Niyə, Məhərrəm, dərdin nədir?

 Məhərrəm Quliyev “Xural”a savaş elan edib

İcra başçısı qəzetimizi rayonda qadağan edib…

Ağstafanın İcra Hakimiyyətinin başçısı mətbuata səlib yürüşü elan edib. Yeni təyin olunan çiçəyi burnunda icra başçısı ayağının tozu ilə qəzetləri rayondan yığışdırmağa başlayıb. Bundan xüsusi nəsibini görən qəzetlərdən biri də “Xural” qəzetidir. Rayondan telefon edən və bizi məlumatlandıran Oxucunun sözlərinə görə, Məhərrəm Quliyev rayona gələndən “Xural” qəzeti qeybə çəkilib. İcra başçısının göstərişinə əsasən, qəzet satışa çıxarılmadan “itirilir”.

Son günlər bu cür xəbərlər eşitməyə bir növ adət etmişik. Gəncəyə yeni təyin olunan Elmar Vəliyev işə qəzet köşklərini yığışdırmaqdan başladı. Sumqayıta təyin olunan Eldar Əzizov da mətbuata düşmənçilik edərək satış köşklərini ortadan qaldırdı. Bir zamanlar da Tovuzun icra başçısı Tofiq Zeynalov Allaha bəndəlik etmirdi. İndi də Ağstafanın icra başçısından gəlir bu tip xəbərlər. Görünür ki, qəzetlərlə düşmənçilik etmək rayon icra başçılarının qarşısına qoyulan ciddi bir məsələdir. Yoxsa yeni təyin olunan kimi qəzetlərlə düşmənçilik aparmaq bu adamların nəyinə lazımdır?

Əgər bu icra başçıları özbaşına qəzetlərlə düşmənçilik aparırlarsa, o zaman cənab prezident hərəkətə keçməli və bu adam-məmurları cəzalandırmalıdır. Cəzalandırmırsa, o zaman deməli, bu adam-məmurlara bir yerlərdən tapşırıq verilib. Elədirsə, lap pis…

Bütün hallarda biz Ağstafanın İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin bizimlə niyə düşmənçilik etdiyinin səbəblərini araşdırmağa çalışacağıq.

Görəsən, Məhərrəmin dərdi nədir?

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button