Nizamülmülkün Sultan Məlikşaha cavab məktubu: “Dövlətə şərik olduğumuzu hələ bilmirsənmi?”-TARİX

Nizamülmülk kimdir?

 

Tarixə Nizamülmülk olaraq düşən məşhur dövlət adamının əsl adı Həsən ibn Əli ibn İsaqdır. Nizamülmülk X əsrin ortalarından etibarən İran və Mesopotomiyanı fəth edərək, bu torpaqlara yerləşən və XI əsrin ortalarında gücünün və qüdrətinin zirvəsinə çıxan Səlcuqlu dövlətinin vəziri olan böyük bir dövlət və siyasət adamıdır.

Nizamülmülk 1018-ci ildə Tus şəhərində anadan olub. Gəncliyində yaxşı təhsil alıb. Bəzi rəvayətlərə görə, dövrünün gözə çarpan iki məşhur şəxsiyyəti olan böyük şair, bilgə Ömər Xəyyam və Batini təriqətinin qurucusu Həsən ibn Sabahla birlikdə oxuyub.

Siyasi karyerinə Qəznəlilər dövlətinin Xorasan valisi Əbülfəzl Suirinin yanında başlayan Nizamülmülk, 1040-cı ildə Dandanakan müharibəsinin ardından Səlcuqluların xidmətinə girir. Alparslan dönəmində Bəlx valisinin yanında işləyir. Vali ona vilayət işlərini idarə etməyi tapşırır.

 

İki Səlcuqlu Sultanının vəziri

Alparslanın 1064-cü ildə Səlcuqlu sultanı olması ilə ulduzu parlayan Nizamülmülk, vəzirlik vəzifəsinə qədər yüksəlməyə nail ola bilir. Alparslanın ardıcılı olan Məlikşah dövründə də (1072-1092) vəzirliyə davam edir və beləliklə, iki Səlcuqlu sultanına təxminən 30 ilə yaxın vəzir kimi xidmət göstərir. “Böyük Vəzir”, “Böyük Ustad”, “İki Hökmdarın Tacı” kimi bir çox ləqəbləri var, amma ən çox Nizamülmülk “mülkün, məmləkətin, ölkənin nizamı” ləqəbi ilə tanınır.

1064-1092-ci illər arasında vəzir olan Nizamülmülk, Məlikşahın 1092-ci ilinin oktyabr ayında Bağdada hərəkət etməsinin ardından yola çıxır, ancaq yolçuluq əsnasında ona müxalif olan bir Batini fədaisi tərəfindən öldürülür. Öldürüldüyündə 72 yaşında idi. Ölümündən Batinilər qədər ondan xoşu gəlməyən bir başqa vəzir Tacül-Mülk məsul tutulur. Onun öldürülməsi ilə birlikdə, ilk 3 Səlcuqlu sultanının başlatdığı qələbə və yüksəliş dövrü də tarixə qovuşur.

 

Nizamülmülk – islahatlar dahisi

 

Nizamülmülk, dövləti yenidən təşkil etməklə bərabər, bir çox işlər də görür. Bunların başında çox yaxşı təşkilatlanmış ali təhsil verən və rəsmi akademiyalar statusu daşıyan mədrəsələr gəlir. Nizamülmülk bu mədrəsələrin qurucusudur. Bu mədrəsələrin ən məşhuru Bağdadda 1065-1067-ci illərdə fəaliyyətə başlayan Nizamiyyə Mədrəsəsidir.

İkincisi. Osmanlı imperiyası tərəfindən də qəbul edilən və həyata keçirilən “hərbi iqta” sisteminin əsasları da Nizamülmülk tərəfindən qoyulub. Bu sistem sayəsində daha əvvəllər Türk boylarının qatılımı ilə formalaşdırılan əşirətə əsaslananan ordu sistemi, yerini maaşla fəaliyyət göstərən düzənli orduya və torpaq sahibi olan (tımarlı) əsgərlərə tərk etdi.

Üçüncüsü. Nizamülmülk astronomiya və təqvim islahatı ilə bağlı da fəaliyyət göstərdi və “Cəlali təqvimi” deyilən yepyeni bir təqvim sistemi yaratdı. Onun bu təqvim sistemini müasirimiz olan astronomlar “bizim bu gün istifadə etdiyimizdən daha incə, daha dəqiq” qiymətləndirirlər.

 

Sultanlara öyüd və nəsihət: “Siyasətnamə”

Nizamülmülkün günümüzə qədər gələn ən böyük əsəri heç şübhəsiz ki, “Siyasətnamə” əsəridir. Bu əsər, sadəcə Nizamülmülkün fikirlərini anlamaq üçün deyil, eyni zamanda dövrünün səciyyəvi xüsusiyyətlərini əks etdirməsi baxımından, hələ də tarixçilər və siyasət adamları üçün önəmli bir mənbədir. Nizamülmülk “Siyasətnamə” əsərini Sultan Məlikşahın istəyi və arzusu ilə yazır. Əsər fars dilində olub, 51 bölümdən ibarətdir.

“Siyasətnamə”, sadəcə Sultana öyüd və tövsiyələr verməklə kifayətlənmir, sistemə aid olması lazım olanlar haqqında konkret, praktik və real təkliflər verir. Bundan başqa, “Siyasətnamə” dövrün dövlət və bürokratiyasının quruluşu, xarakteri, idarə edən və idarə edilənlər arasındakı münasibəti və müxalif söyləmləri də əks etdirməkdədir.

Çox sadə və axıcı üslubla qələmə alnan “Siyasətnamə”, mahiyyət etibarilə dövlətin işləyiş mexanizmi, dövlət bürokratiyasındakı nöqsanlar və onların aradan qaldırılması yolları, siyasi təşkilatlar və rütbələrlə birlikdə, idarəetmə və xalq arasındakı əlaqələrlə hakimiyyətə müxalifət edən hərəkatlar haqqında da bəhs edir.

 

“Siyasətnamə” niyə tənqidə məruz qaldı?

 

Nizamülmülk, “Siyasətnamə” əsərinə görə, tənqidlərə məruz qalıb. Məsələn, “Siyasətnamə”nin 30-cu fəsli tamamilə İslama zidd olan şərab məclislərindən bəhs edir. Burada Nizamülmülk, içkidən az qala rəsmi protokol yazıb. Bu hal Səlcuqlu saray mədəniyyətinin qədim Türk ənənələrini hələ də davam etdirdiyinin sübutudur.

 

“Siyasətnamə” nədən bəhs edir?

Topqapı sarayında yer alan və Nizamülmülkün qətlini təsvir edən miniatür

 

“Siyasətnamə”dən bəzi maraqlı məqamları diqqətinizə təqdim edirik:

– Sultan, bütün hallarda orta yolu izləməlidir. Padşahın qeyri-sabit və ölçüsüz hərəkət etməsi, onun xalq nəzdindəki hörmətini və aliliyini zədələyər;

– Sultan elmlə və elm adamları ilə dost olmalı və onlarla oturub-durmalıdır;

– Sultan, məsləhətləşməli və müzakirəyə dəyər verməli, tələsik qərarlar almamalıdır. Çünki Padşah üçün sağlam görüş, güclü bir ordudan daha yaxşıdır;

– Sultan, vergi məmurları və vəzirdən kölələrə qədər hər mərhələdəki məmurlar haqqında araşdırma aparmalı və ciddi nəzarət mexanizmi qurmalıdır. Əgər işinin öhdəsindən gələ bilməyən və xalqa zülüm edən dövlər məmuruna rast gələrsə, dərhal onun işinə son verməlidir;

– Ölkə və dövlət işlərində yaxşı düşünərək və məsləhətləşərək qərar verməlidir;

– Alimlərlə məşvərət etməli və onların tövsiyələrini diqqətə almalıdır;

– Yüksək vəzifələrə qədər ucalan dövlət adamları, bir yanlış etdikləri zaman əvvəlcə xəbərdar olunmalı, əgər təsiri olmazsa, cəzalandırılmalıdır;

– Qadıların alim və zahid olmalarına diqqət olunmalı, zalımlar əsla bu vəzifələrə təyin olunmamalıdır. Bunlara dövlət büdcəsindən gündəlik və ya aylıq maaş verilməli, bu minvalla xalqdan rüşvət almalarının qarşısı alınmalıdır.

 

Nizamülmülk qadınlar haqqında nə deyir?

 

Ancaq Nizamülmülkün qadınlar haqqındakı düşüncələri o qədər də parlaq deyil. Bu, bir yerlərdən tanıdığımız anlayış tərzidir. Nizamülmülk, qadınların siyasətə qatılmasının əleyhinədir. Onun düşüncələrinə görə qadınlar, sadəcə nəslin davam etməsi üçün yaradılmışlar. Bunun kənarına çıxdıqları zaman öz əsl mahiyyətlərindən də çıxırlar. Nizamülmülk yazır:

“Sultanın qadınları, ətraf aləmi görmədikləri və ətraf aləmlə əlaqələri olmadıqları üçün verdikləri qərar və əmrlərdə adətən, yanlış edərlər. Buna görə də fitnə-fəsada səbəb olurlar və Padşahın nüfuzuna kölgə salır, xalqı əzab-əziyyətə düçar edir, bundan da ölkə və din zərər görür, rəiyyətin malı məhv olur və dövlətin irəli gələnləri inciyirlər.”

 

Dövlətə şərik olan Nizamülmülk

Nizamülmülkün Türbəsi, İsfahan, İran

 

Vəzirliyinin son illərində oğlanlarının və nəvələrinin harınlığı səbəbindən Padşah Məlikşahla Nizamülmülkün araları soyuyur. Sultan Məlikşah Nizamülmülkə belə bir məktub yazır: “Sən mənim dövlətimi və məmləkətimi istila edərək övladlarına və kürəkənlərinə peşkəş etmisən. Bunlar mənim adamlarıma hörmət etmirlər, xalqa zülüm edirlər və sən bunları cəzalandırmırsan. İstəyirsənmi, vəzirlik möhürünü əlindən, sarığını başından alım və xalqı sizin zülmünüzdən qurtarım?”

Nizamülmülk isə Sultan Məlikşaha təhdid kimi bu cavabı yazır: “Dövlətə şərik olduğumuzu hələ bilmirsənmi? Bu vəzirlik möhürü və sarığı başındakı tacınla o qədər əlaqəlidir ki, möhürü aldıqdan sonra tac da başında qalmaz, gedər.”

 

Hazırladı:

SelBan

 

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button