Nizami Cəfərovun “Misir müəllim”i

 

Nizami Cəfərov

Nadir İsrafilov

Xüsusi olaraq “Xural” üçün

 təhsil eksperti

 Çünki o, millətimizin gələcəyi və dövlətimizin təməli olan Azərbaycan təhsilini dağıdıb

 Yaxud təqaüd yaşına çatmış nazir haqqında esseyə rəy

Nizami Cəfərov. Yəqin ki, bu adamı ölkəmizdə tanımayan yoxdur, sözün yaxşı və ya pis mənalarında. Son zamanlar mətbuat səhifələrində onun siyasi karyerasında baş verən uğurlar və uğursuzluqlar, eləcə də ayrı-ayrı tanınmışlarla arasında olan atışmalar barədə cürbəcür yazılar dərc olunur. Bu məsələlərlə o qədər də işim yoxdur, çünki bu adamı yaxşı tanımıram. Bircə onu bilirəm ki, Nizami Cəfərov millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Odlar Yurdu Universitetində dekan, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, BDU-nun müəllimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professordur. Sadaladıqca adamın canına yağ kimi yağlanan bu vəzifə və titullarla Nizami Cəfərovun öyünməyə haqqı var (onların sayı, maşallah, o qədərdir ki, adam bilmir, Nizami müəllimin adından əvvəl hansı birini işlətsin). Nə isə, keçək əsas mətləbə…

İki gün öncə internetdə axtarış aparırdım. Birdən Google-da gözüm “Misir müəllim” adlı başlığa sataşdı. Tıklayanda nə görsəm yaxşıdır? Sən demə, bir il öncə – keçən il oktyabrın 2-də “525-ci qəzet”də təhsil nazirimiz Misir Mərdanov barədə böyük bir yazı dərc edilibmiş, müəllifi də hörmətli Nizami Cəfərov. Öz-özümə düşündüm ki, cəmiyyət arasında və mətbuatda adı o qədər də yaxşı hallanmayan bu persona haqqında, görəsən, Nizami müəllimin fikri necədir. Ona görə də həcmi on min işarədən də böyük olan yazını canıma cəfa verib sonacan diqqətlə oxudum. Kaş ki oxumayaydım: Başdan-ayağa ucuz təriflər, bayağı misallar, şit zarafatlar və axırda da tost. Bunlar haqqında bir-bir…

Nizami Cəfərov yazısına belə başlayır: “Misir müəllimdə məni məftun edən, hər şeydən əvvəl, onun təvazökar səmimiliyi (və ünsiyyətcilliyi!) olub. …Ancaq həmin təvazökar səmimiliyin (və ünsiyyətcilliyin) arxasında işgüzarlıq (və qətiyyət!) dayanmasaydı, Misir müəllim həyatda bu qədər böyük mövqe (və nüfuz) qazana bilməzdi. …O, daxilindən gələn zəngin kənd (milli!) kübarlığı ilə hər cür saxta, süni “kübarlıq”dan həmişə yüksəkdə dayanıb”.

Əziz oxucular! Fikirlərdəki şiddətin dərəcəsinə diqqət yetirdinizmi? Yəqin ki, kübar insan – Musir  Mərdanov yuxarıda sadalanan “keyfiyyətlərinə” görə təhsil tariximizdə “ömürlük” qalacaq. Hamımız yaxşı bilirik ki, bu adam haqqında yazılan tənqidi yazıların və kitabların sayı-hesabı yoxdur. Mütəxəssislərin təxmini hesablamalarına görə, onların ümumi həcmi, hər biri 500 səhifə olmaqla, 90 cild kitaba bərabərdir. Görünür, “təvazökar səmimiliyin (və ünsiyyətcilliyin!)” nəticəsidir ki, Mərdanov adını 14 dərsliyə və bir-birindən qalın neçə-neçə kitaba həmmüəllif yazdırıb və əgər bu “çalışmaların” arxasında “ işgüzarlıq (və qətiyyət!) dayanmasaydı, o, həyatda böyük mövqe (və nüfuz) qazana bilməzdi”. Təhsil Nazirliyinin çap etdirdiyi “Azərbaycan müəllimlərinin qurultayları” adlı kitabda Mərdanovun 11 şəkli olduğu halda, akademik Mehdizadə kimi nəhəngin bircə dənə də şəkli yoxdur. “Azərbaycanın təhsil nazirləri” adlı digər kitabda isə Mərdanova 22 səhifə ayrıldığı və onun 38 şəkli olduğu halda, akademik Mehdizadəyə 8 səhifə ayrılıb və onun 12 şəkli var. Görünür, bu “tarixi” düzəltmək də Mərdanovun “işgüzarlığından (və qətiyyətindən!)” irəli gəlir. Yəqin ki, burada onun “daxilindən gələn zəngin kənd (milli!) kübarlığının” da böyük rolu olub.

İkinci abzasdan sonra Mərdanov haqqında şanlı essenin açılımı (razvyazkası) başlayır: “Misir müəllimin hadisələrin necə cərəyan edəcəyini qabaqcadan bilmək, düzgün mövqe tutmaq istedadını mən birinci dəfə özümün dekan seçkimdə gördüm. Gərgin bir vəziyyət əmələ gəlmişdi. Bir neçə ağsaqqal professor seçkidən əvvəl rektor Murtuz Ələsgərovda belə bir rəy yaratmaq istəyibmiş ki, guya fakültədə mənim elə bir nüfuzum yoxdur, iki-üç ildir müəllim işləyirəm, çoxu heç tanımır. Seçki keçirmək üçün fakültəyə gəlib müəllimlərlə görüşəndən on-on beş dəqiqə sonra prorektor Misir Mərdanov Murtuz müəllimə deyib ki, burada məsələ həll olunub, Nizami keçəcək. Onda məni heç əməlli-başlı tanımırdı, ancaq fakültədə kimin hansı nüfuza malik olduğunu yaxşı bilirdi. Bilirdi ki, mənim əleyhimə olan beş “aktiv” ağsaqqalın arxasınca beş nəfər belə getməyəcəyi halda, lehimə olan üç ağsaqqalın arxasınca yüz nəfərdən çoxu gedəcək”.

Aha, deyəsən, xoruzun quyruğu göründü: Sən demə, Misir Mərdanov BDU-da prorektor işləyərkən dekan seçkisi zamanı Nizami müəllimə böyük xeyirxahlıq edibmiş, onun fakültədə hansı nüfuza malik olduğunu rektor Murtuz Ələsgərova çatdırıbmış. Burada bir şey mənə aydın deyil: Bu cür lokal (əslində, primitiv) misallar gətirərək axırda “Misir Mərdanovdan olmaz!”, “Misir Mərdanov yek kişidir!” nəticəsinə gəlməyin anlamı nədən ibarətdir? Bir nəfərə qarşı yaxşılıq edib (əslində, vəzifə borcunu yerinə yetirib!), milyonlarla insana pislik edən adam haqqında bu nəticələrə necə gəlmək olar? Bu gün Misir Mərdanov Azərbaycan təhsilini darmadağın edib, onun bütün mexanizmlərini pozub, neçə-neçə nəslin gələcəyini sual altına salıb. Bəs bunları hara yazaq? Nə isə…

Bu minvalla Nizami müəllim “mövzu” ətrafında xeyli gəzişmələr edir və birdən… keçir qəhrəmanını tənqid edənlərə qarşı hücuma: “Onlar bir işin qulpundan yapışmaq əvəzinə iş görəni “tənqid etmək”dən belə çəkinmirlər. Belələrinin boz üzü hərdən (hərdənmi?) Təhsil Nazirliyinə (və nazirinə) qarşı da yönəlir. Misir müəllim hansı vəzifədə çalışmağından asılı olmayaraq heç vaxt opponentlərini əməkdaşlığa çağırmaqdan, onlarla məsləhətləşib optimal yol tapmaqdan çəkinməyib” (Nizami Cəfərov fikirlərini isbatlamaq üçün hətta Mövlanə Cəlaləddin Rumidən iqtibas gətirməyi də unutmur).

Məntiqin “gücünə” diqqət yetirin: “Onlar bir işin qulpundan yapışmaq əvəzinə, iş görəni “tənqid etmək”dən belə çəkinmirlər”. Əvvəla, nə vaxtdan kimisə tənqid etmək qəbahət sayılıb? İkincisi, həmin tənqidlərdə yalan nə var? Əgər yalan varsa, Nizami Cəfərov onlardan birini ortaya qoysun. Üçüncüsü, əgər onun qəhrəmanı – “Misir müəllim” doğrudan da konstruktivliyə meyllidirsə, onda buyursun, məsələn, ekspertlərin kəskin tənqid etdiyi biabırçı kurikulumların və dərsliklərin müzakirəsini təşkil etsin, biz də deyək, bərəkallah. O, buna heç zaman getməz. Çünki çox yaxşı bilir ki, müzakirə baş tutarsa, bütün paxırlar üzə çıxar. Dördüncüsü, Nizami Cəfərov “iş görən” dedikdə, Misir Mərdanovun hansı “çalışmalarını” nəzərdə tutur? Görəsən, o, bu adamın “nələr yapdığını” bilirmi? Yuxarıda söylədiyim kimi, onun təhsilimiz adına “yapdıqları” artıq qəzet səhifələrinə sığmır, onlar cild-cild kitablara çevrilməyə başlayıb. Tənqidçilərin indiyədək dediklərinin hansı birinin Mərdanova təsiri olub? Nə qədər ki, o, bu postdadır, təhsilimizdə hər hansı irəliləyiş olmayacaq. Nizami Cəfərov Mərdanovun qapılarının həmişə taybatay açıq olmasından, opponentləri ilə əməkdaşlığa hazır olmasından danışır. İnananı daşa dönsün, əksinə, o, bu insanlarla əməkdaşlıq etmək yox, nə yolla olur-olsun onları susdurmaq haqqında düşünür: kimisini işdən qovmaqla, kimisini şantaj etməklə, kimisini məhkəmələrlə qorxutmaqla və s. Sual olunur: Bu adam hansı beynəlxalq və ya yerli təşkilatın, hansı yazarın, hansı ekspertin tənqidlərinə hörmətlə yanaşıb? Yaxud onların hansı birinin üzərinə çamır atmayıb? O, heç zaman ictimai fikri, mütəxəssis rəyini saya salmayıb. İndi Nizami müəllimdən soruşuram: Budurmu Misir Mərdanovun konstruktivliyi? Budurmu onun məsləhətləşməsi? Budurmu məsələlərin həllinin optimal yolunu tapması?

Nizami Cəfərov essesində lokal misallar gətirməklə qəhrəmanının həssas, reaksiyalı, obyektiv, müdrik adam olduğunu sübut etməyə çalışır. Misir Mərdanovun bu keyfiyyətlərindən danışa-danışa gəlib çıxır onun kövrəkliyinə: “O,  nazir təyin olunanda universitetdə bu günə qədər, yəqin ki, heç kimin yadından çıxmayan bir çıxış elədi. Həm özü kövrəldi, həm də universitet əməkdaşları”.

Misir Mərdanov bu gün də kövrək görünür. Amma bu kövrəklik, deyəsən, o kövrəklikdən deyil. Artıq onun rəhbərlik etdiyi qurumda “yarpaq tökümü” başlayıb, onunla çiyin-çiyinə çalışanlardan bir neçəsi işdən çıxarılıb, yaxud həbs olunub. Deyəsən, onun ətrafında dairə daralmağa başlayıb, yəqin ki, bu gün, sabah növbə ona da çatacaq. İndi hamını bir sual düşündürür: Misir Mərdanovu bağışlamaq olarmı? Mənə elə gəlir ki, bu sualın ən dəqiq cavabını riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı verib: “Qətiyyən yox! Çünki o, millətimizin gələcəyi və dövlətimizin təməli olan Azərbaycan təhsilini dağıdıb. Təhsilimizin bütün mexanizmlərini pozmaqla balalarımızın gələcəyini sual altına salıb. Misir Mərdanovun təhsilimizə vurduğu yaraları sağaltmaq üçün hələ çox-çox zaman, resurs və enerji lazım gələcək. Təhsil kimi həssas bir sahəni, xüsusən də onun məzmununu dağıtmaq nə qədər asandırsa, bərpa etmək qat-qat çətindir. Məktəb binası tikmək, təmir etmək, yaxud məktəbi ən müasir avadanlıqlarla təchiz etmək o qədər də çətin iş deyil. Bu, sırf dövlətin iqtisadiyyatı ilə bağlı olan məsələdir. İqtisadi durumumuz yaxşılaşdıqca, bu məsələləri asanlıqla çözə biləcəyik. Amma təhsilin məzmununu qurmaq çox çətin məsələdir, bu, bizə o qədər də asan başa gəlməyəcək. Bir çox hallarda bu məsələdə iqtisadi durum da kömək etmir. Çünki məzmunun qurulması və böyüyən nəslə ötürülməsi həddən artıq ətalətli (inert) proses olub, daha çox cəmiyyətin intellektual səviyyəsi ilə bağlıdır. Misir Mərdanov nazir kimi çalışdığı 13 il yarım ərzində məhz təhsilimizin məzmununu dağıtdı və bununla da millətin genofonduna böyük zərbə vurdu. Hələ bilinmir ki, o, bunun bədəlini necə ödəyəcək…”. (“Azadlıq” qəzeti, 11.09. 2011 tarixli sayı).

Nəhayət, gəlib çatdıq essenin sonuna – tost məqamına: “Misir Mərdanov prorektor, rektor kimi nə qədər yerində (və güclü) idisə, nazir kimi də elədir, hətta daha miqyaslı, daha işgüzar və daha məhsuldardır. Mən çox məmnunam ki, belə bir prorektorum, belə bir rektorum olub, belə bir nazirim (və həmişə ağsaqqallığına ehtiyac duyduğum böyük qardaşım) var”.

Bundan sonra isə bircə qalır “tuş!” demək…

 İ.S. Dünən Nizami Cəfərovun qəhrəmanı Misir müəllimin 65 yaşı tamam oldu, yəni o, təqaüd yaşına çatdı. Sabah isə Müəllimlər Günüdür. Bu münasibətlə onların hamısını təbrik edirəm. Hesab edirəm ki, Misir Mərdanov bu gün könüllü surətdə təqaüdə gedərsə, bu, müəllimlərin sabahkı bayramına böyük hədiyyə olar…

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button