bütün səmavi dinlər insanların  möhkəm təməllər üzərində ailə qurmasını tövsiyə edir. Hətta bu haqda Həzrəti Məhəmməd öz hədislərinin birində buyurur: “Evlənin, çoxalın, çünki mən qiyamət günü sizin çoxluğunuzla fəxr edəcəyəm”.

Boşanmağa gəlincə isə İslam dini bunun bəzi şərtlər altında həyata keçirilməsini qeyd edir. Evlilikdə tərəflərdən hər hansı biri Allahın əmr etdiyi şəkildə yaşamağa və  İslami əmrləri, dini ritualları həyata keçirməyə mane olursa, xəstəlik və ya hər hansı bir üzr varsa, tərəflərdən birinin ailəni tərk etməsi, tərəflər arasında anlaşılmazlıq və bunun nəticəsində pozulmuş münasibətərin bərpasının qeyri-mümkün hesab etmək, tərəflərin bir–birinə qarşı pis rəftar və zina kimi amilləri səbəb gətirmək olar. Bu və digər səbəblər evlilik həyatında mövcuddursa, onda boşanmağa icazə verilir. Lakin unutmaq lazım deyil ki, boşanma Allahın bəyənmədiyi hallardan hesab olunur.

Bu gün çox təəssüfər olsun ki, Azərbaycanda bu kimi halların qarşısını almaq üçün adekvat addımlar atılmır. İlk növbədə  yeni ailələrin maarifləndirilməsi məsələsi ortaya qoyulmalıdır. Bunun üçün ilkin maarifləndirmə orta və ali təhsil ocaqlarından başlamalıdır.

Azərbyacanda boşanmaların əsas səbəblərindən biri də əhalinin sosial durumunun ürəkaçan olmamasıdı. Burada işsizlik probemini misal çəkmək olar. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda yeni ailə qurmuş gənclərimizə heç bir dövlət qayğısı göstərilmir, onların mənzillə təmin olunmasına soyuq münasibət müşahidə olunur.

Brilyant Hacıyeva, pedaqoq: Dərs dediyim 7-ci sinifdə əlaçı, nümunəvi, aktiv bir şagirdim var idi. Son zamanlar onda geriləmələr müşahidə etdim. Sonra eşitdim ki, onun nişanı olub. 9-cu sinifdən isə məktəbdən çıxardılar. İllərdir əziyyət çəkdiyim yetirməmin bəhrəsini görmədən tədrisdən belə uzaqlaşması məni üzürdü. Sonralar onun ailə həyatının da yarımçıq qaldığının şahidi oldum.

Mən deyərdim ki, boşanmalar başlıca olaraq sosial, iqtisadi problemlərdən yaransa da, mənəvi dəyərlərimizdəki boşluqlar da öz təsirindən geri qalmır. Valideynlərin fiziki və əqli cəhətdən ailə qurmağa hazır olmadan övladını evləndirməsi (ən çox da qız uşaqlarını) boşanmaların sayının artımına səbəb olur. Belə hallarda isə bir nəfərdən, bir ailədən başqa, cəmiyyət gələcəyin ixtisaslı kadrını, nümunəvi anasını, atasını itirir. Əlbəttə, bu kimi halların qarşısını almaq üçün dövlət əməli işə başlamalı, orta məktəb şagirdlərinin ailəsi ilə ciddi əlaqə saxlamalı, sonda isə gənclərin işlə təmin olunmasında, yeni ailə quranların mənzil problemlərinin həll edilməsində, ailəyə hazırlıqlı olmalarını (fiziki, maddi və mənəvi) yaxından bilməlidir.

Bəxtiyar Hidayət, pedaqoq, şair: Boşanmanın bu qədər geniş yayılmasının səbəbləri çoxdur. Hətta mən deyərdim ki, əgər Avropada olan boşanma şəraitinin yarısı Azərbaycanda olsa, ailə institutu ləğv olub gedərdi. Çünki nə qədər qadınlar var ki, sadəcə boşandıqdan sonrakı taleyi müəmmalı qaldığı üçün boşanmır, dözür qul kimi – şilləyə də, təpiyə də, təhqirə də.

Bunun ilkin səbəbi mentalitetin qadına baxışındadır. Və hətta deyərdim, mentalitetin kişiyə baxışındadır. Çünki evlənənləri sadəcə ata-ana, qohum-qardaş evləndirib bir damın altına gətirir, sonra da xasiyyətlər, xarakterlər tutuşmur. İndi də maşallah, qadınlar o qədər seriallara baxıb ki, arada hüquqlarını da istəyirlər.
Həmçinin cehiz deyilən nəsnə də burada çox rol oynayır. Ərə gedən qız öz atası evini soyub aparır cehiz kimi. Ər evində heç illərlə işlətməyəcəyi bir bahalı qab sındımı, dava başlayır. Eyni zamanda, cehizi qıt olan gəlin də illərlə qınaqlarla üzləşir. Bunlar da yenə mentalitetin səbəbinə olur və yenə də boşanmaya aparıb çıxarır.
Ən əsas səbəb əlbəttə ki, iqtisadi çətinlikdir. Bəzən kişi evə qazanc gətirə bilmədiyi halda qadın qazanc gətirir. Kişi qadının basqısı altında qalır. Və yaxud da borc götürürlər, sələmə düşürlər. Sonda da günahı bir-birinin üstünə atırlar. Yenə dava, yenə boşanma. Mən hətta kredit borcuna görə dağılan ailələr tanıyıram.
Həmçinin elə ailələr var ki, sadəcə boşanma “siyahısına” düşməyiblər. Baxırsan ki, ər illərlə xaricdədir. Və yaxud da baxırsan ki, qadın aylarla Dubayda, İstanbuldadır. Məsələyə dövlətin qarışması lazim. Millətin gələcəyi üçün.

 

Bütün bunlardan belə bir nəticəyə gəlmək olur ki, bu gün Azərbaycanda boşanmaların sayının ildən-ilə artması əsasən sosial problemlərlə bağlıdır. Bunların arasında ən öndə işsizlik və maddiyyat dayanır. Əlbəttə, ailənin başçısı ailəsini normal dolandıra bilmirsə, xanımının, uşaqlarının istəklərini yerinə yetirə bilmirsə, bu, getdikcə ailədaxili narazılıqlara, sonda isə ayrılıqlara səbəb olur. Hamımıza məlumdur ki, ölkəmizdə işsizlik ucbatından gənc yaşlarını xaricdə keçirənlərdən başqa təhsilə yiyələnən, müxtəlif sənət sahibləri də çətinliklərə məruz qalırlar.

Ölkədə 1 milyard manatlıq idman meydanı tikməyə hazırlaşan, müxtəlif yerlərdə milyonlar hesabına heykəllər ucaldan, onlarla villalar, xarici banklarda nəvə-nəticələrindən başqa kötücələrinin belə zadəgan həyatı keçirməsinə zəmin verən pullar, Birləşmiş Ərəb Əmirliklərində ada və s. və i. alan hakim qüvvə o pulların bir hissəsini də zavodların, fabriklərin, müxəlif iş yerlərinin açılmasına sərf etsəydi, işsizlik bu qədər baş alıb getməzdi. Bu isə maddi çətinlikdən az da olsa uzaq olan, əməyi sayəsində mənzillərə yiyələnən gənc ailələrdə möhkəmlik yaradardı, boşanmaların qarşısı nisbətən alınardı. Əlbəttə, bütün bunlarla yanaşı, maarifləndirmə də əsas yer tutur. Təkcə ailə qurmağa hazırlaşan cütlüyü yox, eyni zamanda, övladını gələcək həyata hazırlayan valideynləri də bu işə vaxtında hazırlamaq lazımdır.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button