Nobelin ayağına gələcəyi və üzr istəyəcəyi şair!

SALAM SARVAN-45

Salam Sarvan kimdir?

Barəsində bu qədər ziddiyyətli, bir-birindən fərqli fikirlər deyilən, bu qədər dartışmalara səbəb olan, cəmisi 150 şeir yazaraq, buna rəğmən 20 ildir ki gündəmdən düşməyən az şair olar yəqin…

Salam Sarvanı «Oxucusu olan sonuncu şair», «Azərbaycan poeziyasında yeni mərhələ yaratmış adam», «Şeirdə Salam məktəbi yaratmış şair», «Oxucuda ruh düşkünlüyü yaradan yazar» və s. adlandırıblar.

Hələ də bilmirlər ki, onu hansı estetikaya aid etsinlər. Salam haqqında bu mənada da ziddiyyətli epitetlər var: «Dekadans şair», «Simvolist şair», «Postmodernist şair», «Şeirlərində simvolist və postmodern elementləri birləşdirən şair», «Kortəbii postmodernizmin təzahürü», «Şeirlərində futuristik və sürrealistik elementlər olan…» və s.

Onun ədəbiyyata gətirdiyi yenilik haqqında da, onun fərqliliyi haqqında da fikirlər ziddiyyətlidir: «Sözlə işləmək məharəti», «Dil baxımından frazeloji vahidlərin maksimum istismarı», «Yeni intonasiya», «Heca vəzninin dar imkaları çərçivəsində gözlənilməz poetik manevrlər ustalığı», «Konkret, dəqiq poeziya», «İronik poeziya», «Simvolist konturlar daxilində Fizulidən Ramiz Rövşənə qədərki düşüncəni dekonstruksiya etməsi», «Özünəqədərki poetikanın üstündən xətt çəkərək yeni poetika təklif etməsi» və s.

lent.az

SALAM SARVAN HAQQINDA ƏN MÜXTƏLİF FİKİRLƏR

 

Əkrəm Əylisli (yazıçı):

O, mənimçün son dövrlərin ən diqqətəlayiq çox maraqlı şair­lərindəndi.

Kamal  Abdulla(yazıçı):

Salam həyatda son dərəcə mərd, abırlı, ləyaqətli bir adam­dır və onda  Azərbaycan ədəbiyyatı üçün çox nadir bir xüsu­siy­­yət var.

O, ədəbiyyatımıza gətirdiyi nəfəslə, düşüncə və ifadə yeniliyi ilə təvazösünu, daxili hüzurunu, təmənnasızlığını gö­zəl uyuşdurur və bu uyuşmanın da əvəzsiz və nadir müəllifi o özüdür.

 

Sabir Rüstəmxanlı (şair):

Salamın şeirlərində keçmişlə gələcəyin, ənənəylə yeniliyin çox maraqlı bir qovşağı, səsləşməsi, əvəzlənməsi var.

 

Seyran Səxavət (yazıçı):

Çəkinmədən Azərbaycan poeziyasının üzünə deyə bilə­rəm ki, Salam Sarvan dünyanın ən böyük şairlərindən biridir.

 

Ramiz Rövşən (şair):

Cavanların içində Oxucusu olan ye­ganə şair Salamdır.

 

Vaqif Bayatlı Odər (şair):

Dörd böyük dünya dilində dünya şeiriylə can-cana dur­muş bir oxucutək deyə bilərəm ki, Salam bugün dünyanın poe­tik boyuna görə ən uca, ağlına görə də ən qoca şairlə­rin­dəndi.

Salam bu cür davam eləsə, Nobelin onun ayağına gələcə­yinə, gec gəldiyi üçün ondan və Azərbaycandan üzr istəyəcə­yinə şübhəm yoxdur.

 

Rafiq Tağı (yazıçı):

Salam Sarvan ədəbiyyata yaşıl burulğan kimi gəldi və elə burul­ğan kimi də bir ömür boyunca getmədə. Açığı, müqəd­dəs­lərdən çox, mənim etiqadım bu cür “havalı” insanlaradır. Məncə, bəşəriy­yət də məhz onlara borcludur.

Daim günəşli Azərbaycanda əlimi qaşımın üstə qoyub, Salam səmtdən gələn şeiriyyəti gözləyirəm.

 

Aqil Abbas (yazıçı):

Mən onun şeirlərində təkcə klassik ədəbi ənənələri deyil, həm də bu günün modern şəhərinin ən səmimi və zəngin çalarlarını görürəm. Elə hesab edirəm ki, Salam Sarvan hara­dasa 100-150 yaşındadır. Çünki onun şeirləri özündən, öz yaşın­dan çox-çox irəli gedib.

 

Əlisəmid Kür (şair):

Salam poeziyamıza təzə qan vermiş böyük şairimiz, bö­yük ürək sahibi olan sonbeşik qardaşımızdı.

 

Rüstəm Behrudi (şair):

Salam Azərbaycan poeziyasının möhürlərindən biridi.

 

Səfər Alışarlı (yazıçı):

Salamın şeirlərinin cazibəsinə düşməmək mümkün deyil. O şeirlər iddiasız və təmənnasızdır. İnsan öz düşüncələri, həyatı, keçmişi və gələcəyi haqda yalnız özü üçün zümzümə edir. Doğrudur, şairlikdə özünü aldatmaq istəyənlər də yetərincədir, amma Salam bu axmaqlıqdan çox uzaq və səmimidir.

Mən səni sevmirəm, sənin qoynuna

səndən  gizlənməyə girmişəm, qadın…

 

Salamın şeirləri o qədər incə poetik detallardan toxunub ki, sözün yaxşı mənasında onların güdazına gəlməmək mümkün deyil. O səni bir şeirilə vura bilmədisə, ikincisi, üçüncüsü ilə mütləq vuracaq.

 

Murad Köhnəqala (şair):

Bizim şairlər arasında, mən deyərdim, ən çox oxunan, ən çox əzbərlənən və ən çox sevilən şair Salamdı.

Bizim ədəbi icmada şəxsiyyətini və yaradıcılığını şax tutan çox az şairlərimizdən biri də Salamdı.

Onun üçün həmişə darıxmışam.

 

Əsəd Cahangir (tənqidçi):

Tanrı iki əsrin və iki minilliyin qovuşuğunda poetik körpü­salan missiyasını onun alnına yazdı. Salam seçilmiş birisi – poetik missionerdir.

O, at gedişi ilə modernizmin üstündən sıçrayıb simvolist şeirdən birbaşa postmodernist düşüncəyə keçən birinci şairdir.

Salam Sarvan Azərbaycan şeirində məktəb yaradan hələ ki, sonuncu şairdir. Onun sözünün orbitində fırlanan onlarla şair adı çəkmək olar, bunların arasında istedadlıları da var, sadəcə təqlidçilər də.

Azərbaycan şeirində Salam qədər sözün daşlaşmış məcazi paltarını çıxarıb onu həqiqi, həyati, real məna qatına qaytar­maq cəhdində bulunan ikinci şair tanımıram.

 

Rüstəm Kamal (tənqidçi):

Salamın şeirləri hadisədir.

Salamın şeirləri sirli, mistik qüvvənin varlığını bizə hiss etdirir. Bu anlaşılmaz qüvvənin təsirindən qurtulmağın bircə yolu var: gərək insanın qərib olmasına inanasan.

O, qoşma-gəraylının «səsini» dəyişib, fəlsəfi məntiqini tamamilə metafizikaya çevirmiş şairdir.

 

Rasim Qaraca (şair):

Salam şeiri metafizik çalarları ilə özünəməxsus məzmuna malikdir.

Salam şeirində gerçəklik başlı başına buraxılıb, şair dünyası idarə olun­mur, buna görə də gözəl metaforaların arxasındakı bir­başa məna, tamamən bu gözəlliklə tərs olan tablolar yarat­maqdadır. Salam şeirində sözlər deyil, şair iradəsi ön sırada­dır, buna görə sözlər çox vaxt energetikadan məhrumdur, şair iradəsi sözləri mənalara tabe etdirib, bu şeirlərin güc mərkəsi mənalar üzərindədir. Salam mənasız heç bir misra da yazmır… Salam dərin mənalar şairi olaraq çağdaş şerimizin ön sıralarındadır.

 

Azər Qaraçənli (yazıçı):

Salam – ayrıca bir yoldur, ayrıca bir məktəbdir. Salam özü bir mərhələdir. Ona görə də indi bizim poeziyamızda yeni mərhələni həm də “Salam Sarvan yolu”ndan çıxmaqla yaratmaq mümkündür.

 

Əvəz Zeynallı (jurnalist):

Salam kimi şairlər çox uzun illərdən bir – təxminən 100 ildən bir gəlir ədəbiyyata.

 

Əli (dostu):

…Həmin adam duruxdu və “bunu yazan dəli olar” dedi.

 

Fəxri Uğurlu (yazıçı):

Bizim nəslin içində yalnız onun ədəbiyyata gəlişi hadisə oldu.

Qəddar fələyin çarxına ilişmiş insanın təkliyini, köməksizliyini, əlacsızlığını Salam qədər dərindən duyan şair artıq kosmik hissiyyatını itirib məişət girdabına düşmüş ədəbiyyatımızda bir də çətin tapıla. Böyük-böyük dəyərləri məişət sularına axıtmaqdan meşədə azmış bəni-insana təzəyi çörək yerinə yedirdən cin kimi zövq alan qələmxorlardan, sözbazlardan fərqli olaraq o, adicə məişət faktını da böyüdüb universal gerçəkliyin mənzərəsinə çevirə bilir. Məsələn, belə:

Sənin tənhalığın nədi ki, guya?!

Kirayə qaldığın evdəki

özgə əşyalar əhatəsində

insan təkliyidi.

Etimad Başkeçid (şair):

Tanıdığım bütün müddət ərzində onu yaman günün dostu olaraq görmüşəm. Salamın yaradıcılığı haqqında çox şeylər yazılmayıb əslində. Onun Azərbaycan ədəbiyyatında oluşdurduğu kon­tekst, özəlliklə də, türk dünyasında ədəbiyyatımızı təmsilçilik potensialı haqqında hələ bundan sonra düşünülməlidir.

Onun şeirlərində ilk baxışdan imkansız görünən, amma ustalıqla bir araya gətirilən anlayışların kontrastı – poetik antiməntiq, intonasiya ilə söz mənalarının adi qavramı arasındakı «uyuşmazlıqlar», yüngül ironiya, situasiyanın qrotesk təsviri – bütün bunlar həm də Salamın yazılarının intellektual toxumasını təşkil edir.

 

Faiq Balabəyli (şair):

Salam heç zaman “mən şairəm!” deyib də hərəkətlərinə, yerişinə-duruşuna, danışığına rəng qatmayıb.

Salamı doğulduğu Cəlilabadda demək olar ki hamı tanıyır, onunla fəxr edirlər. Yadıma onun Cəlilabadın mədəniyyət evində keçirilən görüşü düşür. Çox möhtəşəm bir görüş oldu. Ölkənin tanınmış yazarları, sənət adamları, ziyalıları da qatılan bu görüşdə minə yaxın adam var idi. Zalda ayaq basmağa yer belə yox idi.

 

Azad Yaşar (şair, çevirmən):

«150 cildlik dünya ədəbiyyatı kitabxanası» layihəsində iştirakımızla bağlı Salamla daha yaxından tanış olanda onun yetərincə dərin dünyagörüşünə malik, maraqlı bir həmsöhbət olduğunu gördüm.

Öz şəxsiyyəti ilə o, ən xoş sözlərə layiq olduğunu çoxdan təsdiqləmişdir.

 

Şahbaz Xuduoğlu (naşir):

Yazarlarımızın kitabları 200-300 ədəd satılmayanda, onun kitabı bizim nəşriyyatda 1000 ədəd nəşr olunub. Və bu gün də Salamın kitabına tələbat böyükdür.

 

Xanəmir (şair):

Onun hecası böyük hecamıza yeni bir hava, axış təklif elədi. Zənn edirəm ki, alındı. Bu o qədər risqli, təhlükəliydi ki, bu qorxunc addımları min dəfə dərk eləməkdənsə, bir dəfə özünün yazması daha uyğundur prinsipi də çoxlarının taleyindəki tozları dumana qatmış, aləmini bir-birinə vurub tozağanağını qoparıb səssiz-sədasız keçib getmişdi.

Heca şeirimizin kifayət qədər damarlarında kirəclənmələr, tıxaclıq yaranmışdı. Salamın hecası bu tıxacı, bu kirəci açmaqda əsl məharətini göstərdi.

 

Pərviz (yazıçı):

O, Tanrının Füzulidən, Seyid Əzimdən sonra Azərbaycan ədəbiyyatına bir daha əl uzadıb, verdiyi salamdı.

 

Səlim Babullaoğlu (şair):

Əgər Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına, nəsrinə, Sabir isə poeziyamıza satira və ironiyanı gətirdisə, Salam Azərbaycan şeirinə “absurd” və “ekzistensiya” duyğusunu, “özünəironiya”nı gətirdi.

…Həm də əski metrikanı içərik nöqteyi-nəzərincə yeniləmək baxımından Salam mərhələvi şairdir, parlaq istedaddır, təsdiqini tapmış orijinal poetik yoldur.

Aqşin Yenisey (şair):

Iki cür şair var; şeiri çox sevən şair, bir də şerin çox sevdiyi şair. Şeiri çox sevən şair istəyir ki, ən yaxşı şeiri özü yazsın. Ən yaxşı şeir isə istəyir ki, onu məhz özünün çox sevdiyi şair yazsın. Salam şeiri çox sevən şair deyil, hətta bəlkə, bir az şeirdən xoşu gəlməyən şairdi. O, şeirin çox sevdiyi şairdi.

Salam axtaran şair deyil, tapan şairdi. Və indiyəcən nə tapıbsa, hamısını bizə verib – Azərbaycana!

 

Günel Mövlud (şair):

Qanını üstümə səpib, ətirlənib gəzməyə çıxacam indi. Mənim gözümdə su saatnan olsaydı, durub qapını açardım, görərdim kimdi bu gəlməyən… Amma heyf ki, bu gün vaxtım yoxdu, bu gün ölürəm…

 

Sevinc Pərvanə (şair):

Salam haqqında çox eşitmişəm, çox oxumuşam, şeirləri el məsəlinə, parafraza dönüb dilimizdə. Onun yaradıcılığı haqqında söz demək çətindir. Salam Sarvan hər kimdisə, mənə çox doğma adamdır.

 

Qurban Yaquboğlu (şair):

Salam Sarvanın bir zamanlar tüğyan eləyən şeirləri indi sakitləşib ədəbiyyat ömrü yaşamaqdadı; hətta mən “əbədiyyət ömrü yaşamaqdadı” deyə yaza bilərəm. Hansısa şişirtməyə yol vermədiyimi düşünürəm, ancaq bir az – çox yox – şişirtmək də olar.

Onun şeirlərinəsə daha zamanın heç bir təsiri və dəxli yoxdu.

Kənan Hacı (yazıçı):

Demək olmaz ki, Salam Sarvan ömrünü ədəbiyyata uduzub, amma dərindən düşünəndə görürsən ki, həm də elə belədir. O, nə yazıbsa, “uduza-uduza” yazıb. Necə ki, özü çox gözəl deyib: “Şairlik başa bir qəza kimi gəlir”.

Salama söz demək haqqını gərək qazanasan. Çünki Salam sözü yaradanlardandır, Tanrı ona sözü mum kimi əridib istədiyi şəklə salmaq qüdrəti bəxş edib.

İbrahim Sel (Professional Oxucu Liqası):

Publisistikası mənə rus publisistikası ənənələrini xatırla­dır. O, indi bizdə dəbdə olan kimi, Oxucuya ağıl öyrət­mir, məhz Oxucuyla söhbət edir.

Bizlərə onun kitabı gəlib çatanda 10-15 nəfər oxuyuruq, növbə ilə bir-birimizə ötürürük. Tarantinonun təzə kinosunu necə gözləyiriksə, Salamın yeni kitablarını da elə gözləyirik.

Salam kult yaradan sənətkarlardandır. Onu yamsılayan ona yaxın imza tanıyıram.

 

Günel Xəzəl (şair):

Daim narahatdır elə bil. Müsabələrini oxuyanda da, “Azadlıq” radiosunda şeirlərinə öz dilindən qulaq asanda da, “YouTube”de söhbətlərini izləyəndə də elə bilirəm ki, daim harasa tələsir. Sanki dünyada özü ola bildiyi bir yer var, oradan çıxıb bir az insan olandan sonra təzədən ora qayıdıb şair olmağa tələsir. Bu süst, ləng qaçaraqlığı da əsrarəngizlik verir Salama.

 

Xan Rəsuloğlu (yazıçı):

Salvador Dalinin rəssamlıqda etdiklərini Salam Sarvan şeirdə eləyib.

 

II Qismət (şair):

Salam gözlənilməz metaforaları, bənzətmələri, bəzən avantüristcəsinə bir ifadəni bilə-bilə baş-ayaq etməsiylə, bizi həyəcanlandırmışdı. Sadəlövhlüklə inandığımız, orbitindən çıxa bilmədiyimiz saxta romantizmin önündə Salamın bu ironiyası, qüvvətli şeirləri bizə soyuq duş kimi gəlmişdi.

 

Nərgiz Cabbarlı (tənqidçi):

Salam  şeirləri ilə öz ardınca böyük bir Oxucu kütləsi aparır.

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

 
Salam Sarvan
BIZ – GÜNƏŞİN UCALIQLARDA UNUDUB ATDIĞI QAR TULLANTILARI
***
 
Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.
 
Yıxılıb yol getməkdi
hündürlükdən yıxılmaq…
 
Darıxmağa dəyməz…
dünyada çox maraqlı şeylər var hələ:
məsələn, balaca qız uşaqlarının
kuklalara analıq etmələri kimi.
 
Məsələn, maniken qadının
içindəki ağrıları nümayiş etdirən
yerişi kimi.
 
***
 
Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan.
 
***
 
Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi –
bu yekəlikdə də heç dünya olar?!..
 
hansı daha çox faşistdi, qardaş-
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?
 
Bu boyda da ölkə olar?! –
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…
 
Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərfindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.
 
***
 
Anayçün, arvad-uşaqçün,
lap elə vətənçün yaşayan insan
ömrün son illərini cənnətçün yaşar –
anasız, arvad-uşaqsız, vətənsiz bir yerçün.
 
Həə, deməli məlumdu məsələ…
 
Məsələn, işıq sönmüş otaqda
bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan –
stola, divara, televizora…
 
Həə, deməli yaşamaq da belədi –
bir «kibrit» axtarışında
arvad-uşağa, vətənə, dosta və sairəyə
toxunmaqdı yaşamaq.
 
***
 
Məsələn, bir stəkan suyun
ömrü yoxdur əslində.
Donmaq və ərimək
hərəkətində yaşayır su.
 
Məsələn, qazılan quyulardan
çıxarılmış torpaq zibildir artıq.
 
Təxminən sən də yaşamırsan.
Yalnız saçlarının və dişlərinin
yavaş-yavaş tökülməsidi həyat əlamətləri.
 
***
 
Bütün hərflərin əlifba sırasıyla
düzülüşü də bir sözdü…
Və yeganə sözdü ki, mənası
nəfəs dərməklə tələffüzdü.
 
Hündürlük yıxılmış evlər səviyyəsindən,
səs sürəti iniltidən hesablanırsa,
deməli, bütün ölçülər dəqiqdi, düzdü.
 
Mənaların hamısı uydurmadı –
isti qadın nəfəsindən son nəfəsəcən
hamısı adicə tənəffüsdü.
 
***
 
Çoxdandı burda qar yağmır –
təzəcə palto almış
kasıb evlərin xanımları
evdəki soyuqdan deyinir,
çöldəki istidən.
 
Çoxdandı burda qar yağmır –
qar örtüyü olmayan torpağı
vətən deyib uşaqlara sevdirmək çətindi.
***
… Bir də yalın ayaqlar altında
çilik-çilik olmuş
ümid qırıntıları.
 
Bir də biz –
günəşin ucalıqlarda
unudub atdığı qar tullantıları.
***
Sənin yazdığın söz nədi ki, guya?!
samit kişilərin, sait qadınların
bir qəpikliyidi.
 
Sənin bərkliyin nədi ki, guya?!
şaxtadan quruyub qac olmuş
yaş paltar bərkliyidi.
 
Sənin tənhalığın nədi ki, guya?!
kirayə qaldığın evdəki
özgə əşyalar əhatəsində
insan təkliyidi.
***
Daha nələr?..
Kötük postamentlər
üzərində həmişəyaşıl abidələr.
 
Daha haralar?..
Asfalt yolların üstündə
yolundan çıxmış çalalar.
 
Daha kimlər?..
Pəncərəsi kamera divarından
təqvim kimi asılmış məhkumlar.

 

Kişi
 
Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə –
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.
 
Sevgi
 
Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.
 
Vəziyyət
 
Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA!
 
Yaşayış
 
Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.
 
Körpü
 
Bu gün bildim ki,
ən etibarlı körpü suyun öz səthidi –
heç vaxt uçulmayacaq, sökülməyəcək.
 
İntihar qərarına gəlmiş bu qadın
 
İntihar qərarına gəlib
döşlərini qucaqlamış bu qadın
qolları qoynunda
düyün düşmüş kimi görünər.
 
Son dəfə qışqırar:
– silləni sığaldan gözəl çəkə bilirsizsə
qadınçün fərqi yoxdu.
 
İntihar qərarına gəlib
eyvanda dayanmış bu qadın
özünü atmaq istəyər
göydə sürətlə axıb keçən bir ulduzun altına.
 
Xətlər
 
Falçının qarşısında açılmış
bu qoca əllərin içi hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»
 
Xəritə
 
Orta məktəb şagirdi
baxıb düşünürdü
insan skeletinin şəklinə:
– dünyanın kontur xəritəsi budurmu?
 
Tale
 
Xəyalında tikdiyi evi
yenə uçdu bu yazığın –
içindəki torpaq sürüşməsindən.
 
Bir səhər
 
Ya tez, ya gec olacaq bu,
ya sabah, ya biri gün:
Bütün həmvətənlərimizin bir səhər
salamlaşmaq əvəzinə
bir-birindən üzr istəyəcəkləri gün…
***
Bir boş oturacaq olmayan qatarda
ayaq üstə qalmış Sərnişin xanım…
Dünyada nə qədər yerim vardısa
durdum hamısından, əyləşin, Xanım.
***
Darıxıram…
Başımda Sənin firkin –
gərdiş eləməkdən bir cığır açmışam
parket döşəmə üstündə…
Hərdən o «cığırda» qardaşım uşağı
velosiped də sürür.
***
Əvvəl «azadlıq» qışqırıb
səsini qaldırdın.
Sonra imperiyaya
yumruğunu qaldırdın.
Sonra bayraq qaldırdın.
Sonra saray divarlarına
daş qaldırdın, taxta qaldırdın
Sonra kimlərisə seçib TAXTa qaldırdın.
 
Sonra baxıb gördün ki,
bütün qaldırdıqlarından aşağıda qalan
yenə sənsən.
***
Ad günü…
Şir bürcü, At ili, İt günü.
***
Kənddə doğulub böyüdüyün eviniz
uçulub-sökülmüş indi.
O evdən hamı və hər şey dağılışıb getmiş.
Ancaq uşaq vaxtı dişləyib atdığın qəndin
başına yığışan qarışqalar hələ də ordadı.
***
Baxıb düşünürsən:
döşəmə boyu fikirli-fikirli
gərdiş eləyən bu kişinin
və tavan boyu ora-bura qaçan bu milçəyin
nə dərdi var görəsən?
 
Bax elə bu anda Allahın bu iki canlısının
nə fərqi var görəsən?..
***
Bir də bu milçəkqıran…
Adamlar o qədər aciz ki,
bir milçəyi öldürməkçin də silaha əl atırlar.
***
Düzdü, deyirsən də…
İş uçmaqda deyil ki
qəfəsdəki quş göy üzünə baxa bilirsə
deməli azaddı.
Sözdü deyirsən də…
***
Vaxt gələcək…
bir zamanlar kiməsə barmaq silkələdiyin,
gedənlərin arxasınca yellədiyin
əllərin qocalıb əsməyə başlayacaq –
 
bir zamanlar işarələrlə dil-dil ötən əllərin
indi topuq çalacaq.
Əldən pəltəklik daha dəhşətli.
 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button